Şəxsiyyətlər

AXUND MİR BAĞIR AĞA AĞAZADƏ (Başımızı ucaldan axundlar) + Foto

İslam dininin, Peyğəmbər(s)-in, Əhli-Beyt(ə)-inin hədis və vəsiyyətlərinin qoruyucularından olan Seyyid Məhəmməd Ağa (1908), Axund Mir Əşrəf Ağa (1924), Salyanda ilk dini mədrəsə açmış Mir Heydər Ağa (1917), Şeyx Əbdül Səməd Ağa (1910), Şeyx Rüstəm və başqaları Salyanın dini alimlərindəndir. Onlardan biri iyirmi iki ildən artıq Xorasan və Nəcəfül-Əşrəf dini mərkəzlərində ilahiyat dərsi almış Axund Mir Bağır Ağa Ağazadədir.
İslam dininin, onun fəlsəfəsini, və əsas mahiyyətini dərindən mənimsəyib xalqa çatdırmağa can atan, öz dövrünün məhşur ilahiyyat, fiqh, fəlsəfə və riyaziyyat elmləri üzrə alimi, İranda, İraqda və xüsusilə Zaqafqaziyada öz elmi ilə tanınmış Axund Mir Bağır Ağa Hacı Zeynalabdin oğlu Ağazadə 1873-cü ildə Salyan şəhərinin bazar məhəlləsində, indiki “Köhnə Bərəüstü” deyilən yerdə kasıb bir dindar ailəsində dünyaya göz açmışdır.
Atası Hacı Zeynalabdin ərəb və fars dillərini bilən, dövrünün sıravi ruhanisi idi. İlk təhsilini atasının kiçik hücrəsində alan Axund Mir Bağır Ağa təhsilini Ağa Mir Heydərin Salyanda açdığı ilk dini mədrəsədə davam etdirmişdir. Onun dinə olan məhəbbətini görən atası və müdərrisləri –Nəcəfül-Əşrəfdə dərs almış Ağa Seyid Məhəmmədin və Mir Əşrəf Ağanın məsləhəti ilə 1887-ci ildə İran ölkəsinin Xorasan vilayətinə elmi hövziyyəyə oxumağa göndərilmişdir. Həmin vaxtlarda Ağa ona dərs verən müctəhidlərdən Seyyid Kazım Təbatəbainin və Ayətullah Şərəbyaninin məsləhəti ilə bir qrup azərbaycanlı tələbə ilə birlikdə İraqın Nəcəfül-Əşrəf şəhərinə getmişdir. Onunla təhsilini davam etdirməyə gedənlər arasında Salyandan Şeyx Əbdül Səməd ağa, Şeyx İbrahim Səlyani, Axund Mirzə Xəlilullah (Salyanın Xıdırlı kəndindən), Axund Əbdüləziz, Sabirabaddan Məşədi Möhsin, Bakıdan Axund Hacı Məhəmməd Əmin, lerikdən Axund Rəhim və başqaları var idi.
Mir Bağır Ağa Ağazadə Nəcəfül-Əşrəfdə təhsilini başa vurduqdan sonra Mədineyi-Münəvvərədə imtahan verərək, “Qərini-İctihad” ali ruhani adı ilə 1909-cu ildə Salyana qayıtmışdır. Xorasanda təhsil alarkən o, 1894-cü ildə şirvanlı Seyyidə Mir Səfiyə ilə evlənmiş, ondan oğlu Mir Məhəmməd və üç qızı Mir Fatimə, Mir Məsmə və Mir Səkinə dünyaya gəlmişdir.
Represiya illərinin hökmü tətbiq olunanda – 1930-cu ildə ilk qurbanlardan biri də Axund Mir Bağır Ağa Ağazadə oldu. 1932-cü ildə dövrün bolşevik lideri İ.V.Stalinə etiraz məktubu yazdıqdan bir il sonra -1933-cü ilin axırlarında onu həbsdən azad etdilər. Ağa Salyana gələndə, əvvəlki ryhanilərdən əsər-əlamət qalmamışdı. Məscid minbərlərində dövləti idarə edənlərin sifariş və göstərişləri ilə idarə olunan “ruhanilər” peyda olmuşdu. Onlarla qarşı-qarşıya durduğu üçün minbərdən uzaqlaşdırılmasına, təqiblərə, nəzarətə baxmayaraq, Mir Bağır Ağa vaxtaşırı minbərə qalxır, öz moizələri ilə xalqı dinə, imana, təqvaya, tohidə və dünya malına həris olmamağa çağırırdı.Ağa belə moizələrinə görə təqib olunub Salyan məscidlərindən kənar olunduqdan sonra rayonun Sarvan, Qızılağac, Şorsulu və başqa kəndlərində sıravi ruhani kimi gizli fəaliyyət göstərməyə başlamışdı. Lakin bununla da razılaşmayan dövlət yenidən onu 1937-ci ildə rayonun bir neçə imanlı və təqvalı ruhaniləri ilə birlikdə həbs etmişlər və o, Qazaxıstanın Karaqanda vilayətinin həbs düşərgəsinə göndərilmişdir.
Mir Bağır ağa burada da öz fəaliyyətini davam etdirmiş, İslam dininin mərasim, adət və ənənələrini orada olan müsəlmanlar arasında təbliğ edirdi. İş o yerə gəlib çatmışdı ki, düşərgənin rəisi, rütbəcə polkovnik Lüdvik İvan və altı nəfər nəzarətçi İslam dinini qəbul etmişdilər.
Axund Mir Bağır Ağa 1941-ci ildə həbs düşərgəsində 68 yaşında dünyasını dəyişmişdir.

Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

getImage (1)

getImage (2)getImage (3)getImage

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button