Qadin və hicab

Həyanın əhəmiyyəti

İnsanın fitri sifətlərindən biri də həyadır. Həyanın iki növü vardır: ümumi və xüsusi. Ümumi həya odur ki, cəmiyyətdə lazımlı qədər həyaya və utancaqlığa malik olasan. Xüsusi həya isə odur ki, ailədə lazımlı qədər həyaya və utancaqlığa malik olasan.

Ümumi həya cəmiyyətə aid bir həyadır. Misal üçün bir insan din aliminin yanında bir iş görməkdən həya edər. Bu cür həya ictimai rabitələrdə özünü büruzə verər.

Amma xüsusi həya ailə mühitinə aid olan bir həyadır, yəni həyat yoldaşları arasında olan həyadır. Ailə övladlara həyanı təlim verən ilk məktəbdir. Valideynlər onlara sözlərində, rəftarlarında və geyimlərində həyaya riayət etməyi öyrədir. Ailə mühitində iffət və həya sərhədləri qorunmalıdır. Hətta danışan zaman belə həyaya riayət etmək lazımdır. Allah Təala ailədə həyanın qorunmasına dair bəzi göstərişlər vermiş və buyurmuşdur: “Ey iman gətirənlər, sizin qullarınız və həddi-büluğa çatmayanlarınız (şəxsi yaşayış yerlərinizə daxil olanda qəflətən girməli deyil,) üç dəfə (üç vaxtda) icazə almalıdırlar: Sübh namazından qabaq, günorta paltarlarınızı çıxardığınız zaman və işa namazından sonra ki, (həmin) üç vaxt sizin xəlvət vaxtlarınızdır. Bundan (həmin üç vaxtdan) sonra sizə və onlara (icazəsiz daxil olmaq) günah deyildir, (çünki) onlar həmişə (ünsiyyət zərurəti üzündən) sizin ətrafınıza dolanırlar (və yaxud sizin bir-birinizlə işiniz olur, get-gəl edirsiniz və hər dəfə icazə almaq çətindir). Allah ayələri (hökmlərini) sizə bu cür bəyan edir. Allah bilən və hikmət sahibidir”. (“Nur” 58).

Həyanın əhəmiyyəti.
Həyanın ağılın yanında məqamı böyükdür və həya hədislərdə də xüsusi əhəmiyyətə malik olan bir sifətdir. İmam Əli (ə) buyurur: “Adəmin həyasının çoxluğu imanının dəlilidir”. “İffətin hədiyyəsi – həya və utancaqlıqdır”. “Dinin ən gözəl libası – həyadır”.

Həya olmadan iffətin mənası olmaz. İffət insanı mənəviyyata çatdırar. Bir gün bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ya Rəsulallah! Mənə nəsihət verin!”. Həzrət (s) buyurur: “Heç bir zaman qəzəblənmə ki, onda Pərvərdigar ilə münaqişə vardır”. Kişi deyir: “Daha çox deyin”. Həzrət (s) buyurur: “O şey üçün ki, üzr istəməlisən, ondan çəkin ki, onda gizli şirk vardır”. Kişi yenə həmin sözü təkrar edir. Həzrət (s) buyurur: “Namaz qılan zaman elə bil ki, sənin axırıncı namazındır. Allahdan həya et, necə ki, ən yaxşı qonşundan həya edirsən. Çünki bu, yəqini çoxaldar”.

İnsan həmişə yaxın qonşusundan həya edər və çalışar ki, abırı onun yanında getməsin. Həzrət Peyğəmbər (s) buyurur ki, əgər Allahdan bu cür həya etsən, yəqinin artacaqdır. Çünki imanın ən üstün dərəcəsi – yəqindir. Başqalarından həya etdiyimiz kimi, Allahdan da həya etməliyik. Yəni, günah işlətməməliyik.

Bəzi günahlar vardır ki, həya pərdəsini cırar və onlar ibarətdir: şərabxorluq, qumarbazlıq, yersiz söz danışmaq, nəzakətdən uzaq zarafat etmək, başqalarının eybini dilə gətirmək, əxlaqsız insanlarla oturub-durmaq.

İmam Sadiq (ə) buyurur ki, hər bir Allah bəndəsi ilə Allah arasında 40 pərdə vardır və bəndə nə zaman günah işlətsə, bu pərdələrdən biri cırılar. Çalışaq ki, həya pərdəsini günahlarla cırıb parçalamayaq.

 Tebyan.net

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button