Müsahibə

Səlahəddin Özgündüz: “Vəhabilər Azərbaycanda gücləndikdən sonra dövləti yıxmağa çalışacaqlar”

“Türkiyə və İran Dağlıq Qarabağ məsələsində Azərbaycana qardaş, dost kimi kömək olmadılar.” Bunu SalamNews-a müsahibəsində tanınmış ictimai, din xadimi, Türkiyənin Cəfəri İcmasının rəhbəri Səlahəddin Özgündüz bildirib.

– Siz dekabrda Bakıda keçirilən “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda iştirak etmisiniz. Forumda hamı Azərbaycanı dünyaya tolerantlıq nümunəsi kimi göstərmişdi. Sizin Azərbaycanda dövlət-vətəndaş-din münasibətləri haqqında fikirləriniz necədir?

– Azərbaycandakı soydaşlarımızın duyğuları mənim duyğularımdır. Sizin ideallarınız tamamilə bizim ideallarımızdır. Lakin fikirlərimiz metodoloji və strateji baxımdan fərqlidir.

Birincisi, Azərbaycan şiə ölkəsidir. Hər halda mən belə bilirəm. Lakin mənə məlumat verilir ki, son zamanlar bu baxımdan vəziyyət dəyişir. Əgər dəyişiklik olubsa, onda özünüzü bir də diqqətdən keçirməlisiniz. Hər şeyə “mən nə etdim?” və ya “mən nə edə bilərdim, etmədim?” deyib baxmaq lazımdır. Azərbaycan vətəndaşı öz məmləkətində özünü yadlaşdırırsa, əcnəbiləşdirirsə, başqası gəlib sənin yerində, yurdunda yerli kimi davranırsa, onda məmləkət həmin adamın məmləkətinə çevrilər və o şəxs səndən çox tərəfdar tapar. Deməli, sən haradasa səhv etmisən və özünü yenidən diqqətdən keçirməlisən.

İkincisi, Azərbaycan ərazilərinin 20%-i erməni işğalı altındadır, 1 milyon məcburi qaçqın, köçkün, yüzlərlə dərd var. Onların hamısı bizim üçün mühümdür. Amma bu dərdlərimizə dərman tapmaq üçün nədən başlamalıyıq? Bunların arasında ən böyük dərdimiz hansıdır? O sıralamada kimsə desə ki, Vətənin işğalına son qoymaqdan daha mühüm şey var, o zaman öz həmvətənləri üçün yad olar. Əsas məsələ Qarabağ məsələsi olmalıdır. Milli məsələlərdən uzaqlaşsan marginallaşar, qrupçu, öz Vətənində qərib, məzlum olarsan.

Mən Azərbaycanda xüsusən iki şeyə önəm verirəm. Birincisi, işğal olunan torpaqlarımızı düşməndən azad etməliyik. Yoxsa, dünyada nə qədər azərbaycanlı varsa, hamısı başıaşağı olacaq. “Ermənilərin arxasında ruslar, amerikalılar var” kimi bəhanələrdən artıq vaz keçmək lazımdır. Sənin arxanda Allah var. Ondan böyük güc yoxdur.

İkincisi, Azərbaycanın dini demoqrafik tərkibinin qorunmasıdır. Yəni kim necə varsa, elə də qalsın. Şiəsi şiə, sünnisi sünni qalsın. Buranın 2/3-i şiədirsə, elə qalsın. Bu da mənim Qarabağ qədər önəm verdiyim şeydir. Yox, əgər Azərbaycan şiə-azəri məmləkəti olmaqdan çıxsa, o zaman bura artıq mənim məmləkətim olmayacaq.

– Bu demoqrafik tərkib qorunmasa, nə baş verəcək?

– Azərbaycana sünnilik adı ilə əslində yalnız vəhabilik idxal olunur. O zaman Azərbaycan dönüb olacaq Səudiyyə Ərəbistanı və ya onun bir şöbəsi. Burda çoxluq vəhabi olandan sonra başlayacaqlar şiələri qovmağa.

– Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkədə vəhabilərin sayı kifayət qədər artıb. Amma Azərbaycan müstəqillik əldə etdiyi zaman burada vəhabilik olmayıb. Sizcə, bu nə ilə əlaqədardır?

– Özlərini sələfi adlandıran vəhabilər təzə məskən saldıqları ölkələrdə özlərini əvvəlcə quzu kimi aparır, dövləti tərifləyir və bundan istifadə edərək çoxalırlar. Elə ki, gücləndiklərini hiss etdilər, dönürlər canavara. Onlar Azərbaycanda hələ yeni yuva qurmağa başlayıblar. Ona görə də hələ dövləti tumarlayırlar, amma bir müddət sonra onu yıxacaqlar. Biz artıq başqa yerlərdə bu təcrübəni yaşamışıq. Azərbaycanda da tumarlaya-tumarlaya sonda dövləti yıxmağa çalışacaqlar.

– Məgər Azərbaycanda vəziyyət o dərəcəyə çata bilər?

– Əlbəttə, onların bir strategiyaları var – Azərbaycana gələndə rəsmi şəxslərin yanında ümummilli lider Heydər Əliyevə dua edirlər, ölkədən çıxan kimi deyirlər ki, onlar kafirdirlər və başlayırlar dövlət əleyhinə işlər görməyə. Bu dövlət Azərbaycan vətəndaşlarının dövlətidir. Vətəndaş dövlətlə bərabər ölkəyə əcnəbi zehniyyətini soxmağa çalışanlara qarşı birgə mübarizə aparsa, daha yaxşı olar. Hələ də gecikməyibsiniz. Qoymayın əcnəbilər gəlib, sizi aldadıb dövlətinizi yıxsınlar.

– Əcnəbi deyərkən konkret kimi nəzərdə tutursunuz?

– Əlbəttə ki, vəhabiləri.

– Suriyadakı hadisələrlə bağlı fikriniz necədir?

– Oradakı hadisələrin arxasında Səudiyyə Ərəbistanı durur. Suriyada ortalığı qarışdıran səudilərdir. Onlardan vaxtilə ingilislər türkləri bölüb parçalamaq üçün istifadə ediblər və hələ də bu üsuldan müsəlmanlara qarşı istifadə edirlər. Baxın, Cəbəllütariqdən, Atlantik okeanından başlayaraq, Qafqaza, buradan da Pakistan və Əfqanıstana qədər axan qanların hamısı onların əməlləri üzündəndir. Hətta Myanmarda axan qanlar da onların günahı üzündəndir. Əgər Əfqanıstanda 5 minillik Budda heykəli, onların Tanrısı topa tutulursa, onlar gedib məzlum müsəlmanları qıracaqlar. Bu vaxta kimi buddistlər nə zaman müsəlmanları qırmışdı? Hər şey vəhabilərin günahı üzündən oldu. Onlar bunu tovhid adı ilə edirlər. Bu ərazilər Hz.Ömər, Hz.Osman, Əmirəlmuminin Hz.Əli (ə) vaxtında fəth olunmuşdu. Bəs niyə o zaman onlar Budda heykəllərinə toxunmadılar, dağıtmadılar? Məgər onlar tovhidi bilmirdilər, yalnız siz bilirsiniz? Onların inancı belədir. Allah bizə bizimlə savaşmayanlarla savaşmaq haqqı verməyib. Vəhabilər isə kafirlər bir yana qalsın, müsəlmanlarla da savaşırlar. Onların fikrincə, əgər sən “Ya Əli” desən, kafir olursan. Məsələn, sən Məşhəddə İmam Rzanı (ə), Kərbəlada İmam Hüseyni (ə) ziyarət etdinsə, deməli, müşriksən, ora da bütxanadır. Samirədə imamların məqbərəsini niyə dağıtdılar? Dünyanın minillik ən böyük qızıl qübbəsi, indi ölkənin rəmzinə çevrilmiş yeri dağıtdılar. Çünki oraya bütxana gözü ilə baxırdılar. Bunlar belə bir məntiq yaradıblar: Şimali Afrikada, Tunisdə, Əlcəzairdə, Liviyada, Misirdə şiə çoxluğu yoxdur. Orada da təsəvvüfi mərasimləri olan digər müsəlmanların ibadət etdikləri yerləri bombalayıb dağıdırlar. Yəni vəhabilər təkcə şiələrə qarşı deyil. Hazırda onların qətliam törətdikləri yerlərin çoxu sünnilərin yaşadığı ölkələrdir. Yəni vəhabilər “mənim kimi düşünməyənlər kafirdir və hər kəsin də qətli vacibdir” deyə düşünürlər.

– Son zamanlar Türkiyədə Kərbəla hadisələrinə, Aşuraya daha ciddi diqqət yetirildiyi, onun əsl mahiyyətinin daha dərindən anlaşılmağa başlanıldığı müşahidə edilir. Bu nə ilə bağlıdır?

– Türk milləti əsasən Əhli-beyti sevən millətdir. Biz Türkiyədə məzhəbi ayrı-seçkiliyin yayılmasına imkan vermədik. Əhli-beyt sevgisini Türkiyənin ümumi sevgisi halına gətirdik. Əhməd Yəsəvinin tələbələri, Alp Ərənlər, Hacı Bektaşlar Osmanlı dövründən də əvvəl o müqəddəs yerlərə gedib könülləri fəth ediblər. Türk milləti Əhməd Yəsəvi, Hacı Bektaş, Mövlana, Hacı Bayramvəli, Yunus Əmrə tərbiyəsi görüb və heydəri xarakterlidir. Özlərini Müaviyəyə bənzətmək istəməzlər. Bu gün bütün Türkiyədə cəmi bir dənə Müaviyə adı var və bircə dənə olsun Yezid adı yoxdur. Amma hər ailədə Əli, Həsən, Hüseyn adı var. Türk adamı öz xarakterini haşimi, heydəri xarakteri ilə uzlaşdırır, əməvi xarakteri ilə uzlaşdırmır. Onların genlərində Əhli-Beyt sevən əcdadlarının qanı var. Sadəcə, bu sevginin üstünü bir az toz basmışdı, biz o tozu sildik. Türkiyənin Prezidenti Abdullah Gülün dediyi kimi, türk millətinin unutmuş olduğu Əhli-Beyt sevgisini əməllərimizlə, proqramlarımızla, təsirlərimizlə yenidən qazandırdıq, tozunu apardıq, yenidən xatırlatmış olduq. Allaha çox şükür ki, biz bunu edə bildik. Biz heç bir zaman qoymadıq ki, Əhli-Beyt bir tayfanın olsun. Biz israrla dedik ki, Aşura təkcə bizim deyil. Hz.Hüseyn bir qövmün, bir məhəllin, bir bölgənin, hətta bir məzhəbin, bir az da irəli getsək, bir dinin çərçivəsinə sığacaq insan deyil.

– Bu gün dünya müsəlmanlarının əsas ümumi problemi nədir? Müsəlmanlar ilk növbədə nəyə diqqət edib özlərində düzəltməlidirlər?

– Hər kəs Quranı özünə görə şərh edərsə, o zaman 1,5 milyard müsəlmanın bir o qədər dini olar. Peyğəmbərimiz(s) vəfat edəndə bizə iki şeyi vəsiyyət etdi: Quranı və Əhli-Beyti. Əgər bu ikisinə eyni zamanda bağlansaq, nicat taparıq. Birini buraxıb digərindən yapışsaq, Quranı buraxıb Əhli-Beytə bağlansaq nicat tapa bilmərik. Çünki ilahiləşdirmiş olarıq. Əhli-Beytsiz də Quranı anlamağa çalışsaq, onda da terrorist olarıq. Məsələn, vəhabilər kimi.
İkincisi, yenicə istəyirdik ki, rəğbət qazanaq, ABŞ bölgəyə girib aramıza fitnə saldı. İndi də vəhabilərdən istifadə edərək şiə-sünni savaşı yaratmağa çalışır. Bizim önəmli vəzifəmiz birliyimiz olmalıdır. Bu, hər şeydən önəmlidir.
Biz bir Peyğəmbərin ümmətiyik, bir Quranın tabeliyində olanlarıq, qardaşıq. Hamımızın dərdi hər birimizin dərdi olmalıdır. Əslində heç kim bizdən güclü deyil. Biz bölündüyümüz üçün kiçilmişik. Bizi bölüblər. Onlar özlərinə görə doğru olanı edirlər. Bizi parçalayırlar ki, güclü olmayaq. Çünki İslam artıq Avropanı fəth etməkdədir. Bəs bizim işimiz nə olmalıdır? O, deyir ki, filankəs kafirdir, vur onu öldür, biz axmaq olub, onun sözünə qulaq asmamalıyıq. Yəni atılan fitnə toxumunu cücərməyə qoymamalıyıq.

– Dağlıq Qarabağ problemi ilə bağlı fikriniz nədir? Sizcə Azərbaycan bu problemin öhdəsindən necə gələ bilər? Bu məsələdə qardaş və dost ölkə olan Türkiyə və İranın rolu necə olmalıdır?

– Doğrusunu bilmək istəsəniz, fikrimcə, Dağlıq Qarabağ məsələsində Azərbaycanın qardaşları və dostları – Türkiyə, İran və digər müsəlman ölkələri Azərbaycana qardaş, dost kimi kömək olmadılar. Ümumiyyətlə, Türkiyə və İran Azərbaycana bu məsələdə sahib çıxsalar, İslam Əməkdaşlıq Təşkilatı da sahib çıxar. Çünki bunlar lider ölkələrdir. 55 ölkə eyni anda lazım olan təzyiqi edərsə, erməni Qarabağdan çıxmazmı? Əslində, işlər bu qədər sadədir. Qardaşlar doğru qardaşlıq etmədilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button