Müsahibimiz Müsəlman Birliyi Hərəkatı idarə heyətinin üzvü, ilahiyyatçı Toğrul Nuridir.
Əqidə əsaslarında imamət xüsusi müddəalar sırasında yer alıb. İmamətin dinimizdə əhəmiyyətli rolu nədən ibarətdir?
İmamət haqqında Quran ayələri və hədislərin çoxluğu, bu məsələnin əhəmiyyətini bəyan edir. Belə ki, bu ayə və hədisləri oxuyan, bilən və eşidən hər kəsə imamətin əhəmiyyəti gizli deyil. Daha yaxşı olar ki, bu günlər mövludunu qeyd etdiyimiz İmam Rzanın (ə) hədisi ilə bu sualı cavablandıraq. İmam Rzadan (ə) İmamətin tərifi haqqında soruşurlar. O Həzrət buyurur: “İmamət dinin qoruyucusu, müsəlmanların işlərini nizamlayan və möminlərin izzətidir. İmamət, dinin əsas qolu və şöbəsidir. Allahın halalını halal, haramını haram sayır və onları həyata keçirir. İlahi qanunları və dini hər cür təhrifdən qoruyur. İnsanları, elm və möhkəm dəlillərlə Allaha tərəf dəvət edir. İmam, insanlar arasında Allahın əmin-amanlıq qalası, insanlar üzərində Allahın höccəti və xəlifəsidir. (Üsuli-kafi, c-1, s-286)
Quranda imamət mövzusu necə isbat olunur?
İmamət mövzusunun isbatı üçün Qurandan bir çox ayələrə istinad etmək olar. O cümlədən Bəqərə-124, Maidə-3, 67, 55, və sair. Daha aydın izahı isə İmam Rzanın (ə) istinad etdiyi Quran ayəsi ilə cavab vermək istəyirəm. Bir gün Abbasi xəlifələrindən olan Məmun, İmam Rza (ə) ilə birgə, İslam ümmətinin alimlərini sarayına dəvət edir. Orada Fatir surəsinin 32-ci ayəsində qeyd olunan ” Sonra biz bu kitabı (Quranı) bəndələrimizdən seçdiklərimizə miras verdik…” hissəni oxuyur və deyir: “Seçilmiş varislər kimlərdir?” Məclisdə əyləşən İraq və Xorasan alimləri deyirlər: “Məqsəd İslam ümmətidir.” Bu zaman İmam Rza (ə) üzünü o alimlərə tutaraq buyurur: “Bu nəzər düzgün deyildir. Ayədə qeyd olunan seçilmiş varislər, İslam Peyğəmbərinin (s) pak itrəti olan biz İmamlarıq.” Sonra İmam öz iddiasını isbat etmək üçün bu surənin 33-cü ayəsini tilavət edir: “(Onların mükafatı) daxil olacaqları əbədi cənnətlərdir…” Ardınca isə buyurur: “Bundan öncəki ayəyə söykənərək İslam ümməti 3 hissəyə bölünür: Özlərinə zülm edənlər, mötədillər, Allahın izni ilə bütün xeyirlərdə irəli keçənlər. Məlum olduğu kimi ümmətin hamısı sorğu sualsız cənnətə getməyəcək. Buna əsasən ümmət nəzəriyyəsi ayənin bəyanına uyğun deyil və ayənin məqsədi yalnız biz İmamlarıq.” ( Uyune əxbar-ərRza (ə) c.1 s-228)
Bu günlər mövlud gününü qeyd etdiyimiz İmam Rza (ə) “Əhli-beytin (ə) alimi” adlandırılır. Bu nə ilə bağlıdır?
Məlum olduğu kimi İmam Rza (ə) Abbasi xəlifələrindən olan Məmunun xilafəti dövründə yaşayırdı. Məmun öz xəyalında İmam Rzanın (ə) elmi səviyyəsini aşağılamaq məqsədi ilə sarayında müxtəlif dinlərin və firqələrin alimləri ilə saysız-hesabsız elmi məclislər və münazirələr təşkil edir. Amma İmam Rza (ə) hər dəfə bu elmi münazirə və məclislərdən qalib ayrılırdı. Həqiqətdə Məmun özü də bilmədən təşkil etdiyi elmi məclislər sayəsində İmamın dərin elminin yayılmasına səbəb oldu. Elə bu səbəbdəndir ki, o zaman İmamı dərin elminə görə “Əhli-beytin (ə) alimi” adlandırdılar.
İmam Rzanın (ə) həyatında cəmiyyət və inanclıların xüsusi faydalanmalı özəllikləri hansılardır?
İmam Rzanın (ə) həyatının bütün sahələrində, o cümlədən ictimai-siyasi fəaliyyəti, ailə münasibətləri, camaat və xüsusi ilə yetimlərlə rəftarı, şəhid övladları ilə münasibət, ibadəti, təfəkkür tərzi, dövrünün zalımları və azmışları ilə rəftarında cəmiyyət və inanclılar üçün mühüm ibrətlər mövcüddur. Hamımızın vəzifəsidir ki, İmam Rzanın (ə) və həmçinin Əhli-beytin (ə) həyatını dəqiqliklə öyrənək və həyatın hər bir sahəsində tətbiq edək.
Yeri gəlmişkən bütün Əhli-beyt (ə) aşiqlərini bu gözəl gün və mövlud münasibəti ilə təbrik edir, Uca Allahdan hər birinizə İmam Rzanın (ə) ziyarətini və şəfaətini arzu edirəm.
Bu günlər eyni zaman da MBH-nın lideri, İlahiyyatçı-alim hacı Tale Bağırzadənin də mövlüd günlərinə təsadüf edir. Bu münasibətlə Hacını təbrik edirəm. İnşaallah qardaşım hacı Tale və onun timsalında bütün məhbus qardaşlarımızın tez zamanda izzətlə azadlığa çıxaraq bu gözəl günləri öz yaxınları ilə birgə qeyd etmələrini Allahdan diləyirəm.