ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

16 saylı yataqxananın sakini: “Heyvanı da bura bağlasan, qalmaz”

“Hökumət çarəsizliyimizi görüb bizi ölümə məhkum eləməsin”

“Jurnalistlər gəlir, çəkir, gedir icra hakimiyyətindən soruşur, maraqlanır ki, bu yüzdən çox ailənin taleyi necə olacaq? İcra hakimiyyətindən onlara deyirlər, sabah köçürəcəyik, birigün köçürəcəyik. Ancaq biz gedib soruşanda deyirlər, hələ bir ürəkaçan  xəbər yoxdur, gözləyin. O gün də getmişik, deyirlər, 2027-ci ildən tez  köçürülmə gözlənilmir”.
Asya Nurəliyeva Sumqayıtdakı 42-ci məhəllədə yerləşən 16 saylı yataqxananın sakinlərindən biridir. O, Meydan TV-yə yataqxanadakı 130 ailənin çətin həyatından danışır.
İşıqlı dəhlizlər 10 ildir zülmətə bürünüb
Yataqxana sakini deyir ki, 31 ildir bu yataqxanada yaşayır. O, ailəsiylə buraya köçəndə otaqları, dəhlizləri, tualetləri, hamamları təmiz, səliqəli və işıqlı imiş. Yüzdən çox ailə burada xoşbəxt yaşayıb. Ancaq illər ötdükcə binanın istismar müddəti də ömrünü başa vurub. İşıqlı dəhlizlər zülmətə bürünüb, səliqəli, təmiz hamamdan, tualetdən əsər-əlamət qalmayıb. Çirkab sular binanın zirzəmisini zəbt edib. Şikayətçi danışır:
“Bina əməlli-başlı çökür. Kanalizasiya sıradan çıxıb, hamam, tualet işləmir. Mətbəx çöküb. Hər yer nəmişlik olduğuna görə işıqları qoşanda xətlərdə qısaqapanma baş verir, partlayış olur. On ildən çoxdur ki, bu səbəbdən dəhlizlərimiz zülmət içindədir. Otaqların divarları nəmişlikdən kif bağlayıb. Havasızlıqdan otaqda oturmaq mümkün deyil”.
Asya xanımın sözlərinə görə, 3 ilə yaxındır ki, binada qaz da yoxdur. Bina qəzalı olduğuna görə qaz verilişi dayandırılıb. Ancaq Asya xanım binanın bu vəziyyətə düşməsində həm də dövlət qurumlarını günahlandırır:
“O vaxt zəlzələ nəticəsində binada çatlar əmələ gəlmişdi. Aidiyyəti qurumlar vaxtında tədbir görmədi, o çatlar da böyüdü, genişləndi. İndi gündüzlər hiss olunmasa da, səhərəcən divarların, tavanların arasından qum axıntısının səsini dinləyirik, qorxuruq ki, yatarıq, batarıq. Qorxudan xəstəlik tapmışam”.
“Köç 2027-ci ilə planlaşdırılıb”
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bütün yataqxanaların köçürülməsi ilə əlaqəli tədbirlər planı hazırlanır. Qurumdan deyilənə görə, sakinlərin köçü mərhələli şəkildə həyata keçiriləcək. Ancaq bu, nə vaxt olacaq, qurumdan deyilənə görə, Nazirlər Kabinetinin verəcəyi müvafiq qərardan sonra məlum olacaq.
“Qəzalı vəziyyətdə olanlardan başlayaraq bütün yataqxanalardan sakinlər mərhələli şəkildə köçürüləcəklər. Müddətlə bağlı dəqiq söz demək hələ tezdir, çünki köçürülmə işlərinə plan hazır olduqdan sonra başlanılacaq”.
Asya xanımın deməsinə görə, təqribən üç həftə əvvəl yenə jurnalistlər gəlib, çəkiliş ediblər. Aidiyyəti qurumlardan jurnalistlərə bildirilib ki, yaxın vaxtlarda sakinləri köçürəcəklər. Sakinlər də bunu eşidib, seviniblər. Ancaq bir neçə gün əvvəl onlara icra hakimiyyətindən bildirilib ki, qəzalı binadan köçürülmə ən tezi 2027-ci ilə planlaşdırılıb. Sakinlər bu xəbərdən necə deyərlər, elə bina kimi çöküblər. Asya xanım deyir, yaxın 3 ildə də bu binada yaşayacağını heç cür təsəvvür edə bilmir:
“Vallah, pis çıxmasın, bura heyvanı da bağlasan, qalmaz. Getməyə yerimiz olmadığına görə məcburuq ki, burada qalaq. Ancaq gərək hökumət də çarəsizliyimizi görüb bizi ölümə məhkum eləməsin. İnanın ki, bir gecə bu bina çox pis dağılacaq, mən bunu hər gecə divarların arasından süzülüb axan qumun səsindən hiss edirəm”.
“Daha nəyi gözləyirlər?”
Bina sakini Elşən Həsənov da binadakı vəziyyətin təhlükəli olmasından danışır:
“Bina ikitərəfli çökür. Sanuzellər yaman gündədir. Acınacaqlı vəziyyətdəyik. Binanın kanalizasiya sistemi yoxdur. Zirzəmi çirkab sularla doludur. O sular binanın özülünü yuyub aparır. İlyarım əvvəl FHN nümayəndələri gəldi, baxış keçirildi, rəy verildi ki, bina qəzalıdır. Rəy verməklə iş bitmir axı. Daha nəyi gözləyirlər? Burada 110 evdə 130 ailə yaşayır. O ailələrin hər birində körpə var, qoca var, xəstə var, əlil var… Allah axırımızı yaxşı eləsin”.
Elşən Əsədov ölkə başçısından 130 ailənin taleyinə diqqət ayırmasını istəyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button