ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Afiəddin Məmmədov: “Həbsdə olmağımızın səbəbi kuryerlərin hüquqlarını müdafiə etməkdir”

İctimai fəal ifadəsində cinayət törətmədiyini, əksinə ona qarşı təxribat edildiyini deyib

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov deyir ki, heç bir cinayət törətmədiyi halda, 7 aydır həbsdədir. O bildirir ki, əslində, cinayət ona qarşı törədilib, istər məhkəmədə, istərsə də istintaq təcridxanasında hüquqları pozulur.
İctimai fəal aprelin 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Onun işinə bu məhkəmədə Səbuhi Hüseynovun sədrliyilə, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyası baxır.
Afiəddin Məmmədov ifadəsində bildirib ki, onun da, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri Ayxan İsrafilov və Elvin Mustafayevin də bu gün həbsdə olmalarının səbəbi kuryerlərin hüquqlarını müdafiə etmələri, onların haqqının pozulmasına biganə qalmamalarıdır.
Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri bir qrup moped sürən kuryerlə birlikdə polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib. Etiraz aksiyası başa çatandan az sonra Afiəddin Məmmədov yaşadığı evin yaxınlığında həbs edilib, ona 30 sutka inzibati həbs cəzası verilib. Daha sonra avqustun 4-də Elvin Mustafayev, bir həftə sonra isə Ayxan İsrafilov narkotik ittihamıyla həbs olunub.
Afiəddin Məmmədovun 30 sutkalıq cəzası başa çatandan sonra o, avqustun sonunda azadlığa buraxılsa da, sentyabrın 20-də yenidən həbs olunub. Bu dəfə o, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yolda gedərkən mübahisə etdiyi Səfər Hüseynov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.
Afiəddin Məmmədov məhkəmədə ifadəsində bildirib ki, o, Səfər Hüseynov adlı şəxsi tanımayıb. Onun sözlərinə görə, hadisə də ittihamda yazıldığı kimi, Məhəmməd Hadi küçəsində yox, yaşadığı evin blokundan çıxanda baş verib:
“Saat təxminən 5-ə 20 dəqiqə işləmiş evdən çıxdım. Toya gedəcəkdim. Blokdan çıxanda bir kişi mənə tərəf gəldi, yanında da qadın vardı. Yaxamdan yapışdı. Əlində bıçaq vardı. Əlindən bıçağı almağa çalışdım. Əvvəl başa düşmədim ki, nə istəyir, sonra anladım ki, təxribatdır, mənə qarşı da Samir Aşurovun başına gətirdikləri planı qurublar. Üzümdən yumruqla vurdu, burnum zədələndi, qan gəldi. Yerə yıxıldım, kürəyimdən də zədələndim. Ekspertizadan da keçmişəm. Bir də baxdım ki, bu, özü özünü vurur. Təxminən 3 dəqiqə sonra polislər gəldi”.
Afiəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən bədənə ağır xəsarət yetirmə-xuliqanlıq niyyətilə törədildikdə) və 221.3 (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə) maddələrilə ittiham irəli sürülüb.
İctimai fəal Afiəddin Məmmədov bundan əvvəl də polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. O, avqustun sonunda 30 sutkalıq həbsdən buraxılandan sonra bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button