ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiyanın müdafiə nazirinin müavini saxlanılıb

Timur İvanov rüşvət almaqda ittiham edilir

Rusiyanın İstintaq Komitəsi aprelin 23-ü axşam saatlarında müdafiə nazirinin müavini Timur İvanovun saxlanıldığı haqda məlumat yayıb.
Timur İvanova qarşı xüsusilə külli miqdarda (Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi), yəni azı bir milyon rubl rüşvət alma maddəsi irəli sürülüb. Amma İstintaq Komitəsi işin təfərrüatlarını açıqlamayıb.
Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko hələlik müvafiq istintaq hərəkətləri aparıldığını bildirib.
Moskvanın Basmannıy məhkəməsi Timur İvanov haqqında 2 ay müddətində, yəni 23 iyuna qədər həbs qərarı çıxarıb.
Timur İvanovun dəqiq nə vaxt saxlanıldığı məlum deyil, dünən günün ikinci yarısı o, Sergey Şoyqunun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin iclasında iştirak edib, – bu barədə RBC yazıb.
“İnterfaks” hüquq-mühafizə orqanlarına istinadən yazır ki, istintaq məhkəməyə İvanovun həbsi barədə vəsatət verəcək.
“112” “Telegram” kanalı iddia edir ki, Timur İvanovun Dağıstandakı villasında əməliyyat-istintaq tədbirləri aparılır.
Kremlin rəsmisi Dmitri Peskov prezidentin həbs haqda məlumatlandırıldığını bildirib.
“Müdafiə naziri Sergey Şoyqu da əvvəlcədən məlumatlandırılıb”, – deyə o əlavə edib.
Timur İvanov 2016-cı ildən müdafiə nazirinin müavinidir. O, müavin kimi nazirlik obyektlərinin və hərbi ipotekaların tikintisinə, yenidən qurulmasına və əsaslı təmirinə nəzarət edir, həmçinin Rusiya Silahlı Qüvvələrinin mənzil və tibbi təminatına, əmlakın idarə edilməsinə və qoşun hissələrinə cavabdeh idi.
2019-cu ildə T.İvanov “Forbes” jurnalının tərtib etdiyi ən zəngin təhlükəsizlik işçiləri reytinqinə daxil edilib. 2018-ci ilin nəticələrinə əsasən, nəşr onun ailəsinin gəlirini 136,7 milyon rubl, İvanovun öz gəlirini isə 13,6 milyon rubl qiymətləndirib.
2022-ci ilin dekabrında müxalif siyasətçi Aleksey Navalnının komandası Timur İvanovun ailəsi ilə bağlı araşdırma dərc edib. Araşdırmada bildirilirdi ki, İvanovla xanımı Svetlana tətilə, villa və yaxtaların kirayəsi, zinət əşyaları, həmçinin paltarlar üçün 1 milyon avro xərcləyib. Xüsusən də Fransaya səfərləri Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra davam edib.
2022-ci ilin yayında Svetlana Manioviç Timur İvanovdan rəsmən boşanıb. 2023-cü ilin iyulunda yayımlanan FBK-nın başqa bir araşdırması, İvanovun iddia edilən yeni həyat yoldaşı, Rusiya Müdafiə Nazirliyinin rəhbərinin keçmiş müşaviri Mariya Kitayevanın da Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropaya getdiyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button