ArxivXəbərlər

Türkiyənin Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin adı dəyişdirilib.

Abidənin üzərində yazılan “soyqırımı” sözü “qətliam” ifadəsi əvəz olunub.

Abidənin açılışı bu ilin fevralında o zamankı bələdiyyə sədri Əli Ərdoğanın iştirakı ilə keçirilmişdi. Lakin qardaş ölkədə bələdiyyə seçkilərindən sonra bu posta gələn yeni sədr-Nurullah Cahan abidənin üzərindəki “soyqırımı” sözünü bu yaxınlarda “qətliam” kəlməsi ilə əvəzləmək qərarına gəlib. İnterpress.az-a daxil olan məlumata görə, o, bu addımı Türkiyə hökumətinin tələbi ilə atıb. Bəlli olub ki, Türkiyədə yaşayan ermənilər abidənin adına etiraz ediblər. Onların könlünü almaq üçün Uşak bələdiyyəsi “Xocalı soyqırımı” sözünü “Xocalı qətliamı” ilə əvəz edib. Ölkənin Xarici İşlər Nazirliyinin isə məsələyə münasibəti belə olub:” Rəsmi Ankara Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində iş aparır və belə bir vaxtda ermənilərin xətrinə dəymək istəmir”. Ən dəhşətlisi isə odur ki, abidənin adının dəyişdirilməsinə Azərbaycanın Türkiyədəki səfirliyi də razılıq verib. Qondarma erməni soyqırımının 100 illiyini qeyd etməyə hazırlaşan ermənilər tarixi təhrif edərək 1915-ci il hadisələrini dünyaya soyqırımı kimi sırıdığı halda, 22 il əvvəl Xocalıda etnik təmizlənməyə hesablanan və bəşəriyyətə qarşı törədilən bu cinayətə aid abidənin üzərindən “soyqırımı” sözünün silinməsi anlaşılan deyil.
Türkiyə rəsmi şəxslərinin çıxışlarında daima Xocalı soyqırımı ifadəsi işləndiyi halda bir abidənin üzərindən “soyqırımı” sözünün silinməsi ikili standartlardan xəbər veir. Dünyanın bir neçə ölkəsinin parlamentində, o cümlədən Amerikanın 10-dan çox ştatının qanunverici orqanında Xocalı soyqırımının tanınması barədə qətnamələrin qəbul olunduğu bir vaxtda qardaş ölkədə dövlət səviyyəsində atılan bu addım heç bir məntiqə sığmır. Azərbaycanın Türkiyədəki səfirliyi isə hadisəyə “xeyir-dua” verməklə kimin dəyirmanına su tökür? Səfirlik və diplomatik nümayəndəliklərin ümdə vəzifəsi ölkəsi barədə həqiqətləri təbliğ etməkdir. Belə olduğu halda Ankaradakı səfirliyimizin bu cür razılığı soyqırımı qurbanlarının ruhuna və milli heysiyyatımıza xəyanət deyilmi?
Abidənin açılışında iştirak edən Milli Məclisin üzvü Aqil Abbas Xocalı abidəsinə olan hörmətsizliyi çox normal qarşıladı. O, hətta bu məsələni mətbuata çıxarmamağı, “iki qardaş xalqı düşmən etməməyi” də tövsiyə etdi. Millət vəkili Azərbaycanda ermənilərin Türkiyəyə qarşı əkstəbliğat kampaniyasına başladığını dedi: “İndi bir sözdür də siliblər, nə olsun ki. Heç silindiyindən xəbərim də yoxdur. Amma biz Türkiyədə olanda da bu soyqırımı sözünə qarşı çıxanlar var idi. Çünki Türkiyənin ermənilərlə bir soyqırımı problemi var. Odur ki, bu məsələni şişirtməyək. Türklər bizə müharibə vaxtı da kömək ediblər. Biz bunu şişirtsək, türk qardaşlarımıza zərbə vurmuş olarıq”.
Xocalının keçmiş icra başçısı, deputat Elman Məmmədov bu abidənin açılışında iştirak etdiyini, amma “soyqırımı” sözünün silinməsindən xəbərsiz olduğunu bildirdi: “Abidənin açılışında iştirak etdim. Açılış zamanı abidənin üzərində “Xocalı soyqırımı” yazılmışdı. Amma Türkiyədən bizə qarşı bu hörmətsizliyi normal qarşılamaq olmur. Çünki bu gün ABŞ-ın 15 ştatı Xocalı soyqırımını tanıyır. Belə bir vaxtda qonşu və qardaş ölkənin bu addımına xəyanətdən başqa söz tapmıram”.
Məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin də münasibətini öyrənməyə çalışdıq. Lakin 3 gün ərzində etdiyimiz zənglər cavabsız qaldı. Sonda telefona cavab verən şəxs bu işlərə səfirliyin cavabdeh olmadığını bildirərək suallardan yayındı.
Qeyd edək ki, Uşak bələdiyyəsi abidəni şəhərin elə yerində qoyub ki, hər tərəfdən görünür. Turistlərin daha çox üz tutduğu ərazi daim qonaqlı olur…/azadxeber/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button