Aktual

Putinin Bakı səfərinin daha bir sensasiyalı pərdəarxası

Qərblə Rusiya arasında maraqlar uğrunda geosiyasi savaşın əsas cəbhə xətti Güney Qafqaz, Ukrayna və Moldovadan keçir yazsaq, yanılmarıq. Söhbət konkret olaraq Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa Birliyinə (AB) gözlənilən assosiativ üzvlükdən gedir.
Gələn ay – noyabrın 26-da Litvanın paytaxtı Vilnüsdə keçiriləcək AB-nin genişlənmə sammitində assosiativ üzvlüklə bağlı müqavilə adı çəkilən ölkələr tərəfindən imzalanmalıdır. Azərbaycanın bu sənədə qoşulması bir az sonraya nəzərdə tutulsa da, Bakı üçün də gec-tez qaçılmaz olacaq.
AB-yə assosiativ üzvlük isə bu dövlətlərin tədricən təşkilatın iqtisadi-maliyyə, ardınca isə siyasi çətiri altına keçməsi üçün əlverişli zəmin yarada, onları Rusiyanın təhdidlərindən uzaqlaşdıra bilər. Təbii ki, bu perspektivi Moskva həyəcanla izləyir və hər vəchlə prosesə mane olmağa, Güney Qafqaz ölkələri, Ukrayna və Moldovanı bir an öncə özünün yaratdığı Gömrük İttifaqına (Gİ) – SSRİ-nin yeni forması olacaq Avrasiya İttifaqının bərpası yolunda həlledici sayılan bir aralıq quruma qoşmaq istəyir.
Təbii ki, bu yöndə Kreml yaxın xaric ölkələrinə ən müxtəlif təzyiqlər göstərməkdədir. Şimal qonşumuz öz hədəfinə çatmaq üçün nəinki iqtisadi-ticari xarakterli təhdid vasitələrini, həmçinin başqa hədəfləri işə salıb. Təsadüfi deyil ki, ötən həftə Avroparlament Kremlin “Yaxın xaric” saydığı ölkələrə təzyiqləri pisləyən xüsusi qətnamə qəbul elədi.
Srağagün isə nüfuzlu Amerika nəşri olan “Washington Post” öz redaksiya məqaləsində bu mövzuya toxunaraq yazmışdı ki, Rusiya Vilnüs sammiti yaxınlaşdıqca “Şərq tərəfdaşlığı” ölkələrini Gİ-yə qatmaqdan ötrü hətta cəza tədbirləri həyata keçirməyə başlayıb.
Əfsus ki, belə tədbirlər effekt verməkdədir. Artıq Ermənistan təslim olub. İndi Moskva əsasən Ukrayna və Moldova uğrunda mübarizə aparır. Rusiya ümid edir ki, rəsmi Kiyev və Kişinyov da analoji addımlar ataraq Gİ-yə qoşulacaq, bununla da AB-yə assosiativ üzvlük məsələsi əsasən gündəmdən çıxmış olacaq. Çünki eyni zamanda Gömrük və Avropa ittifaqlarında üzvlük qeyri-mümkün sayılır. İkinci yandan, Kreml rəhbərliyi inanır ki, Güney Qafqazın açar iqtisadi ölkəsi olan Azərbaycan təklənmiş duruma düşəcəyindən Rusiyanın iradəsi əleyhinə çıxa bilməyəcək.
Yazıya belə geniş giriş verməyimiz də məhz Azərbaycan hakimiyyətinin, deməli, həm də Azərbaycanın məsələ ilə bağlı düşdüyü durumun mürəkkəbliyini diqqətə çatdırmaqdır. Əldə elədiyimiz mötəbər bilgilərə görə, Moskva bununla bağlı öz qərarını açıqlamaq üçün Bakıya konkret vaxt qoyub – 15 dekabr. Özü də bu vaxtı Rusiya prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı müəyyən edib. Niyə 15 dekabr?
Versiyalardan biri odur ki, Putin prezident seçkiləri ərəfəsində Əliyev hakimiyyətini qəliz vəziyyətə salmamaq, müxalifətə güclü kontur-təbliğat mövzusu bəxş etməmək üçün bir qədər uzaq möhlətə razılaşıb. Ancaq Bakı danışıqlarının həddən ziyadə gərgin keçdiyini diqqətli müşahidəçi Azərbaycan prezidentinin mətbuat konfransındakı məharətlə gizlədilən dilxor ovqatından da asanca sezə bilərdi. İstisna deyil ki, tərəflər arasında hansısa şifahi anlaşma olub. İkinci versiya belədir ki, Rusiya Vilnüs sammitinin yekununu gözləmək, ona qədər də var gücünü Ukrayna ilə Moldovanı ram etməyə yönəltmək üçün 15 dekabrı seçib.
Müxtəsəri, Azərbaycana müvəqqəti güzəşt edilib. 15 dekabr tarixi seçim anına isə bir şey qalmır. 9 oktyabr “cəhənnəmi”ndən uğurla çıxacağı təqdirdə rəsmi Bakının ilk ən böyük imtahanının məhz Gömrük İttifaqı ilə bağlı olacağı indi artıq şübhə doğurmur. Odur ki, hər iki seçim variantına hazırlıq görülür.
Bu xüsusda prezidentliyə iqtidaryönlü namizədlərdən olan Qüdrət Həsənquliyevin ötən şənbə teledebatında səsləndirdiyi “Rusiya Dağlıq Qarabağ problemini ədalətli həll edərsə, Gömrük İttifaqına da, Avrasiya Birliyinə də girmək olar” fikrini bır çox siyasi analitiklər təsadüfi saymır, Həsənquliyevin sözü yox, iqtidarın onun dili ilə gündəmə gətirmək istədiyi mövqenin anonsu hesab edirlər.
Belədirsə, demək, hakimiyyət ön hazırlıqlara start verib. Ola bilsin, seçkilərdən sonra ictimai rəyi hazırlamaq üçün bu istiqamətdə təbliğat kampaniyası qəfil gücləndirilsin. Yəni guya Gİ-yə qoşulmağı milli maraqlarımız, Qarabağ məsələsi diktə edir. Yeri gəlmişkən, ilğımdır. Moskva konflikti ədalətli həll eləmək istəsəydi, bunu 1988-91-ci illərdə – köhnə İttifaq dövlətinin, SSRİ-nin mövcud olduğu son 3 ildə edərdi. İndi təzədən yaradılacaq “SSRİ”-də möcüzə baş verəcəyini gözləmək sadəlövhlük olardı.
Əslində məntiqlə, ortaq dəyərləri bölüşdüklərindən Azərbaycan hakimiyyətinin (Azərbaycan dövləti ilə qarışdırmamalı) yeri Rusiyanın yanıdır, Avropa İttifaqının yox…

***
Putin isə belə görünür, Gİ probleminin uzağı bu ilin sonunadək yekunlaşdırmaq, təzə ili Avrasiya Birliyinin qurulması yolunda olduqca mühüm, tarixi bir uğurla qarşılamaq amacındadır. Alınacaqmı? Hər halda çətin olacaq. Həm də o səbəbə ki, Azərbaycan Ermənistan deyil, regionun Qərbə yetərincə güclü iqtisadi-siyasi bağlarla bağlanmış açar ölkəsidir.
Ukrayna da asan sındırıla bilən qoz sayılmaz. Ukrayna Radası artıq AB-nin assosiativ sənədini imzalamaq üçün hökumətə tövsiyə xarakterli qərar qəbul edib. Hətta Gİ təsisçilərindən olan Qazaxıstanın özündə ölkənin qurumdan çıxması, perspektivdə isə Avrasiya Bitliyinə girməməsi üçün böyük miqyaslı kampaniya başlayıb. Kampaniyanın təşəbbüsçüləri referendum keçirilməsini tələb edirlər və bu məqsədlə Alma-Atada təşəbbüs qrupu toplantı da keçirib. 200 min imza toplanarsa, konstitusiyaya görə məsələ referenduma çıxarılacaq.
Bundan əlavə, Qazaxıstanın nüfuzlu ictimai xadimləri, vətəndaş cəmiyyəti sektorunun nümayəndələri hakimiyyətə Avrasiya İttifaqından imtina tələbi ilə müraciət ünvanlayıblar. Diqqətçəkəndir ki, kampaniyada gənclər xüsusi aktivliyi ilə seçilir. Etirazçılara görə, Avrasiya və Gömrük İttifaqlarına üzvlük Qazaxıstanın dövlətçiliyinə böyük təhlükədir və ölkəyə heç bir siyasi-iqtisadi qazanc vəd eləmir…
Bir sözlə, yeni il Putin üçün də düşərli olmaya bilər.

carci

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button