Aktual

İMAM MƏHƏMMƏD TƏQİ ƏLEYHİSSƏLAMIN HƏYATI

Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur.Atası səkizinci imam, Rza (ə), Anası Peyğəmbərin həyat yoldaşı Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanımdır O ,öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Rza (əleyhissəlam) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.

İmam Rza ələyhissalam vəfat edərkən İmam Cavad əleyhissəlamın təxminən səkkiz yaşı var idi.

Xeyir-bərəkətli bir təvəllüd

İmam Rza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (əleyhissəlam) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (əleyhissəlam) bizim yanımıza gəldi. İmam Riza (əleyhissəlam) buyurdu ki, şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”

İbn Əsbat və Əbbad ibn İsmayıl adlı iki şiənin dediyinə görə bir dəfə onlar İmam Rza əleyhissəlamın hüzurunda olarkən Həzrət Cavad əleyhissəlamı onların yanına gətirirlər. Onlar İmam Rza əleyhissəlamdan soruşurlar ki, bu həmin dediyiniz xeyir-bərəkətli uşaqdır? İmam Rza (əleyhissəlam) onların cavabında buyurur: “Bəli. bu İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”

İlk baxışda bu hədisdən belə başa düşülə bilər ki, İmam Cavad (əleyhissəlam) şiələr üçün bütün İmamlardan daha xeyirlidir. Xeyr, bu belə deyildir. Çünki əldə olan sübutlar göstərir ki, bu hədisdən məqsəd İmam Cavad əleyhissəlamın doğularkən şiələrə xüsusi xeyir-bərəkət ərməğan etməsidir. Belə ki, İmam Rza əleyhissəlamın dövrü xüsusi bir mərhələ olmuş və o Həzrət özündən sonrakı İmamı təyin etməkdə keçmiş İmamların heç birinin üzləşmədiyi bir sıra çətinliklərlə üzləşmişdir. Çünki bir tərəfdən İmam Kazim əleyhissəlamın şəhadətindən sonra Vaqifilər adlanan bir dəstə şiə, maddi məqsədə görə İmam Rza əleyhissəlamın İmamətini qəbul etməmiş, digər tərəfdən də, o Həzrətin (İmam Rza əleyhissəlamın) təxminən qırx yeddi yaşına qədər uşağı olmaması Peyğəmbərdən (səlləllahu əleyhi və alih) olan hədisdə şiə İmamlarının sayının on iki nəfər olub onların doqquzunun İmam Hüseyn əleyhissəlamın nəslindən olacağı fikrinə əsasən, həm o Həzrətin öz İmamətini, həm də İmamətin davam edəcəyini sual altına alırdı. Vaqifilər də, məhz bu məsələni bəhanə gətirib İmam Rza əleyhissəlamın İmamətini qəbul etməkdən imtina edirdilər.Vaqifilərin başçılarından olan Hüseyn ibn Qiyamə İmam Rza əleyhissəlamı sonsuz qələmə verib ona yazdığı məktubda deyir: “Sənin uşağın olmadığı bir halda necə İmam ola bilərsən?” İmam Rza (əleyhissəlam) onun cavabında yazır: “Sən haradan bilirsən ki, mənim uşağım olmayacaq? And olsun Allaha bir neçə gün keçməz Allah mənə haqqı batildən ayıran bir övlad verər.Nəhayət İmam Cavad əleyhissəlamın doğulması bu ixtilafa son qoyur. Beləliklə də, İmam Rza (əleyhissəlam) və şiələrin bu sahədəki mövqeyi möhkəmlənir, nəticədə şiəliyin etibarı artır.

Beləliklə, İmamətlə düşmən olanların Allah nurunu söndürmək üçün qurduqları planlar boşa çıxır və Allah-taala onları rüsvay edir.

İmam Cavad əleyhissəlamın şəhadəti

Hicrətin iki yüz on səkkizinci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim xəlifə olur. O, İmam Cavad əleyhissəlamı öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (əleyhissəlam) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavad əleyhissəlamın verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur.”

Qəlbində İmam Cavad əleyhissəlama qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmam əleyhissəlamı öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavad əleyhissəlamı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (əleyhissəlam) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.

O,Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazim əleyhissəlamın məzarının yanında dəfn olunmuşdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button