AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Böyük Qeybət dövründə həzrət Məhdidən (ə.f) faydalanmaq

Həzrət Məhdi (ə.f) buyurur: “Buludlar günəşin qarşısını alanda insanlar günəşdən necə faydalanırlarsa, qeybət dövrümdə də məndən elə faydalanacaqlar“.
 
Mərhəmətli və bağışlayan Allahın adıyla.
Allahın ən gözəl salam və salavatı bəşəriyyətin ən üstünü həzrəti Məhəmmədə (s) və ailəsinə olsun.
“Ey Peyğəmbər, müsəlmanlarа söylə! Mən sizdən peyğəmbərlik (ümmətin hidayəti üçün çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey (əcir, mükafat) istəmirəm”.  (Şura surəsi, 23-cü ayə)
  Əbu Səid Xidri tərəfindən belə nəql olunur. Allah Rəsulu (s) buyurub: “Ulduzlar asiman əhlinin əmin-amanlıq qarantı olduğu kimi, mənim Əhli-Beytim (ə) də yer əhlinin əmin-amanlıq qarantıdır“.
Peyğəmbərdən (s) soruşdular: “Səndən sonra gələn imamlar (xəlifələr, ardıcıllar) sənin əhli-beytindəndirlər? Həzrət cavab verdi: Bəli, onların sayı 12-dir. Onların 9-u Hüseynin nəslindəndir. Hamısı əmin və məsumdurlar“. (Müntəxəbul-Əsər kitabı, 6-cı və 7-ci bölüm).
Nəql olunan hədislərə əsasən imamların adları açıq şəkildə qeyd olunub ki, birincisi Əli ibni əbi Talib (ə), sonuncusu Qaim (ə.f.) ləqəbilədir.
  Hədis və rəvayətlərdə adı Qaim olan imam kimdir?
   “On İki İmam“ əqidəsinə görə, həzrət Məhəmməddən (s) sonra yer üzərində mütləq ilahi məsum İmam olmalıdır. Dünyanın sonuna – Qiyamət Gününə qədər məsum bir ilahi Höccətin varlığı şərtdir. Bu, beş üsuliddindən (məzhəbi) biridir. (Bəzi məzhəblər İmamət və Allahın ədalətini üsuliddindən hesab etmirlər).
Allah Rəsulunun (s) canişinlərinin adları və sayları ardıcıllıqla qeyd olunan mütəvatir hədisər təəssüf olsun ki, əhli-sünnə məzhəbləri tərəfindən birmənalı qəbul edilmirlər. Lakin bəzi (sünni) alimlər Quranın dünyanın sonuna qədər qalmasına inandıqları üçün Əhli-beytdən də Quranın kənarında bir kəsin olmasını şərt bilirlər. Bütün İslam mənbələrində təvatür həddində qeyd edilən Səqəleyn hədisində əziz İslam Peyğəmbəri (s) buyurur: „“Sizin aranızda iki qiymətli əmanət qoyuram. Quran və mənim Əhli-Beytim. Onlar Qiyamət Gününə qədər bir-birindən ayrılmayacaqlar“.
Əhli-sünnə alimi Səmhudi bu haqda yazır: “Yer üzərində hər zaman Qiyamət Gününə qədər Əhli-Beytdən olan bir şəxin mövcudluğu zəruridir. Rəhbərlik etmək, ona təvəsül və təməssük (ondan tutmaq) etmək üçün bir şəxsin səlahiyyəti olması lazımdır. Əgər bir gün onlar (Quran və Əhli-Beyt) aradan getsələr yer-əhli də aradan gedəcək“.
Digər sünni alimi İbni Həcər deyir: “Peyğəmbər (s) Əhli-Beytindən
rəhbərliyə layiq olan bir şəxsiyyətin mövcudluğu mütləqdir“. İbn Həcərin və Səmhudinin istinadları hər cəhətdən eyni faktlarla dəlalət edirlər.
Hər zaman olduğu kimi, dövrümüzdə də həzrət Məhəmmədin (s) soyundan ilahi rəhbərə ehtiyac olduğu etibarlı mənbələrdə təsdiq edilib. Zamanımızın ilahi rəhbəri, məsum imamı kimdir? Sonuncu Peyğəmbərin (s) şəhadətindən sonra ardıcıllıqla 11 məsum imamın yaşaması məlumdur. 12-ci məsum imam, sonuncu ilahi rəhbər, adı Peyğəmbərin (s) adı olan, ümmətin xilaskarı kimi tanınan həzrət Məhdi (ə.f) hicri-qəməri təqviminin 255-ci ilində Şaban ayının 15-də Iraqın Samira şəhərində, sübh çağında, Həsən Əsğəri kimi məşhur olan on birinci imam Həsən ibn Əlinin (ə) evində dünyaya göz açmışdır. On birinci İmam 28 il yaşamış və başqa övladı olmamışdır.
 Sonuncu İmamın (ə.f) adı və ləqəbi əziz Peyğəmbərimizin (s) adı və ləqəbi ilə eyni olsa da, məsum imamlar Həzrəti (ə.f) qeyb dövründə adı ilə yad etməkdən çəkindirmiş, Əl-Höccət olaraq (yaxud əsil adından başqa bütün ləqəbləri ilə) səsləməyi tapşırmışlar. Buna baxmayaraq, tarixi mənbələrdə üç yüzdən çox ləqəb Həzrətə (ə.f) nisbət verilib. Bunların ən məşhurları aşağıdakılardır; Məhdi, Mənsur, Sahibul-Əmr, Sahibuz-Zaman, Saleh, Höccətullah, Moud və sair. Ən çox istifadə edilən ləqəbi imam Məhdidir (ə.f).
Həzrət (ə.f) beş yaşına qədər atası 11-ci məsum imam həzrət Həsən bin Əlinin (ə) yanında xüsusi şəraitdə yaşayıb. Hicri-qəməri təqvim ilinin 260-cı ilində (Rəbiul-Əvvəl ayında) atası (Abbasi xilafəti tərəfindən) şəhid edildikdən sonra Həzrətin (ə.f) Kiçik Qeybət dövrü başlayıb. İmamət ocağına məhrəm olan sədaqətli möminlər (şiələr) beş yaşlı imamı sonuncu dəfə atasının cənazə namazını qılanda ziyarət etmişlər. Bu, Həzrətin (ə.f) sonuncu ümumi görüşü olmuşdur. Təqribən altmış doqquz (69) il – 329-cu (h.q) ilə qədər davam edən kiçik qeybət (Ğeybəti Suğra) dövründə dörd xüsusi naib (nümayəndə) vasitəsilə möminlərlə (şiələrlə) əlaqə saxlamışdır. Kiçik qeybət dövrünün sonuncu nümayəndəsi Əli ibn Məhəmməd Səmuri ömrü başa çatmamış Zəmanə İmamından (ə.f) aldığı son göstərişlərə əsasən, öhdəsində olan vəzifəni layiqincə yerinə yetirərək, Kiçik Qeybət dövrünün başa çatdığını seçilmiş şiələrə bildirmişdir. Beləliklə 329-cu (h.q) ilindən etibarən bu günümüzə qədər Böyük Qeybət (Ğeybəti Kubra) dövrü davam etməkdədir. Böyük Qeybət dövrünün sonu Allahdan başqa heç kəsə bəlli deyil. Bu dövr yalnız Allahın iradəsilə sonlanacaq. Lakin zühur öncəsi bəzi əlamətlərin və hadisələrin baş verəcəyi qeyd edilib.
Böyük Qeybət dövründə Həzrətdən (ə.f) faydalanmaq mümkündürmü?
Qeyb pərdələri arxasında olan sonuncu məsum İmamın (ə.f) hansı faydaları, təsir və bərəkəti ola bilər? Bu mövzunun müzakirəsi zamanı etibarlı və dəqiq mənbələrə müraciət edilməlidir. Ancaq o zaman qarşı tərəfin şübhələri və iradları həllini tapmış olar. Əlbəttə, çox geniş və əhatəli bir mövzunu kiçik məqalədə tam izah etmək mümkün olmasa da, bəzi məqamlara xüsusi diqqət yönəltməklə, mövzuya işıq salmağa çalışacağıq.
Məsum İmamın hüzurunda necə faydalanmağımızı, yaxud qeybət dövründə nələrdən məhrum olduğumuzu bilmək zəruri məsələdir. Aydın məsələdir ki, ilahi rəhbərin varlığı ictimayyət üçün bir faydadır. Qeybət dövründə insanlar və dünya üçün hansı faydalar mövcuddur?
Təəssüflər olsun ki, sonuncu Höccət (ə.f) haqqında təhqiqat və araşdırılma ya aparılmır, ya da çox az aparılır. Bu da, Həzrətin (ə.f) tanınmasında ciddi qüsurlara yol açır. Səhlənkarlıq və tənbəllik sonuncu ilahi Nurdan (ə.f) faydalanmağımızı məhdudlaşdırır.
Həzrətdən (ə.f) qeybət dövründə ondan necə faydalanılacaqla bağlı soruşulduqda, belə cavab verir: “Buludlar günəşin qarşısını alanda insanlar günəşdən necə faydalanırlarsa, qeybət dövrümdə də insanlar məndən elə faydalanacaqlar“. (Kəmalud-din və tamamun-nemət, səhifə 485).
Həzrətin (ə.f) uzunömürlülüyü də şübhə yaradacaq məqamlardan biridir.
Cabir ibni Abdullah Nisa surəsi, 59-cu ayəsində qeyd edilən “Əmr sahibləri“ haqqında əziz İslam Peyğəmbərindən (s) soruşur. Həzrət (s) buyurur: “Onlar mənim davamçılarım (xəlifələrim) və məndən sonra müsəlmanların imamlarıdır. Onların birincisi Əli ibni Əbi-Talibdir (ə). Sonra ardıcıllıqla Həsən ibni Əli (ə), Hüseyn ibni Əli (ə), Əli ibni Hüseyn (ə), Məhəmməd ibni Əlidir (ə). O, Tövratda “Baqir” adıyla tanınır və sən (Cabirə müraciət olunur) qocalan çağında onu (İmam Baqiri) görəcəksən. Hər vaxt onu görsən mənim salamımı ona söylə! İmam Məhəmməd ibni Əlidən (ə) sonra Peyğəmbər (s) davam edir: Cəfər ibni Məhəmməd (ə), Musa ibni Cəfər (ə), Əli ibn Musa (ə), Məhəmməd ibni Əli (ə), Əli ibni Məhəmməd (ə), Həsən ibni Əlidən (ə) sonra adı və künyəsi mənim adımdan və künyəmdən olan Məhdidir. O, (sonuncu övlad), insaların gözünə görünməyəcək və onun qeybət dövrü o qədər davam edəcək ki, ancaq dərin və möhkəm iman sahibləri ona olan əqidələrində qalacaqlar“. (Yənabiul-məvəddəh)
Bu hədis İmam Məhdinin (ə.f) həyatda mövcudluğunu sübuta yetirən, dostların və müxaliflərin şübhə və suallarına dolğun bir cavabdır. İslam dininin prinsiplərinə əsasən, “hər gözə görünməyən onun yoxluğuna dəlalət etmir” qaydası bu yerdə həqiqətin sübutudur.
Yerin və göyün yaradılışdan sonra sabit halda qalmasının əsas səbəblərindən biri yer üzündə ilahi bir höccətin olmasıdır. Allah hər şeyi hikmət əsasında yaradıb. İlahi hikməti anlamaq üçün möhkəm və sabit imana ehtiyac var. İmam Sadiq (ə) möminlərin əmiri həzrət Əlidən (ə.) belə nəql edir: “Bilin (agah olun)! Yer üzü heç bir vaxt İlahi höccətsiz qalmayacaq. Lakin Allah-Təala bəndələrinin haqsızlıqlarına və israflarına görə batini gözrərini (görüb, dərk etmə qabiliyyətini) İmamı tanımamaq üçün kor etmişdir. Əgər yer üzü bir saat İlahi höccətsiz qalsa, yer öz əhlini özündə qərq edər“. (Əl-ğeybət, Nomaniy: 141).
Bu hədislərdən iki nəticə hasil olur:
  1. İlahi höccətin varlığının zəruriliyi; Məsum İmama (harda və necə yaşamasından asılı olmayaraq), mütləq ehtiyac var.
  2. İlahi höccətin faydalı olması; Məsum İmam həm insanların arasında yaşayanda, həm qeybdə olanda dünya ondan eyni formada faydalanır. Bu faydalanma iki hissədən ibarətdir: a) Ümumi faydalanma; İmam Məhdinin (ə.f) varlığı yer üzündə yaşayış üçün səbəbdir. Bütün aləmlər canlı və cansız Allahın höccətlərini dərk edib tanıyanlar. Canlıların çəkdiyi hər bir nəfəs İlahi höccətin varlığının təsir və bərəkətlidir. İmam Sadiq (ə) buyurur: “Ey Davud, əgər biz olmasaydıq nə çaylar axardı, nə meyvələr yetişərdi, nə də ki, agaclar yaşıllaşardı“. (Əl-xərayic, Səid ibn Hebətullah Ravəndi).
İmamın “biz” kəlməsi şübhəsiz ki, on dörd məsumların hamısına aiddir.  Çünki onların hamısı vahid bir nurdur.  İmamın vücudundan ümümi faydalanma, təsir və bərəkətlərindən biri də yaradılışa ruzi verilməsidir.
Ədiyləh duasında on bir imam yad olunduqdan sonra həzrət Məhdi (ə.f) haqqında olan “onun bərəkətilə yaradılışın ruzisi təmin olunur” cümləsindən açıq və aydın şəkildə qeybdən yaradılışa çatan faydanın şahidi oluruq. (Məfatihul-cinan, Ədiyləh duası) Allah göylərdən yağmur edirməsə təbiət ağır itkilərlə qarşılaşa bilər. Yağmurun sayəsində təbiət, nəbatət, heyvanat və ınsanlıq canlıdır. Yağmurun da yağmasına səbəb İmamın varlığıdır. Allah məhz sonuncu Höccətin (ə.f) vasitəsilə bütün dünya yaşamını təşrii hidayətə yönəldəcək.
Həzrət (ə.f) aləmin ruhudur ki, cismin yaşaması ona bağlıdır. Ruh bədəndən çıxarsa, bədən cəsəd olar. Ruh insan bədənini əhatə etdiyi zamana qədər İnsan ayaqdadır. Ruh bədəndə ikən cisim qidalanır. Bədənin ən kiçik damarı ruh vasitəsilə qidalanır. Bütün bu yaradılış aləminə Allah tərəfindən ruzi verilir. Buna səbəb isə maddi aləmin ruhunun olmasına xatirdir. Nəticə etibarilə, həyatın varlığının həzrət Məhdiyə (ə.f) xatir olduğuna inanırıq. b) Xüsusi faydalanma; Bu fayda Həzrətin (ə.f) ilahi rəhbərliyinə, sonuncu məsum höccət olmasına etiqad edənlərə aiddir. İmam Məhdi (ə.f) tam ədalət imamıdır. Məsələnin gövhəri isə möminlərin sədaqəti və imanda olan vəfalarıdır. Təbii ki, İlahi Höccətin (ə.f) diqqət və mərhəmətinin bu qismindən olan insanlara xüsusi və özəl olmasını ədalət özü tələb edir. İslam dininin məntiqinə əsasən inanclı, qeyri-inanclıyla bərabər ola bilməz. Bir ömür İmamı (ə.f) görmək üçün gecə-gündüz özünü islah edən, həyatın xoşbəxtliyini və axirət səadətini Zamanın İmamıyla (ə.f) görən şəxs şübhəsiz sahibi tərəfindən özəl lütflərə yiyələnəcək. Nümunə olaraq, müsbət təsirli və bərəkətli faydardan bir neçəsini qeyd etməklə mövzunu yekunlaşdıraq;
1.Ümid verici;
Yaşadığımız dövrdə baş alıb gedən zülmün qarşısını yalnız İmam (ə.f) alacaq.
2.Bəlaların aradan qaldırılması;
Şübhəsiz həzrətin duaları sayəsində İslam dini, Əhli-Beyt (ə) Məktəbi yaşayır.
3.Möminlərin hidayəti;
Cümə günü imam Məhdiyə (ə.f) həsr olunmuş bir gündür. Cümə günündə Həzrətin (ə.f) xüsusi bir ziyarətnaməsi vardır. O həzrətə verilən salamların birində biz bu cümləni oxuyuruq: “Salam olsun sənə, ey Allahın nuru ki, o nurla (nurun vasitəsilə) hidayət axtarışında olanlar hidayət olunur“.
  1. Möminlərin çətinliklərinin həlli;
Möminlərin çətinlikləri Həzrətin lütfü ilə həll olunur. Yenə o Həzrətin (ə.f) ziyarətnaməsinə müraciət edirik: “Onun vasitəsilə möminlərin çətinlikləri aradan qaldırılır, fərəc hasil olur“. (Məfatihul Cinan)
 İslam Peyğəmbəri (s) buyurur: “Sizə qarşı hər kim yaxşılıq etsə, siz ona mükafat verin. İmkanınız olmasa, onun üçün dua edin ki, yaxşılıq edən şəxs onun etdiyi yaxşılığa qarşı sizdən əvəz gördüyünə arxayın olsun“.
Bu mövzuda Quranda oxuyuruq: “Yaxşılığın cavabı ancaq yaxşılıq deyildirmi? “ (Ər-rəhman surəsi, 60-cı ayə)
İmam Zamanın (ə.f) vasitəsilə bizə çatan hər bir xeyir və bərəkət həddindən artıq olunan ikramdır, ehsandır və yaxşılıq. Bütün bəşəriyyət birləşib İlahi Höccəti (ə.f) layinqincə mükafatlandırmaq istəsə belə, güc və qüdrəti yetməz. İlahi qüdrətin, rəhmətin, ehsan və səxavətin qarşısında bütün bəşəriyyət acizdir. Bu baxımdan qeyd olunan rəvayətin ikinci məzmununa əsasən Zəhra Yusifini (ə.f) dua etmək bizim vəzifəmizdir. O Həzrətin (ə.f) haqqında edilən duaların bərəkəti də dua edənə qayıdır. Hər vaxt hər hansı istək üçün dua etsək, ilk növbədə uca Allaha İmam Məhdi (ə.f) haqda dua edib, sonra öz istəklərimizi diləyək. Bütün İlahi nemətlər üçün Uca Allaha şükür etmək hər bir qulun borcudur. Qul uca Rəbbini səslədiyi zaman öz İmamını yad edirsə bu özü bir növ Allaha olan şükürdür. Şükürün əsas şərtlərindən biri isə ilahi nemətlərlə düzgün davranmaqdır. Əgər davranış düzgün olsa, şükür yerinə yetirilmiş olur.
   Allahı and veririk izzət və cəlalına, Peyğəmbər (s) və Onun pak ailəsinin haqqına, Zəmanəmizin İmamını (ə.f) bütün bəlalardan qorusun!
  O Həzrətin (ə.f) şərəfli zühurunu tezləşdirsin!
  İmam Məhdinin (ə.f) gəlişilə qaranllqlara qərq olmuş dünyamızı işıqlandırsın!
  Bizi o Həzrətin (ə.f) gəlişi üçün xeyir əməl sahiblərindən qərar versin!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button