AktualAktual

İmam Rza (ə) haqqında

İmamın (ə) Qum şəhərinə gəlməsi

Məmun İmamı (ə) Xorasana dəvət etdiyi zaman o həzrət (ə) Mədinədən Bəsrəyə, oradan da, Quma gəldi. Qum əhalisi İmamı (ə) qarşılamağa çıxmışdılar. Hamı da, istəyirdi ki, imamı öz evinə qonaq aparsın. Həzrət (ə) belə buyurdu: «Kənara çəkilin. Mənim dəvəm bu işin məmurudur. Hər kimin qapısında dayanıb otursa, ora mənim qalacağım yer olacaq.» Dəvə Qumun əyri-üyrü küçələrindən keçərək bir evin qapısına çatıb yerə oturdu. Ona görə də İmam (ə) (bu gün Qum şəhərinin elmi mədrəsələrindan biri Rəzəviyyə mədrəsəsi olan) bir evə qonaq oldu.
İmam (ə) Xorasan yolunda hara çatırdısa camaat sevincək həzrətin ətrafına yığışıb ən dərin məhəbbətlərini ona büruzə verib göstərirdi.

İmamın (ə) Nişabur şəhərinə gəlməsi

O dövrdə Nişabur şəhəri İranın iri, cəmiyyətli və abad şəhərlərindən biri sayılırdı. Şəhər əhalisinin imam Rzanı (ə) qarışlamaq üçün təşkil etdikləri mərasimi tarixdə misilsizdir. Sonralar bu şəhər monqollar tərəfindən işğal olundu. İmam (ə) gələndə isə Nişaburun alimləri, əllərində kağız-qələm, şəhərin darvazasında yığışmışdılar ki, İmamın (ə) sözlərini yazsınlar. O zamanlar Nişaburda yüzlərlə alim, hədisçi və fəqih yaşayırdı. Böyük rəvayətçi və hədisçilərdən sayılan Məhəmməd ibn Әsləm Tusi qabağa gəlib İmamdan (ə) camaat üçün bir hədis söyləməsini xahiş etdi. İmam (ə) kəcavənin pərdəsini qaldırıb başını kəcavədən çıxartdı. Xalqın gözü imama sataşan kimi salavat və təkbir səsləri göyə ucaldı. İmam (ə) sakit olmalarını işarə etdikdə hamı susdu. Sonra bir hədis oxudu:
«Allah-taala buyurmuşdur: «La ilahə illəllah» mənim qala və hasarımdır. Hər kəs bu kəlməni dilə gətirsə, mənim qalama daxil olub əzabımdan qurtulacaqdır».
Bu hədisin ardıcıl sənədi Peyğəmbər, Cəbrail və Allaha yetişdiyinə görə «Silsilətüz-zəhəb, hədisi adlandırılmışdır.

İmamın (ə) Sənəbada gəlişi

Әbasəlt belə nəql edir: Həzrət (ə) Sənabad kəndinə çatdıqda günorta idi; Həzrət (ə) namaz qılmaq istəyirdi. Su istədi, dedilər suyumuz yoxdur. İmam Rza əleyhissalam bir yeri qazdı və həmin yerdən su qaynayıb çıxdı. İmam (ə) ilə yoldaşları dəstəmaz alıb namaz qıldılar. Sonra bu gün daş qablama qayırmaq üçün xammal olan dağa dayanıb belə buyurdu: «Pərvərdigara! Bu dağa xeyir və bərəkət əta et». Sonra əmr etdi ki, evinin bütün qablamalarını bu dağın daşından düzəltsinlər. Həzrət (ə) daha sonra Həmid ibn Qəhtəbənin evində yerləşən məqbərəyə daxil olub Harunun qəbrinin yanında əli ilə bir xətt çəkərək buyurdu: «Bura mənim qəbrimdir, məni burada dəfn edəcəklər. Allaha and olsun ki, hər kəs mənim ziyarətimə gəlsə, Allahın rəhməti və bizim şəfaətimiz ona nəsib olacaq». Daha sonra qibləyə tərəf dayanıb bir neçə rəkət namaz qılıb, dua etdikdən sonra uzun səcdəyə getdi.

İmamın (ə) Mərv şəhərinə gəlişi

Həzrət (ə) Mərv şəhərinə gələndə Məmun onu ehtiramla qarşılayıb, bütün böyükləri bir məclisdə toplayaraq həzrətə belə dedi: Xəlifəliyi buraxıb hakimiyyəti sizə tapşırmaq istəyirəm. İmam (ə) onun cavabında buyurdu: «Әgər xəlifəlik paltarını Allah sənə geyindiribsə, xəlifəliyi buraxıb başqa bir nəfərə tapşırmağın yersizdir; əgər xəlifəlik sənin deyilsə, onda nə üçün onu öz öhdənə almısan?»
Məmun dedi: Artıq bu, qərara alınıbdır və xəlifəliyi qəbul etməlisən. İmam (ə) Məmunun gizli planını bildiyinə görə, onun israrına baxmayaraq qəbul etmədi. Daha sonra Məmun belə dedi: Mənim vəliəhdliyimi qəbul etməlisən. İmam (ə) isə buyurdu: «Bu qədər israr etmə. Ata-babalarımdan eşitmişəm ki, səndən öncə dünyadan gedəcəyəm. Məni zəhərləyib atan Harunun yanında dəfn edəcəklər. Məmun, «səni kim zəhərləyəcək?» – deyə soruşduqda İmam (ə) buyurdu: «Sən özün onun kim olduğunu yaxşı bilirsən, məndən soruşma».
Məmun narahat olub ağladı. Sonra belə dedi: Mənim vəliəhdliyimi gərək qəbul edəsən. Bu bir əmrdir ki, əgər onu rədd etsən səni öldürtdürərəm. Həzrət (ə) çarəsiz qalıb Məmunun vəliəhdliyini qəbul etdi, lakin bu müddət əzrində hökumət işlərinə qarışmayacağını bildirdi. Məmun bu şərti də qəbul edib təntənəli bir yığıncaq quraraq həzrəti ora gətirdi və camaata dedi: Hamınız İmamla (ə) beyət etməlisiniz. Məndən sonra xəlifə odur. Onun sözünü qəbul edib əmrlərinə tabe olun.
Məmun əmr etdi ki, xalq Abbasilərin qara rəngli paltarını çıxardıb Bəni Haşimin yaşıl rəngli paltarlarını geyinsinlər. Həmçinin qızı Ümmü Həbibi həzrətə verib, o biri qızı Ümmü Fəzli isə həzrətin oğlu imam Məhəmməd Təqiyə (ə) adaxladı və elə bu siyasətlə onların ikisini də nəzarət altında saxlamaq istəyirdi.

Məmun nə üçün İmamı (ə) Xorasana dəvət etmişdi ?

Bunu nəzərə almaq lazımdır ki, Məmun zirəng və ağıllı bir adam idi. Onun İmamı (ə) Mərvə dəvət edərək onu vəliəhd təyin etməsi müvəffəqiyyətsiz qalan siyasi bir plan əsasında qurulmuşdu. Məmunu maraqlandıran məsələlər bunlardan ibarət idi:
1. Әləvilər məmləkətin hər tərəfindən hökumətə qarşı qiyam etmişdilər. Bundan əlavə İslam ərazisi genişlənib nəzarət altından çıxmışdı. Buna görə də zahirdə xəlifəliyi ələvilərdən birinə verib onların qiyamının qarşısına almaq qərarına gəlmişdi ki, bununla da onların hamısı geri çəkilib üsyandan vaz keçəcəkdilər. Abbasilərin siyasəti hiyləgər bir siyasət idi. Onlar Peyğəmbərin ailəsinin qanına susamışdılar, lakin ələvilərin üsyanından qurtulmaq, şiələri razı salmaq üçün xalqa Әli (ə) ailəsinin səmimi dostu olduqlarını göstərmək məcburiyyətində idilər.
2. Mə᾽mun istəyirdi ki, Bəni Haşim xanədanı da hökumətin qərarlarını həyata keçirməkdə iştirak etsinlər və həzrət Rza əleyhissalamın Məmuna dediyi kimi, xalqa belə göstərsin ki, Bəni Haşim xanədanı dünyanı sevirlər və özlərini dünyaya etinasız göstərmələri yalandır. Guya onlar da qüdrətə çatsalar başqa adamlardan heç də fərqlənməyəcəklər. Lakin, qüdrətləri olmadığı üçün kənara çəkiliblər və əgər bir gün qüdrətə çatsalar, camaatın heç ağlına gələ bilməyəcəyi işləri görəcəklər. Mə᾽mun bu fikri aşılamaqla xalqı onlardan uzaqlaşdırıb onların xalq arasında olan mənəvi dəyərlərini məhv etmək istəyirdi.
Mə᾽mun dəfələrlə üsyan edən şəhərlərə vali təyin etmək üçün imam Rza əleyhissalama öz adamlarından bə᾽zilərini namizəd göstərməsini təklif etmişdi, amma o Həzrət (ə) ona belə cavab vermişdi: «Mən vəliəhdliyi qəbul edəndə hökumətin heç bir işinə qarışmayacağımı şərt etdikdə siz də onu qəbul etdiniz. Әgər müqaviləmizə bağlı qalmağımı istəyirsənsə, siz də müqaviləmizə bağlı qalın. Məmun susub heç bir söz demədi
İmam Rza əleyhissalam anlamışdı ki, Məmun gördüyü işləri ona nisbət verib xalqı ondan uzaqlaşdırmaq istəyir. Buna görə də Məmunun heç bir təklifini qəbul etmədi və elə bunun nəticəsində də Məmunun bütün planları puça çıxdı.
3. Məmunun güddüyü başqa bir hədəf isə bundan ibarət idi ki, imamı Xorasana gətirməklə ələviləri paytaxtda toplayıb nəzarət altında saxlasın və maneçilik yaradan ələviləri öldürtsün. Necə ki, İmamı (ə) zəhərləyib, ələviləri öldürdü və qabaqcadan bağladığı bütün əhd-peymanları tapdaladı.

İmamın (ə) şəhid olması

Şəhid olduğu gecə İmam (ə) yuxuda babası Peyğəmbəri görmüşdü ki, ona belə buyurdu: «Sabah bizim yanımıza gəl. Bizim yanımızda olan, indi içində olduğundan daha yaxşıdır».
Hərsəmə belə deyir: Gecə yarısı İmam (ə) məni hüzuruna çağırdı. Mən imamın yanına getdim. Həzrət mənə belə buyurdu: «Məmun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, şəhid olduğumdan sonra o, məni qüsl etmək istəyəcək. Ona belə de ki, bu işi görmə, yoxsa Allah sənə möhlət verməz. Elə bu vaxt heç kimin görüb bilmədiyi bir şəkildə oğlum Mədinədən gəlib qüsl və kəfən edəcək. Sonra mənim meyidimi Harunun məqbərəsinə aparacaqlar və Məmun məni onun arxasında dəfn etmək istəyəcək. Lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Məmuna de ki, qəbrin önündə külüngünü yerə vursun. Sonra hazır bir qəbir görünəcək və başının üstündə şəffaf su qaynayıb daşacaq və suyun içində kiçik balıqlar görünəcək. Sonra böyük bir balıq gəlib kiçik balıqları yeyəcək, ondan sonra su çəkilib gedəcək. Bu vaxt məni qəbrə qoyun, amma qəbrimə torpaq tökməyin. Çünki qəbir öz-özünə dolacaq. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, ayrı iş görülsün, yoxsa Allah sizi əzablandırar». Nəhayət Məmun o Həzrəti (ə) Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərlədi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Әbasəltə belə buyurdu: «Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma. Mənim can verən zamanımdır. Mən də, babam Hüseyn (ə) kimi torpaq üstündə can vermək istəyirəm.»
İmamın (ə) şəhid olmasından qabaq Məmun Həzrətin (ə) yanına gəldi. İmam (ə) gözlərini açıb ona belə dedi: «Oğlum imam Məhəmməd Təqi (ə) ilə yaxşı rəftar et. Çünki səninlə onun vəfatı bir-birinə yaxındır».
İmamın (ə) pak bədənini qabaqca Harunun dəfn olunduğu məqbərədə, qəbrin önündə torpağa taşırdılar. Bu faciə 203-cü Hicri ilinin Səfər ayının son günündə, İmam (ə) 55 yaşında ikən baş verdi.
İmamın (ə) şəhid olmasından sonra Xorasanda böyük bir üsyan baş verdi və Məmun özünü əzadar göstərmək üçün ağlaya-ağlaya başına döyürdü. Lakin əksəriyyət bilirdi ki, Məmun İmamın (ə) qatilidir. Məmun üsyançıların qorxusundan və qiyamın genişlənməsinin qarşısını almaq üçün bir gecə-gündüz icazə vermədi ki, İmamın (ə) meyidini evdən çıxartsınlar. O, həmçinin xalqın arasına öz adamlarını göndərdi ki, İmamın (ə) öz əcəli ilə öldüyü şayiəsini yayıb Məmunun bu işdə əli olmadığını inandırsınlar. Lakin bütün bu cəhdlərə baxmayaraq o, özünü günahsız göstərməyə müvəffəq olmadı. Günü-gündən xalqın gözündə daha dəyərsiz oldu və nəhayət çox pis bir vəziyyətdə öldü.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button