ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən ekoloji terror və polis zorakılığına dair

Uzun illərdir Azərbaycan təbiətinin dilbər guşələrindən olan Gədəbəy rayonu Əliyevlər rejiminin ekoloji terroru ilə üz-üzədir.
Hakim ailəyə məxsusluğu beynəlxalq jurnalist araşdırmaları ilə təsdiq olunmuş Gədəbəy qızıl yataqlarının istismarı zamanı köhnəlmiş və ucuz texnologiyaların tətbiqi nəticəsində əmələ gələn külli miqdarda sianid tullantılarının Söyüdlü kəndinin 10 ha ərazisində yaradılmış suni gölə axıdılması, bu gölün təhlükəsizlik standartlarına cavab verməməsi yerli insanlara əsl ekoloji faciə yaşatmaqdadır.
Yüksək toksiklik dərəcəsi ilə səciyyələnən sianid turşusu tullantılarının illər uzunu heç bir təhlükəsizlik tədbirləri görülmədən Söyüdlü kəndi ərazisində yaradılan süni gölə axıdılması kəndin və Gədəbəy rayonunun ekologiyasına, sakinlərin həyatına və sağlamlığına, kənddə yetişdirilən kənd təsərrüfatı məhsullarına ağır neqativ təsir göstərib. Söyüdlü sakinlərinin iddiasına görə havanın və suyun toksik tullantılarla zəhərlənməsi fonunda kənddə xərçəng və digər ağır xəstəliklər kütləvi şəkildə yayılıb, ölüm yaşı kəskin azalıb, meyvə və tərəvəz məhv olur.
Bunlar azmış kimi ölkənin bütün yeraltı və yerüstü sərvətlərini ələ keçirən, bitib-tükənmək bilməyən varlanmaq ehtiraslarının əsiri olan Əliyev rejimi yoxsul həyat yaşayan bu insanların həm 48 ha örüş yerlərini əllərindən almaqla, həm də həmin ərazidə zəhərli sianid tullantıları üçün ikinci süni göl yaratmaqla onlara daha bir zərbə vurmağa hazırlaşır.
Təbiətə, ətraf mühitə, insan sağlamlığına, milli genofondumuza qarşı törədilən bu ekoloji terrorun qarşısını almaq istəyən Söyüdlü sakinlərinin üzərinə Daxili Qoşunların hissələrinin yeridilməsi, dinc etiraza qalxmış Azərbaycan qadınlarına, analarına, yaşlı insanlara qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə etməklə törədilən zorakılıq, yaxın məsafədən yaşlı ananın gözünə bibər qazının sıxılması, şəhid anasının yerlə sürüdülərək dəyənəklə, təpiklə döyülməsi kimi vəhşiliklər Azərbaycan hakimiyyətinin anti-milli, anti-insani və anti-humanist mahiyyətini bir daha bütün çılpaqlığı ilə ortaya qoydu.
Daha çox sərvət qazanmaq naminə həmin sərvətin yoxsul və miskin həyata tərk edilmiş gerçək sahiblərinin sianid tullantıları ilə zəhərləndirilməsi, xalqın etiraz səsinin aşırı güc tətbiqi və zorakılıqla boğulması, yaşamaq, zəhərlənib ölməmək üçün səsini ucaldan insanların az qala Qərb kəşfiyyat dairələrinin agentura şəbəkəsinə aid edilməsi Əliyevlər iqtidarının xalqdan nə qədər uzaq düşməsinin, Azərbaycanı polis dövlətinə çevirməsinin və xalqla yalnız zor, basqı dilində danışmasının əyani sübutudur.
Söyüdlü kəndinin polis gücləri tərəfindən mühasirəyə alınması, kəndə giriş və çıxışların qapadılması isə Stalin dövrü təcrübələrinin təkrarı kimi hiddət və qəzəb doğurmaya bilməz.
Demokratik Qüvvələrin Milli Şurası olaraq Azərbaycan hakimiyyətindən Söyüdlü sakinlərinə qarşı törədilən ekoloji terrora və polis zorakılığına son qoymağı, qanunsuz və əsassız şəkildə inzibati qaydada həbs edilən insanların azad olunmasını tələb edirik.
Söyüdlü kəndi ərazisində mövcud olan, təbiətin məhvinə, ətraf mühitin çirklənməsinə, Söyüdlü kəndinin, Gədəbəy rayonunun və potensial olaraq bütün Azərbaycanın ekoloji fonunun pisləşməsinə səbəb olan yüksək təhlükəli sianid tullantılarından ibarət süni göl təbiət, ətraf mühit, insan həyatı və sağlamlığı üçün təhlükəsiz vəziyyətə gətirilməli, ikinci süni gölün yaradılması kimi anti-milli və anti-bəşəri təşəbbüsdən dərhal imtina edilməlidir.
Milyardlar qazanmaq qayğısı ilə yaşayan rejim həm də etiraz edən Söyüdlü sakinlərinin zahiri görkəmlərindən yağan yoxsulluqdan, ən azı sərvət uğruna talan etdikləri neft və milyardlar səltənətinin insanların böyük əksəriyyətinin dişsiz olmasından utanmalıdır. Azərbaycanın strateji valyuta ehtiyatının 60 milyard dolları ötməsi ilə öyünən İlham Əliyev həm də bu yoxsul və mərd insanların prezidenti olduğunu unutmamalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button