Müsahibə

Zərdüşt Əlizadə: İsrail beynəlxalq hüququ tanısa, İran da onu tanıyar

Politoloq Zərdüşt Əlizadə İslaminsesi.az saytına müsahibəsində ABŞ-İran münasibətlərini, İranın bölgədəki problemlərin həllinə cəlb olunması və sair mövzuları şərh edib.

– İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin ABŞ prezidenti ilə telefon danışığı iki ölkə arasındakı gərginliyin aradan qalxmasına ümidi artırdı. Tehran ilə Vaşinqton arasında münasibətlərin yumşalması bölgəyə hansı dividentləri gətirə bilər?
– İran və ABŞ münasibətlərinin normallaşması bölgəyə mütləq xeyir gətirəcək. İki ölkə arasında diplomatik əlaqələrin bərpa olunması mənasız qarşıdurmalara, gərgin kəşfiyyat əməliyyatlarına, terror aktlarına son qoya bilər. Heç kəsə sirr deyil ki, İranın nüvə sahəsində çalışan alimlərinnin qətlinin arxasında İsrail və ABŞ kəşfiyyatı durur. Bu isə birbaşa İrana qarşı terror aktıdır. Sübut olunmamış terror aktı. Həmçinin ABŞ və İsrailin İranın nüvə potensialı ilə bağlı dünya miqyasında bilərəkdən ortaya atdığı yalançı iddialarına son qoya bilər.

– Bəzi ekspertlər bu barışığın bir oyun olduğunu iddia edirlər. Sizcə, qeyri-səmimilik tərəflərin “barışıq” oyununun harasındadır?
– Ümumiyyətlə, oyun insan və dövlətin münasibətlərində mövcuddur. Həyatda tam səmimilik yoxdur. Bunu biz həm gündəlik həyatımızda, həm də beynəlxlq münasibətlərdə müşahidə edirik. Ancaq müqəddəs insanlar bu mənada istisnadır. ABŞ və İran məsələsinə gəldikdə isə, iki ölkə arasında əlaqələrin düzəlməsi onların münasibətlərinin yaxşılaşmasına xidmət edə bilər.

– ABŞ-İran münasibətlərinin yeni ilıq mərhələyə keçmək mümkünlüyü İsrailin bölgədəki mövqeyinə necə təsir edəcək?
– ABŞ-İran münasibətləri normallaşacağı təqdirdə, rəsmi Təl-Əviv böyük xeyir əldə edə bilər. Çünki onlar hər zaman rəsmi Vaşinqtona İrandan gələn təhlükədən şikayət edir.
H.Ruhani çıxışlarından birində, Holokosda baş verən hadisələri düzgün şəkildə dilə gətirmişdi. Bu, İran radikallarının xoşuna gəlsə də, gəlməsə də rəsmi Tehranın beynəlxalq nüfuzunun güclənməsinə xidmət etdi. Bununla H.Ruhani səmimi siyasət aparacağına bir daha hər kəsi, xüsusilə də İran xalqını inandırdı.
Təl-Əviv Fələstinlə ortaq məxrəcə gələ bilsələr, fələstinlilərin dövlət hüququnu tanısalar, nə zamansa İran da İsraili bir dövlət kimi tanıya bilər.

– İranın dünya güc mərkəzlərinin oyunlarına cəlb olunmasında hansı bölgə dövlətləri və nə üçün maraqlı deyil?
– Hər bir dövlət qüvvələri nisbətində öz payını almağa çalışır. Bu mənada İranın güclənməsində onunla daima rəqabət aparan regional dövlətlər maraqlı deyillər. Əksinə həmin regional dövlətlər İranın tarixi prosesin obyekti olaraq qalmasında maraqlıdırlar. Bu subyektə çevriləndə isə, regional dövlətlərin xarici siyasətində mürəkkəblik və gərginlik yarada bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button