ArxivXəbər lentiXəbərlər

Azərbaycan hakimiyyəti AŞPA-da qəbul edilən hesabatla dünyada ifşa olundu

AXCP sədri Əli Kərimli AŞPA-da Azərbaycan hakimiyyətinin korrupsiyası ilə bağlı qəbul edilən hesabatın ölkəmizi bütün dünyada rüsvay etməsindən və xalqımızın yeni yaranmış vəziyyətdə atmalı olduğu addımlardan öz fb səhifəsində yazıb:

AŞ PA hesab edir ki, bu qurumda korrupsiya ilә bağlı beynəlxalq QHT-lər, KİV-lər və jurnalist araşdırmaları vasitəsilə indiyә qәdәr irәli sürülmüş ittihamlar şübhə altına alına bilirdisə, onun özünün təyin etdiyi müstəqil təhqiqatçıların hesabatından sonra bu ittihamlar təsdiq olunur və mübahisəsizdir. Bilirsiniz hansı faktlar mübahisəsiz adlanır? Bundan əvvəl yazmışdım, AŞ PA üzvlərinin Azərbaycandan rüşvət alması ilə bağlı müstəqil istintaq qrupunun hesabatından söhbət gedir. Həmin 219 səhifəlik hesabatda Azərbaycan rəsmilərinin ölkədəki insan hüquqları pozuntularını və seçki saxtakarlığını ört-basdır etmək üçün onlarla AŞ PA rəsmisinə pul, kürü, zinət əşyaları və cinsi xidmət üçün azərbaycanlı qızları hədiyyə etdiyi təsdiqlənirdi. Bu gün AŞ PA bütün bu rüsvayçılıqların baş vermiş mübahisəsiz faktlar olduğunu təsdiq etdi.

Haradadır o “ümummilli lider və onun layiqli davamçısının” uğurlu daxili və xarici siyasəti haqda ağızdolusu danışan yaltaqlar dəstəsi? Yaxın otursunlar, baxsınlar və görsünlər ki, İlham Əliyevin idarəetməsi ölkəmizi dünyada necə rüsvay etdi. AŞ PA-da Azərbaycan hakimiyyətinin AŞ PA prezidenti başda olmaqla, bu qurumun rəsmilərinə rüşvət verməsini təsdiq edən hesabat bu gün az qala yekdilliklə – 123 lehinə, 9 (6-ı Azərbaycan nümayəndə heyəti olmaqla) əleyhinə – təsdiq olundu.

AŞ PA üzv ölkələrin parlamentlərindən tələb edir ki, korrupsiyaya bulaşmış üzvlərilə bağlı tədbirlər görsün. AŞ PA hesab edir ki, hesabatın ortaya qoyduğu konkret cinayətlərlə bağlı üzv dövlətlərin prokurorluq orqanları cinayət işləri açıb, adı çəkilən şəxslərin cinayət məsuliyyətini müəyyən etməlidirlər…

Bəli, bu qətnamə ATƏT-in seçki hesabatından sonra dünya birliyinin Azərbaycandakı korrupsiya piramidasına vurduğu növbəti güclü zərbədir. Rejim bütün dünya boyunca ifşa olundu. Ancaq mən rejimə qarşı prinspial müxalifətdə olan bir siyasətçi olsam da, bu nəticədən məmnun deyiləm. Mən məmnunluq yox, utanc hissi yaşayıram. Rəsulzadə yurdunun dünyada bu şəkildə rüsvay edilməsinə görə utanıram. Milyonlarla namuslu, ləyaqətli soydaşımın yaşadığı Vətənimin hakimiyyətinin öz cinayətlərini gizlətmək üçün bu millətin qadınlarını əcnəbilərə rüşvət kimi təklif etməsinin xəcalətini çəkirəm. Biz millətcə bu xəcalətdən qurtulmanın yolunu tapmalıyıq. Vətənimizi, xalqımızı bütün dünyada rüsvay edənlər mütləq bunun hesabını verməlidirlər və verəcəklər!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button