ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Vəkil: “İstintaq orqanı Ələsgər Məmmədlinin səhhəti ilə bağlı şifahi öhdəlik götürdü…”

Aqil Layıc deyir ki, hüquqşünas müalicə müəssisəsinə köçürülməsə, yenidən vəsatət veriləcək

Xətai Rayon Məhkəməsində “Toplum TV”-nin həmtəsisçisi, hüquqşünas Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətlə bağlı iclas keçirilib.
Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi  vəsatəti geri götürüb.
Vəkil Aqil Layıc Meydan TV-yə bildirib ki, vəsatəti geri götürmələrinə səbəb istintaq orqanının Ələsgər Məmmədlinin səhhəti ilə bağlı götürdüyü öhdəlik olub.
“Bizim vəsatətimiz Ələsgər Məmmədlinin səhhətində yaranmış ağır xəstəliklə bağlı idi. Onun ev dustaqlığına buraxılması və müalicə olunması vacibdir. İstintaq tərəf şifahi öhdəlik götürdü ki, Ələsgər Məmmədlinin ya müalicə müəssisəsinə, ya da ölkədəki digər xəstəxanalara köçürülməsi ilə bağlı addım atılacaq. O üzdən vəsatəti geri götürdük. 5 gün vaxt var, əgər problem həll olunmasa yenidən vəsatət verəcəyik. Çünki Ələsgər Məmmədlinin səhhətindəki problem olduqca ciddidir”.
Ələsgər Məmmədli “Toplum TV” işi ilə bağlı saxlanılan şəxslərdəndir.
O, 2016-cı ildən “Toplum TV” kanalının təsisçisidir.
“Toplum TV” işi ilə bağlı həbslər…
Martın 6-da “Toplum” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı III Respublika Platformasının ofisindən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button