ArxivQadin və hicabXəbər lentiXəbərlər

Xərçəng xəstəsi, oğlunu axtaran tənha ana və əlçatmaz 190 manat… 

Rayonu şəhərdən fərqləndirən bir məqam da burada insanların iç-içə yaşamasıdır: hər kəs bir-birini tanıyır, bəlkə də, “rayon, kənd yerində xəbər tez yayılır” sözü buradan qaynaqlanıb.
Şəhərdə sanki zaman sürətli, yaşam o qədər sıxdır ki, həyatı çatışmazlıqlarla dolu olan insanları televiziyada fərq edirik.
Artıq ölkədə karantin günlərində iş mühiti dayanıb, “dolanmaq üçün işləməliyəm” fikri “yaşamaq üçün “evdə oturmalıyam”la əvəzlənib. Buna görə də insanların hökumətdən gözləntisi artıb və hər kəs ona çatacaq 190 manat müavinəti gözləyir. Amma görünən odur ki, karantin günlərində az da olsa, insanlara təskinlik gətirəcək 190 manat hamıya çatmayacaq. Kimisi pensiya alır, kimisinin torpağı var deyə.
Bu günlərdə 190 manatın ona da çatmalı olduğunu düşünən, “amma pensiya alanlara düşmür” açıqlamasını eşidən Nərgiz İbrahimova Toplum.Tv-yə deyir ki, 60 yaşı var.
O, Zərdabda yaşayır, 2 uşaq anasıdır. Ərini iki ildir ki, qaraciyər serrozundan itirib.
Gəlin köçəndən əri ölənədək kirayələrdə yaşadığını deyir. O günləri xoşbəxt günlər kimi yad edən qadın cavan vaxtlarından dolanışıq üçün bazarda, sexdə işlədiyini bildirir.
İndi isə işləyə bilmir, çünki onkoloji xəstədir.
“Mənə baxanda deyirlər boyun-buxunun yerində, amma nə bilsinlər ki, elə gün olur ev süpürməyə, durub adi çay süzməyə taqət tapmıram”, – deyə bildirir.
Qızını ər evinə köçürüb, oğlu isə işləmək adıyla başqa ölkəyə üz tutub. Oğlundan xəbər ala bilməyən ana TV-lərin birində yayımlanan verilişə belə çıxdığını deyir. Bunları danışarkən gözləri dolur, danışa bilmir.
Bu evdə olduğum müddətcə bu şeirdə bir yalqızın həyatının şeirdəkindən fərqli olduğunu görürəm. Köhnə döşəməyə nimdaş, ancaq təmiz xalılar döşənib, qapısı olmadığından otaqlar görünməsin deyə qapı yerinə ağ pərdələr asılıb, bəlkə, kimsə gələr deyə qaynar çaydan üstündə dəmlənən pürrəngi çay hazır gözləyir…
Evdən nə gül-çiçək, nə ətir iyi gəlir, duyduğumuz təmizliyin iyidir. Dediyinə görə, 130 manat pensiya alır, amma ilk dəfədən belə olmayıb. Əvvəllcə 2 dəfə 60 manat alıb, sonra 100 manat,  indi də 130 manat.
“Xəstə olmasam, bu pul mənə bir ay bəsdir, hələ 5-10 manat qırağa da qoya bilərəm, tək adamam. Amma bədənimə vurulan “ximiya”nın qiyməti elə 140 manatdır, əlavə də şəhərə gəlib-getmək üçün yol pulu, həkimin yazdığı ağrıkəsicilər aldığım 130 manatı üstələyir. Heç olmasa bu yardımdan ala bilsəm, yığılıb qalan iynə-dərmanı alaram. 2 həftədir ağrıkəsicilərlə başımı aldadıram”. – deyir.
Nərgiz İbrahimova deyir ki, ayı aya calayır, borc alır, sonra ay sonu pensiya gələndə qaytarır. Yollar bağlı olduğundan müalicəsi üçün bir ay gecikir.
Dediyinə görə, tibbi yardım maşını rayondan şəhərə xəstə aparmaq üçün 100 manat istəyir: “Mənimsə buna imkanım yoxdur, məcburam gözləyim. Elə adamlar var ki, uşağın əlinə banan verir buraxır çölə. Düşünmür ki, hamı ala bilmir, başqa uşaqların da nəfsi keçər. Eləsi də var ki, hər şeyi var, elə həmişə yardım üçün yazır, pozur. Onları qınamıram, indiki dövrdə ağlamayana kökə yoxdur”.
Evdən çıxarkən reportaj üçün bir-iki şəkil çəkdiyimizi görən Nərgiz xala: “Bir köməyi olar? 190 manat mənə də düşər?”, – deyə soruşur.
Mən isə onun problemini ictimailəşdirəcəyimizi deyib sağollaşıram.
 
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button