Aktual

Dini inanc məsələsinin seçkilərdə inikası

Azərbaycan Respublikasında dini cameənin getdikcə ictimai-siyasi proseslərə daha geniş şəkildə transfer olunduğu özünü göstərməyə başlayıb və onun hüquqları xalq kütlələri tərəfindən geniş surətdə müdafiə olunur. Xüsusilə hicab problemi ilə üzləşərək təhsil hüququndan məhrum olan şagirdlərin , habelə hicab məhbuslarının vəziyyətinə cəmiyyət artıq biganə qalmaq istəmir.
Bu həqiqət Milli Şuranın 20-ci sahədə keçirdiyi son mitinqində özünü qabarıq şəkildə göstərdi və dini azadlıq məsələsinin Qarabağ problemi qədər Azərbaycan Respublikası vətəndaşları üçün əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Bu isə Milli Şura başçılarının cəmiyyət tərəfindən sərgilənən mövqeyi nəzərə aldığını , inanc məsələsinin xalq üçün həyati məsələ olduğunu sübuta yetirir. Başqa sözlə hicab və ümumilikdə dini azadlıqda müşahidə olunan məhdudiyyətlər bu gün daha artıq ictimailəşib və dindar fəalların narkotik və ya silah saxlamaqda ittiham olunaraq məhbəsə atılması hakimiyyətin nəinki xeyrinə olmayıb, hətta bir çox sekulyar siyasi dairələr belə bunu hakim zümrənin zəif yeri kimi görüb öz kampaniyalarının predmetinə çevirirlər.
Yeni Müsavat qəzetinin köşə yazarı Zahid Səfəroğlu bu haqda bildirir: “Azərbaycan Respublikasının cəza çəkmə müəssisələri bəlkə də indiyədək dindar kəsimə aid siyasi dustaqlarla bu qədər dolmamışdı. Özü də tutulanların əksəriyyəti təkcə dini sferada deyil, ümumən cəmiyyətdə kifayət qədər hörmət-izzət sahibi olan, sayılıb-seçilən insanlardır. Buna baxmayaraq onların mütləq əksəriyyətinə islami dəyərlərə böyük həqarət olan narkotik ittihamı ilə cəza kəsilib. Və bu cəzalar bəzən uzun müddətlidir. Məsələ ondadır ki, inanc əhlinə qarşı repressiyalar tam əks nəticə ortaya qoymaqdadır. Bunun sübutu kimi son illər ölkədə dinçi siyasi və ya vicdan məhbuslarının sayının artdığını göstərmək olar. Bu fakt sözsüz ki, Azərbaycanda inanclı kəsimin siyasi cəhətdən fəallaşması və daha yaxşı təşkilatlanmasından, eyni zamanda ictimai proseslərə real təsir göstərməyə başlamasından və elementar haqları belə əlindən alınmış xalqın acınacaqlı durumuna dözməyərək bu duruma açıq etiraz püskürməsindən qaynaqlanır. Təbii ki, bu fəallaşma adekvat olaraq qarşı tərəfdə qıcıq yaradır. O üzdən ən çox repressiyaya, təqiblərə məruz qoyulan qruplardan biri də dini təbəqə və onun tanınmış simalarıdır.”
Görünür, Azərbaycan Respublikasında digər sahələrlə bərabər din sahəsində də ciddi problemlər var və onları danmaq, hər şeyin son dərəcə sabit olduğunu söyləmək mövcud reallıqları inkar etmək deməkdir. Həqiqət budur ki, problemlər var və ölkə din sahəsində böhran yaşamaqdadır. Bu problemlər din və vicdan azadlığının pozulması, qanunlara edilən düzəlişlərlə dini fəaliyyətin məhdudlaşdırılması, dinlə bağlı yeridilən dövlət siyasətində inanclı insanların rəyinin nəzərə alınmaması, fəal dindarlara potensial cinayətkar kimi yanaşılması, onların təqib və həbs olunması kimi hallarla bağlıdır.
İndi hər kəs görür ki, uzun illərdən bəri Azərbaycan R-da milli-mənəvi dəyərlərin ayrılmaz atributlarından olan baş örtüyünə qarşı ögəy münasibət sərgilənməkdədir. Əhalisinin mütləq əksəriyyəti müsəlmanlardan ibarət Azərbaycan Respublikasında 20 ilə yaxındır hicablı xanımlar başörtüyü ilə şəxsiyyət vəsiqəsi və ümummilli pasport ala bilmirlər. Onlardan başıaçıq şəkil təqdim etmələri tələb olunur. Dövlət müəssisələrinin bir çoxunda hicablıların işləməsi üçün qeyri-formal qadağa hökm sürür. Artıq 3 ilə yaxındır hicablı şagirdlər məktəbə buraxılmır. “Vahid forma” bəhanəsi ilə inanclı məktəbli qızların təhsil hüququ pozulub. Bu hallara qarşı etiraz edənlərin aqibəti isə bəllidir. Bu istiqamətdə 24 sentyabr tarixində İctimai TV-də prezidentliyə namizədlərin teledebatında “Ədalət” partiyası və “Vətən” blokunun təmsilçisi, prezidentliyə namizəd İlyas İsmayılovun vəkili, Azərbaycan İslam Partiyasının sədr müavini Hacı Akif Heydərli deyib : “Hicablı xanımların təhsildən zorla uzaqlaşdırılması nəticəsində savadsız gələcəyimizin bünövrəsi qoyulur. Bu insanlığa qarşı cinayətdir. Bu cinayətin müəllifləri azadlıqda, onlara qarşı mübarizə aparanlar isə məhbəsdədir.”
Beləliklə də aydın olur ki, hökumətin cəhdlərinə baxmayaraq dini azadlıq məsələsini gündəmdən çıxarmaq mümkün olmayıb və bu məsələnin tezliklə öz həllini tapmaması cəmiyyətlə hökumət arasında məsafələrin artmasına gətirib çıxaracaqdır.

azeri.sahartv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button