Aktual

Rüfət Səfərov: “Məhkəmə qərarı olmadan insanları cinayətkar, casus kimi təqdim edirlər”

Rüfət bəy, ölkədə insan hüquqları sahəsində son durumu necə qiymətləndirərdiniz?
Bilirsiniz, bir dövlətin və cəmiyyətin həyatında hüququn dəyəri mövcud deyilsə, insan haqlarından danışmaq əlbəttə ki, narahatçılıq bəxş eləyir. Bu gün ölkəmizdə bərabərlik, ədalət, azadlıq, ləyaqət kimi anlayışlar təhlükə altındadır. Ədaləti harada axtarmalıyıq? Məhkəmələrdə. Məhkəmələrin durumu hansı vəziyyətdədir? Deməyə ehtiyac yoxdur. Bərabərlik hansı şəkildədir? Etiraf eləmək lazımdır ki, Azərbaycan insanı qanunların və normaların qarşısında öz əqidəsinə, siyasi pozisiyasına, dünya görünüşünə, sosial mənşəyinə baxaraq, bundan asılı olaraq mövqe tuturlar. Təəssüf ki, hər bir şəxs bu gün qanunların qarşısında eyni səviyyədə mövqe tuta bilmir. Azadlıqlar isə əsas etibarı ilə elə hakimiyyət qollarının qarşısında pozulur. Baxmayaraq ki, konstitusiyada deyilir ki, insan hüquq və azadlıqlarının gözlənilməsi və qorunması məhkəmələrdə icraedici hakimiyyətdə baş tutmalıdır. Amma biz bu gün əksini görürük. Xüsusilə bir məsələni qeyd edim ki, bu gün Azərbaycan xalqı suveren deyil. Yəni insanlar öz müqəddaratını sərbəst surətdə təyin edə bilmir. Söhbət ondan gedir ki, referendum, seçkilər vasitəsilə insanlar özləri üçün hakimiyyət qollarını müəyyən etməkdə çətinlik çəkirlər. Dövlətin idarə edilməsində, eləcə də siyasi idarəçilikdə insanların iştirakçılıq səviyyəsi bu gün çox pis vəziyyətdədir.
Siyasi məhbusların azadlığı uğrunda ittifaqın aprel ayında açıqladığı siyahıya görə, ölkədə 182 nəfər siyası motivlə həbs olunan şəxs var. Bu hesabat reallığı nə dərəcədə əks etdirir?
Bütün dövlərdə, 1993-cü ildən bəri götürsək siyasi məhbuslar olub. Vicdan məhbusları olub. Niyə də olmasın? Sualı ritorik qoyuram. Bir halda ki, konstitusiya və konvensiya ilə təminat altına alınan hüquqlar bu gün təhlükə altındadır. Söz və fikir, mətbuat və məlumat azadlığı, vicdan azadlığı, birləşmək, yığıncaqlar azadlığı bu gün demək olar ki, hörmətsiz bir durumdadır. Belə bir şəkildə əlbəttə ki, siyasi motivli həbslər olub. Çox təəssüf ki, artan xətt üzrə davam edir. Sonuncu hesabata biz baxdıq və 180-dən artıq siyasi məhbus var. Bu da son dövrlər ərzində dindarların, inanclı şəxslərin təqibi zəminində baş verib. Hər halda hesab edirəm ki, Azərbacanda onlarla siyasi məhbus var.
Yerlı mətbuatın məlumatlarına görə, son aylarda Azərbaycanda xeyli sayda dindar həbs olunub. Bu şəxslərə əsasən narkotiklə bağlı ittiham verilir. Sizın təşkilat bu işləri monitorinq edirmi, dindarlara verilən narkotik ittihamlara əsaslı sübutlarla təsbit olunurmu?
“Müdafiə Xətti” insan haqları təşkilatı Azərbaycanda az saylı hüquq-müdafiə təşkilatlarındandır ki, inanclı şəxslərin təqibini hər gün diqqətdə saxlayır. Mən əvvəlki çıxışlarımda dəfələrlə söyləmişəm. İran İslam Respublikası terroru dəstəkləyən bir dvlət olaraq daim Azərbaycanda casus şəbəkəsi yaratmağa meyilli olub. Bunun üçün müəyyən bir vakuum da olub. Mən istisna eləmirəm ki, güc strukturlarının həyata keçirdiyi əməliyyatların nəticəsi olaraq dövlətə xəyanət edən şəxslər var. Amma bu gün heç bir ictimai təhlükəli əməli olmayan inanclı şəxslər də həbs edilir və bu dəfə casusluqda, dövlətə xəyanətdə yox, növbətçi ittiham üzrə yəni narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Sübutlar ortada yoxdur. Təxmini hesablamalarımıza görə, bu gün Azərbaycanda 400-dən artıq inanclı şəxs həbs edilib. Təkcə Müsəlman Birliyi Hərəkatından 50-yə yaxın şəxs son dövrlərdə təqib altındadır. Eyni zamanda çəkilişlər aparıb, saxlayırlar. İşgəncələr də, pis rəftarlar da olur. Dəfələrlə bunu cəmiyyətə təqdim eləmişik. Çox təəssüf ki, bu gün Azərbaycan cəmiyyəti sanki rəsmi hüquq sistemindən bir az da irəli gedib baş verən ağır repressiv tədbirlərə haqq qazandırır. Ortada qanuni qüvvəyə minmiş məhkəmə qərarları olmadan insanları bəri başdan cinayətkar, casus, dövlətə xəyanət edən şəxs kimi təqdim eləmək təqsirsizlik prezumpsiyası deyilən çox ciddi hüquqi instituta hörmətsizlik əlaməti kimi qiymətləndirilməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button