Aktual

“Bu gün yalnız bir əlin beş barmağı qədər ziyalılarımız var”

Azərbaycanın böyük ziyalısı, professor Rafiq Əliyev “Hürriyyət” qəzetinə müsahibəsində Azərbaycanda barmaqla sayılacaq qədər əsl ziyalının olduğunu bildirib. Onun dediyinə görə, 30 il, 40 il qabağa getsək görərik ki, bizim Ziya Bünyadov, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Tofiq Bayramov kimi əyilməz, sınmaz, millət üçün canından keçən insanlarımız var idi. Bu insanlar yetərincə çox idi. İndi isə millət uğrunda canından keçəcək insanların sayı bir əlin beş barmağı qədərdir. Onlar qalmadı: “Qalmadı ona görə ki, bəlkə də insanların çoxunu maddi durumla bağlı sındıra bildilər. Rəhmətlik Famil Mehdi bu məsələ ilə bağlı öz fikirlərini sadəcə şeir xatirinə yazmırdı. O, bu problemin bütün ağrılı və təhlükəli tərəflərini dərk edirdi və ona görə yazırdı ki, “dilən professor, utanma dilən”. O, öz gördüyünü yazmışdı. Famil Mehdinin başqa bir şeiri də var. Şerin adı “Qul bazarı”dır. O, bu şeiri mənim xahişimlə yazıb. Mən işə gedəndə yolum hər gün bir qayda olaraq qul bazarının yanından keçirdi. Orda baş verənləri müşahidə edəndə ürəyim parça-parça olurdu. Quşlar üzüm və ya taxıl yığımı başa çatandan sonra əraziyə necə hücum edirlərsə, qul bazarına bir avtomobil yaxınlaşanda oradakı insanlar da maşınlara elə cumurdu. Bu mənzərəni görəndə mənim başımdan tüstü qalxırdı. Mən Famil Mehdidən xahiş etdim ki, bunu poeziya dilində qısa da olsa təsvir etsin. Bu insanlar çörəklə imtahana çəkilirdi. Onların içində elmlər namizədi var idi. Onların içində alimlər var idi. Digər peşə və sənət sahibləri də var idi. İnsanları maddi durumlarının acınacaqlı olmasından istifadə edərək, bəzi şirnikləndirici vasitələrlə və s. ilə sındıra bildilər. Bu səbəbdən aydınların toplam işığı bu qaranlığı dağıdacaq işıq seli qədər olmadı. Buna görə də belə bir vəziyyət formalaşdı. Təəssüflər olsun ki, bu gün yalnız bir əlin beş barmağı qədər ziyalılarımız var. Əyilməyən, sınmayan, sözünü deyə bilən ziyalılarımız sayı yalnız bu qədərdir”.

Professor bildirib ki, Qarabağın azadlığı da, əxlaqı keyfiyyətlərimizin bərpası da, demokratik cəmiyyətin formalaşması da, korrupsiyadan, rüşvətdən xilas olmağımız da nəfsimizlə mübarizədən keçir: “Biz bu mübarizədə qalib gəlməli, yüksək əxlaqi dəyərlərə malik cəmiyyət yaratmalıyıq. Ölkədə yüksək təhsil qurulmalı, ölkə səhiyyəsi mövcud durumdan xilas edilməlidir. O zaman mənəviyyatı maddiyatdan üstün tutan ziyalılar əmələ gələcək, onlar da öz növbəsində ictimaiyyətin, cəmiyyətin fikrinə təsir edə biləcəklər”.

R.Əliyev Qarabağın işğaldan azad edilməsinin yolunun azad və demokratik bir cəmiyyətin qurulmasından keçdiyini də vurğulayıb.

Professor ölkədə tüğyan edən korrupsiyadan da danışıb: “Korrupsiya çox böyük ictimai təhlükə kəsb edir. Cəmiyyəti korrupsiya qədər içəridən yeyən, onu daxilən çökdürən heç nə yoxdur və ola da bilməz. Mən nə zamansa bu problemin də həll ediləcəyinə inanıram. Amma bu məsələdə də dəqiq, konkret vaxt qoymaq çətindir. Korrupsiya elə bir bəladır ki, o cəmiyyəti çürüməyə, aşınmaya məruz qoyur. Buna görə də cəmiyyəti çürüməkdən qorumaq üçün korrupsiyaya qarşı sərt şəkildə mübarizə aparmaq lazımdır”.(musavat)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button