Arxiv

Təcavüzkar ermənilərə “rüşvət” qarşılığında işğaldan qurtulma? – Analiz

Artıq ikinci dəfədir ki, Türkiyənin nüfuzlu KİV-ləri Azərbaycanın işğal altındakı bir neçə rayonunun boşaldılması ilə bağlı Brüssel, Vaşinqton, Moskva, Bakı və İrəvanla qismən razılaşdırıldığı deyilən sensasiyalı informasiya verir. Az öncə Türkiyənin nüfuzlu “Today’s Zaman” qəzeti Ermənistanın 5 rayonu qaytaracağı barədə xəbər yaymışdı. Lakin həmin informasiya xeyli hay-küy doğursa da, əksər ekspertlər tərəfindən ciddi qəbul olunmadı.
İndi isə eyni mövzunu daha konkret və əhatəli şəkildə başqa bir tanınmış Türkiyə nəşri – “Sabah” gündəmə gətirib. Qəzetin iddiasına görə, “Əhməd Davudoğlunun ABŞ-a səfərinin, habelə Ərdoğanın Putin və Obama ilə müzakirələrinin nəticəsi olaraq rəsmi Ankara Güney Qafqazda sülhün bərqərar edilməsinə yönəlik yol xəritəsi hazırlayıb”.
Qeyd edilir ki, İrəvan ilkin mərhələdə Azərbaycanın iki rayonunu boşaltmağa artıq razılığını bildirib, ancaq Ankara bununla bağlı İrəvandan rəsmi bəyanat tələb edir. Nəşrin fikrincə, “əgər İrəvan belə bir bəyanat verərsə, o zaman Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının İrəvan toplantısına qatıla bilər”. Diplomatik qaynaqlara istinad edən qəzet ardınca yazır ki, “birinci mərhələdə erməni ordusu Dağlıq Qarabağa bitişik 7 rayondan ikisini boşaldacaq və əvəzində Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşacaq”.
Türkiyənin nüfuzlu KİV-lərindən, ələlxüsus da diplomatik qaynaqlardan süzülüb gələn bu məlumatlarının ciddiliyini şübhə altına almağa əsas yoxdur. Türkiyə xarici siyasət dairələrinin Qarabağ konfliktinin həllinə yardımçı olmaq istəyindən dolayı səmimiliyinə şübhə etməyə də əsas yoxdur. Hər şeydən göründüyü kimi, hazırda qardaş ölkənin özünün fəal iştirakı ilə status-kvonu dəyişmək və Qarabağ problemini ölü nöqtədən tərpətmək üçün hansısa variant ətrafında götür-qoylar edilir.
Davudoğlunun Avropa və ABŞ-a məqsədli turneləri, Ərdoğanın Obama və Putinlə danışıqları, prezident İlham Əliyevin Türkiyəyə səfəri və Putinin dekabrın 2-ə İrəvana nəzərdə tutulmuş ziyarəti, həmçinin böyük fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan təkbətək görüşü – bütün bunlar sülhpərvər səylərin artmasının və nizamlama prosesini dalandan çıxarmaq üçün hansısa planın mövcud olmasının aşkar təzahürüdür.
Hərgah, bir neçə əmma var ki, onlar nikbinlik yaratmır. Əvvəla, bütün bunlar ilk dəfə deyil ki, baş verir. Təkcə son 5 ildə dəfələrlə analoji situasiya yaranıb və tezliklə bir neçə (5, 3, 2) rayonun boşaldılacağı ilə bağlı razılaşdırılmış variantların olması barədə nikbin bəyanatlar səslənib.
İkincisi, sual ortaya çıxır: dünyada və regionda mövcud olan hazırkı geosiyasi fon Minsk Qrupu həmsədrləri (ABŞ, Rusiya, Fransa) və münaqişə tərəfləri (Azərbaycan və Ermənistan) səviyyəsində hərtərəfli konsensusun, yaxud nizamlama prosesində real dönüşün, irəliləyişin əldə olunmasına zəmin yaradırmı?
Nəhayət, bir reallıq da var ki, danışıqlar prosesində hansısa yeni plan və yanaşmanın cizgiləri görünmür. Əsas problem isə yanaşmaların yeniliyində yox, aparıcı dövlətlərin və münaqişə vəziyyətində olan ölkələrin status-kvo-nu dəyişməyə hazır olmasındadır.
Türkiyə qəzetlərindəki məlumat sızıntılarında əksini tapmış bir neçə rayonun mərhələ-mərhələ azad edilməsinin mümkünlüyü barədə xəbərlər əsla yeni deyil və çoxdandır danışıqlar stolu üzərində olan və açıqlanan yenilənmiş “Madrid prinsipləri”nin mahiyyətindən qaynaqlanır. Bəzi detalları yada salaq.
2007-ci ildən başlayan danışıqların əsasını “Madrid prinsipləri” adlandırılan prinsiplər təşkil edir. Konflikt tərəflərinin mövqeyinin yaxınlaşdırılması və uzlaşdırılması üzrə aparılan fəal iş 2009-cu ilin dekabrında yenilənmiş “Mardid prinsipləri”nin qəbul ilə yekunlaşdı. Nizamlama prosesinin bütün iştirakçılarının ümumi etirafına görə, məhz yenilənmiş prinsiplər Bakı və İrəvan tərəfindən qəbul ediləcəyi təqdirdə ixtilafın mərhələli həlli yolunda tərəqqi üçün baza rolu oynaya bilərdi. Bəs yenilənmiş “Madrid prinsipləri”nin mahiyyəti nə idi?
Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarova görə, bu prinsiplər problemin mərhələli həllini nəzərdə tutur: birinci mərhələdə Azərbaycanın 5 rayonu – Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan, həmçinin Laçının 120 kəndindən 13-ü azad edilir. Bunu ardınca regionda bütün kommunikasiyalar açılır və azad edilmiş ərazilərin reabilitasiyası üzrə donor konfransı keçirilir. Bundan sonra bölgədə “sülhməramlı müşahidəçilər” yerləşdirilir və geri qayıdan köçkünlərin təhlükəsizliyi təmin olunur. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları bütünlüklə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Dağlıq Qarabağın hüquqi statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilir.
Nazir hesab edir ki, Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən ardıcıl şəkildə çıxarması bölgə üçün yeni iqtisadi və siyasi imkanlar açar, bu isə öz növbəsində Böyük Sülh Sazişinin imzalanmasına şərait yaradardı. Lakin bu prinsiplərə razı olsa da, rəsmi İrəvan birmənalı cavab verməkdən inadla yayınır, hər vəchlə vaxtı uzadır və ayrı-ayrı maddələrə əlavələr təklif eləməklə faktiki surətdə danışıqlar prosesini süni şəkildə tormozlayır.
Yenilənmiş “Madrid prinsipləri” problemin paket və mərhələli həll variantlarının özünəməxsus sintezindən ibarətdir. İlk baxışda münaqişə tərəflərinin polyar yanaşmalarını uzlaşdıran optimal variant tapılıb. Lakin belə kompromis variant eyni vaxtda bütün əsas məsələlər üzrə anlaşma əldə edilməsi prosesini əhəmiyyətli şəkildə mürəkkəbləşdirir və onların ardıcıllıqla reallaşması mərhələsində uzun mübarizə vəd edir.
Mahiyyətcə, son illərin nizamlama prosesi belə bir primitiv alverə gətirib çıxarıb: Ermənistanın əraziləri mərhələli azad eləməsi qarşılığında Azərbaycan nə təklif edir, edə bilər və ya etməlidir? Yeri gəlmişkən, “status əvəzinə ərazi” formulu tamamilə qeyri-konstruktivdir və elementar şantajı xatırladır. Çünki lap əvvəldən bu ərazilər hansısa “təhlükəsizlik zolağı” yaratmaq üçün yox, sonralar Azərbaycanı qeyri-bərabər güzəştə sövq eləmək, ona güclü təzyiq rıçaqı qazanmaq üçün işğal edilib.
Ayrı sözlə, işğal faktoru qaldıqca əlverişli sülhə ümid eləmək Azərbaycan üçün çətin olacaq. Ya bu şantaj arqumenti danışıqlar masası arxasında götürülməlidir (bu da az ehtimallıdır), ya da rəsmi Bakı gec-tez güc yolu ilə işğalı aradan qaldırmalı olacaq və yalnız ondan sonra Dağlıq Qarabağın qarşılıqlı məqbul statusunun müəyyən olunması üzrə danışıqları bərpa edəcək. Bu gün isə işğal faktı qaldığından danışıqlar bazarlıq rejimində gedir və istənilən qərar Azərbaycanın xeyrinə olmayacaq.
Məntiqlə Azərbaycan ərazilərinin işğalı faktını artıq çoxsaylı ölkələr və beynəlxalq təşkilatlar qəbul edirsə, o zaman Minsk Qrupunu təklif elədiyi və dolaysıyla azad edəcəyi torpaqların qarşılığında “təcavüzkara babat rüşvət” vəd edən nizamlama variantını heç cür korrekt saymaq olmur. Statusla bağlı qabaqcadan qarantiyalar istəmək və referendum məsələsi, üstəgəl, siyasi və iqtisadi dividentlərə işarə vurmaq olsa-olsa, məhz əraziləri boşaltmağın əvəzində “işğalçıya rüşvət”dən savayı bir şey deyil.
Söhbət nizamlama prosesinin öz mahiyyətindən doğan “rüşvət”dən gedir. Bəs, Ermənistan və onun arxasında duran Rusiya həqiqətən Azərbaycan ərazilərinin heç olmasa bir hissəsinin de-işğalına razılıq versə, pərdəarxası (siyasi və iqtisadi) rüşvət nədən ibarət olacaq? Bu barədə həm qəzetlər, həm də diplomatik qaynaqlar susur…
Mahiyyət etibarilə yenilənmiş “Madrid prinsipləri” beynəlxalq birliyin və Minsk Qrupunun təcavüzkarla onun qurbanının cavabdehliyini eyniləşdirən, bu səbəbdən münaqişəni qarşılıqlı bərabər güzəştlər əsasında həllinə çalışan bütün əvvəlki təşəbbüslərindəki metodoloji səhvləri təkrarlayır. Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən BMT qətnamələrini gözardı edən həmsədrlər beləcə, bir-birini qarşılıqlı şəkildə istisna edən iki prinsip – ərazi bütövlüyü və öz müqəddəratını təyinetməni görünməmiş şəkildə birləşdirməklə konfliktin həllinə çalışırlar.
Özü də bu zaman sənədə onlar üçüncü bir prinsipi – güc tətbiq eləməmək öhdəliyini də əlavə edirlər. Bu isə işğalçını daha güzəştsiz mövqeyə kökləyir və münaqişənin qeyri-müəyyən müddətə dondurulmasına stimul verir. Belə yanaşma variantında tərəflərdən hər biri təbii ki, qoyulan prinsipləri özünəməxsus şəkildə şərh edəcək.
Hələ ki, həmsədr ölkələr yaranmış pat vəziyyətindən çıxış yolunu münaqişə tərəflərinin mövqeyinin yumşalması və onların yeni kompromislərə hazır olması əsasında görür. Gerçəkdə isə söhbət faktiki olaraq iki əsas prinsipin – ərazi bütövlüyü və öz müqəddəratını təyinetmənin güzəştli dərkindən gedir: əgər Ermənistana öz müqəddəratını təyinetmə prinsipi ilə ilgili Azərbaycanın formal ərazi bütövlüyü şəklində də olsa müəyyən məhdudiyyət zəruriliyi aşılanırsa, Azərbaycana formal ərazi bütünlüyünü saxlaması fonunda “öz müqəddəratını təyin etmiş bölgə” ilə bağlı suverenliyini ciddi şəkildə məhdudlaşdırmağın qaçılmazlığı sırınır.
Öncə Azərbaycan ərazilərinin boşaldılması, sonra isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutan yenilənmiş “Madrid prinspipləri”nin mərhələli reallaşma xarakteri bütövlükdə Bakını daha çox qane edir, nəinki İrəvanı. Nəzərə alanda ki, erməni separatçılarının Azərbaycana ünvanlı ümdə hədəfləri və əsas hədələri müəyyən müddətə arxa plana sıxışdırılmış olacaq, o zaman yenilənmiş “Madrid prinsipləri”nin reallaşmasında niyə məhz Azərbaycan tərəfinin ən çox maraqlı olması aydınlaşar.
Bununla belə, ərazilərin azad olunmağa başlaması kimi üstünlük perspektivdə Azərbaycana çox baha başa gələ bilər – əgər sənədlərdə artıq bu gün referendum, status və s. kimi konkret erməni maraqları konkret əskini taparsa. Məsələ ondadır ki, yenilənmiş prinsiplərin mahiyyəti odur ki, sənəddəki müddəaların mərhələli reallaşması onların qabaqcadan və mütləq paket halında qəbuluna əsaslanır. Yəni bir müddəa razılaşdırılmayıbsa, demək, heç nə razılaşdırılmayıb.
Bu məqam qarşılıqlı məqbul konsensusun əldə olunması prosesini həddən ziyadə qəlizləşdirir və uzadır. Bu, həmçinin, o anlama gəlir ki, Azərbaycan üçün bir çox gələcək risklər artıq sülh sazişinin imzalanması mərhələsində konkret təzahürünü tapa bilər. Bundan sonra həmin müddəaları mübahisə predmetinə çevirmək və ya onları yerinə yetirməkdən boyun qaçırmaq həddən artıq çətin olardı.
Odur ki, Azərbaycanın işğal altındakı 5 və ya 2 rayonun azad edilməsinin mümkünlüyü barədə optimizm doğuran materiallara zəruri ölçüdə ehtiyatlı yanaşmaq və bu zaman qədim bir deyimi unutmamaq lazımdır: “Sülh istəyirsənsə, müharibəyə hazır ol!”

Musavat

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button