AktualAktualArxivXəbər lentiXəbərlər

«Qanlı Nardaran Faciəsi» ilə bağlı məhkəmədə Tale Bağırzadə niyə kövrəldi?

T.Bağırzadə: “Bu, cəlladdı, azərbaycanlı deyil. Bu elə hərəkətlər eləyib ki, normal azərbaycanlı onları eləməz…”
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə ilə həbs olunan daha 16 nəfərin və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki məhkəmə iclasında gərginlik yaşanıb. Buna səbəb isə “Nardaran işi” üzrə təqsirləndirilən şəxslərin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) onlara ən çox işgəncə vermiş şəxslərdən biri kimi adını çəkdikləri Şahlar Cəfərovun məhkəməyə gəlişi olub. Amma bundan əvvəl həmin idarənin başqa bir əməkdaşı Ceyhun İmamverdiyevin dindirilməsi davam etdirilib. Onun ifadəsində bir sıra ziddiyyətli məqamlar olub.
“Etibar sizi gözləyirdi ki, qabağınızda xəncər oynatsın?”

Məsələn, İmamverdiyev deyir ki, noyabrın 26-da Nardaranda əməliyyat keçirərkən evdən iki nəfərin əllərində qumbara təxminən iki metrlik hasardan tullanıb qaçdıqlarını görüb. Noyabrın 27-də günorta saat 12 radələrində verdiyi ifadəsində qaçanlardan birinin Fərhad Balayev olduğunu bildirib.

Qaçan adamın F.Balayev olduğunu hardan bilməsi barədə məhkəmədə vəkilin sualına cavab olaraq, deyib ki, bunu əməliyyat yolu ilə müəyyənləşdirmişdilər. Ona görə də istintaqa ifadəsində elə deyib.

Amma ötən məhkəmə iclaslarında dindirilmiş Elçin Tağıyev adlı başqa bir polis isə Fərhad Balayevi noyabrın 27-də axşam saatlarında xəstəxananın qarşısında görüb, ondan şübhələndiyini, tutub idarəyə gətirib şəxsiyyətini müəyyənləşdirdiklərini deyib.

F.Balayev hər iki polisin yalan danışdığını, onun əlində qumbara olmadığını, özünün də noyabrın 27-də yox, 26-da saat 15.00-16.00 radələrində saxlanıldığını bildirib. Əməliyyat zamanı güllələnmiş yaralıları xəstəxanaya aparanlardan biri də o olub və elə xəstəxanada da saxlanılıb.

C.İmamverdiyev deyir ki, təqsirləndirilən şəxslərdən Etibar İsmayılovu o zərərsizləşdirilib. Həmin vaxt İsmayılovun əlində xəncər olub.

“Deyirsiz ki, Etibarın olduğu otağa səndən əvvəl 5-6 polis əməkdaşı daxil olmuşdu, siz də girəndə onun əlində xəncəri sağa-sola oynatdığını görmüsüz. Bəs sizdən əvvəl girənlər niyə zərərsizləşdirmirdilər onu? Etibar İsmayılov sizi gözləyirdi ki, qabağınızda xəncər oynatsın?” – T.Bağırzadənin bu sualına C.İmamverdiyev belə cavab verib: “Onu mən deyə bilmərəm. Mən gördüyümü deyirəm”.

E.İsmayılov əlində xəncər olması, sonra axtarış zamanı cibindən qumbara çıxması barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib: “Yəni mən xəncəri çıxarıb oynada bildim, cibimdən qumbaranı çıxara bilmədim?”

Təqsirləndirilən Rasim Cəbrayılov saxlanılarkən E.İsmayılovun yanında olduğunu, həmin vaxt onların əllərində heç nə olmadığını deyib.

Vəsatətlər təmin olunmadı

C.İmamverdiyevin dindirməsi başa çatandan sonra vəkillər Nemət Kərimli və Zibeydə Sadıqovanın vəsatətləri müzakirə olunub. Ötən məhkəmə iclaslarında polis əməkdaşı Elçin Tağıyev sualların bir çoxuna “xatırlamıram”, “bilmirəm” cavabları verdiyinə görə N.Kərimli onun psixiatrik ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb.

Nardaran əməliyyatı zamanı aldığı güllələri hələ də bədənində daşıyan, yalnız əl ağaclarının köməyilə hərəkət edən Şamil Abduləliyevin vəkili olan Zibeydə Sadıqova isə onun durumunun həbsdə saxlanmasına imkan vermədiyini vurğulayaraq, ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Lakin vəsatətlərin heç biri təmin olunmayıb.

“Bu, elə hərəkətlər eləyib ki, normal azərbaycanlı onları eləməz”

Bundan sonra BMCMİ-nin əməliyyat müvəkkili Şahlar Cəfərov zərərçəkmiş və şahid qismində dindirilib.

Ş.Cəfərov məhkəmə zalına daxil olan kimi onu görən təqsirləndirilən şəxslər “bandotdel”də onlara dəhşətli işgəncə verənlərdən birinin məhz bu olduğunu bildiriblər.

“Bu, cəlladdı, azərbaycanlı deyil. Bu elə hərəkətlər eləyib ki, normal azərbaycanlı onları eləməz…”, – deyə T.Bağırzadə bildirib.

Ş.Cəfərov ifadəsində bildirib ki, noyabrın 26-da səhər saat 10 radələrində BMCMİ-də şöbə rəisi Kərim Əlimərdanovun rəhbərliyilə əməliyyat müşavirəsi keçirilib: “Məlumat daxil olmuşdu ki, Bağırov Tale Kamil oğlu və tərəfdarlarından ibarət silahlı qruplaşma yaradılıb, dövlətin konstitusion quruluşunu dəyişməyə cəhd göstərilir. Əməliyyat qrupu yaradıldı. Saat 12.15 radələrində Nardarana getdik, Taleh Bağırovun hansı evdə olduğunu müəyyənləşdirdik. Mən həyətə hamam-tualet yerləşən tərəfdən hasardan tullandım. Hovuzun qabağında Cabbar Cabbarovu zərərsizləşdirdim. Hamını zərərsizləşdirəndən sonra hal şahidləri dəvət olundu, həyətyanı sahəyə, evə baxış keçirildi”.

Ş.Cəfərov sualları cavablandırarkən prokuror ona xatırladıb ki, təqsirləndirilən şəxslər həm saxlanılarkən, həm də BMCMİ-də işgəncələrə məruz qaldıqları deyib və işgəncə verən şəxslər sırasında onun da adını çəkiblər.

“Nə mən, nə də digər əməkdaşlar onlara işgəncə verib”, – Ş.Cəfərov cavab verib.

“O söyüşləri ki söyürdü, məni öldürsəydi, toka versəydi, ondan yaxşıydı…”

Ş.Cəfərov daha sonra vəkillərin suallarını cavablandırıb.

Vəkil Gülşən Salmanova:

– Ekspert rəyində göstərilib ki, Cabbar Cabbarovun üzərində xəsarətlər, döymə əlamətləri olub. Bu barədə nə deyə bilərsiz?

– Ola bilsin ki, onu zərərsizləşdirərkən yerə yıxılıb, bunun nəticəsində yaranıb.

– Təqsirləndirilən şəxslər onlara işgəncə vermiş əsas şəxslərdən biri kimi məhz sizin adınımızı çəkirlər. Niyə?

– Deyə bilmərəm.

Vəkil Yalçın İmanov:

– Nə əcəb belə bir xüsusi əməliyyatın çəkilişini aparmadınız?

– Onu mən deyə bilmərəm, rəhbərlik bilər.

– İstintaqdakı ifadələriniz başqa polis əməkdaşları ilə eynidir. Səbəb nədir?

– Çünki eyni hadisə barədə ifadə vermişik.

– İfadələrin sözbəsöz, nöqtə-vergülünə qədər eyni olmasını necə izah edə bilərsiz?

– Mən bu suala cavab verdim.

– Zərərçəkmiş qismində dindirilirsiz, hansı zərəri çəkmisiz?

– Mənəvi zərər. Ölənlərdən biri mən də ola bilərdim.

Bundan sonra vəkil Yalçın İmanov T.Bağırzadə ilə Ş.Cəfərov arasında çarpaz dindirmə aparıb.

Vəkil Yalçın İmanov:

– Bu adamı tanıyırsız?

T.Bağırzadə:

– Əlbəttə. Bu, Nardaran əməliyyatında iştirak edib. Bizi aparanda mebel maşınında Fərahim Bünyadovu döyüb öldürənlərdən biri budur. Orada çox əxlaqsız söyüşlər söyürdü. Məndən Milli Şuranın, Cəmil Həsənlinin, Əli Kərimlinin əleyhinə ifadə almaq üçün şərəfsizcəsinə işgəncə verənlərdən biri bu olub. Məni başıma maska keçirib, zirzəmiyə gətirib dəhşətli işgəncələr verirdi. O qədər danışıb, o qədər söyüşlər söymüşdü ki, səsindən tanıyırdım onu. O söyüşləri ki söyürdü, məni öldürsəydi, toka versəydi, ondan yaxşıydı…

“Avtomatın qundağı ilə o qədər vurdular ki, gözümüzün qabağında can verdi…”

Vəkil Y.İmanov Ş.Cəfərova:

– Taleh Bağırzadənin söylədikləri ilə əlaqədar nə deyə bilərsiz?

– Yalan deyir.

T.Bağırzadə:

– Yalanı sən özün danışırsan. Burada danışdıqların başdan-ayağa yalan idi.

Vəkil Y.İmanov T.Bağırzadəyə:

– Bildirirsiz ki, Fərahim Bünyadovu döyüb öldürənlərdən biri budur. Bünyadov hansı şəraitdə öldü?

– Bizi apardıqları mebel maşınında bu, xüsusilə fəallıq edirdi, canfəşanlıq edirdi. Ən çox qansızlıq, yırtıcılıq edənlərdən biri budur. Fərahimin qollarını arxadan bağlamaq istəyirdilər. Başına avtomatın qundağı ilə o qədər vurdular ki, axırda “Allahu Əkbər” deyə-deyə can verdi gözümüzün qabağında. Son nəfəsində mənə dedi ki, “Hacı”…

Bu yerdə T.Bağırzadə kövrəlib və az sonra fikrini davam etdirib:

– İndiyə qədər burada bir neçə polis dindirilib. Yalan danışsalar da, onların heç birinə qarşı bu cür aqressiv olmamışıq. Bil ki, Vəli Ələsgərovun, Akif Çovdarovun yanında sən uşaqsan. Amma onların aqibətini gördün? Arxayın ol, sənin axırın onlardan da pis olacaq…

“Allah lənət eləsin!”

Hakim bunu zərərçəkmişin hədələnməsi kimi qiymətləndirib. Bundan sonra məhkəmədə vəziyyət gərginləşib. Ş.Cəfərov tərəfindən işgəncəyə məruz qaldığını deyən digər təqsirləndirilən şəxslər də ona ağır ifadələr ünvanlayıblar. Tərəflər bir-birinə plastmas su butılkaları atıblar.

Təqsirləndirilən şəxslərin yaxınları da Ş.Cəfərovun ünvanına “Allah lənət eləsin”, “Elədiklərin balalarının qabağına çıxsın” kimi fikirlər səsləndiriblər.

Məhkəmə sentyabrın 7-də davam edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button