ArxivXəbər lentiXəbərlər

Türkiyənin özəl aviaşirkətlərinin Ermənistana təyyarə reysləri var

Ötən gün mətbuatda Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı ilə bağlı xəbərlər yayıldı və Azərbaycan ictimaiyyətində geniş rezonans doğurdu. Bunun ardından Türkiyə rəsmiləri xəbəri təkzib edərək, Ermənistana təyyarə reysinin açılacağı ilə bağlı məlumatların doğru olmadığını bildirdilər.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral APA-ya açıqlamasında “Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan xəbərlərin yalan olduğunu deyib.

Səfir bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb:“O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir”.

Qeyd edək ki, “Anadolu agentliyi”nin ingilis dili bölməsində noyabrın 24-də “Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilmişdi. Xəbər rəsmi qaydada təkzib olunsa da, onun yayılmasının təsadüf olmadığı da ortadadır. Bəs Türkiyə hökuməti nə vaxtsa belə bir addım ata bilərmi? Bu, baş verərsə, Azərbaycan tərəfinin reaksiyası necə olar?

Musavat.com-a danışarkən bu sualları cavablandıran politoloq Şahin Cəfərli qeyd etdi ki, Türkiyədən Ermənistana təyyarə reysləri bir müddətdir ki, mövcuddur: “Mediamızın bu barədə verdiyi başlıqlar bəzən yanıldıcı olur və insanları çaşdırır. Yəni “Türkiyədən Ermənistana təyyarə reysləri açılacaq” və ya yaxud bunun əksi olan “Türkiyədən Ermənistana təyyarə reysləri açılmayacaq” şəklində başlıqlar yanlışdır. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Türkiyə ilə Ermənistan arasında təyyarə reysləri hələlik dövlət səviyyəsində həyata keçirilmir.

Bu işi özəl şirkət yerinə yetirir. Artıq 3 ildir ki, “Atlas Global” (Atlasjet) şirkəti İstanbuldan İrəvana və əks marşrutla uçuşlar təşkil edir. İnternetdə, şirkətin saytında bu barədə məlumatlar tapmaq çətin deyil. Məsələn, bu ay İstanbuldan 634 lirəyə İrəvana uçmaq mümkündür. İrəvandan isə İstanbula bilet 591 lirədir”.

Ş.Cəfərli onu da vurğuladı ki, Türk Hava Yolları dövlət şirkəti olduğu üçün onun dövlətin rəsmi siyasətinə zidd addım atması mümkün deyil: “THY yalnız Türkiyə hökumətinin icazəsi ilə Ermənistana reyslər təşkil edə bilər. Hazırkı mərhələdə bunu mümkün saymıram. Bu, o halda gerçəkləşər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş əldə olunsun. Məsələn, Azərbaycan və Ermənistan razılığa gələrsə, nizamlanma ilə bağlı hansısa sənəd imzalanarsa, o halda Türkiyə hökuməti Azərbaycan hökuməti ilə məsləhətləşərək Ermənistanla rəsmi münasibətlər yarada və kommunikasiyaları aça bilər. Nə qədər ki, münaqişənin həlli prosesində real nəticə yoxdur, Türkiyənin birtərəfli addımlara gedəcəyi, o cümlədən THY-nin Ermənistana reys açması inandırıcı deyil. Bu, yalnız Azərbaycan hökumətinin razılığını almaqla, mümkündür. Çünki rəsmi Ankara Türkiyə-Ermənistan protokollarının imzalanmasından sonra baş verənlərdən dərs çıxarıb”.

Deputat Fazil  Mustafa isə Türkiyənin belə bir addım atacağını gözləmədiyini dedi: “İndiki vəziyyətdə Türkiyənin belə bir addım atacağını gözləmirəm və Türkiyə tərəfi də təkzib verdi. Adətən bu kimi məsələlərdə Türkiyə əleyhinə fikir formalaşdırmaq üçün dərhal gündəmə gətirirlər. Ancaq mən bunu inandırıcı görmürəm. Türkiyə bu məsələlərdə Azərbaycanla paralel addımlar atır. Türkiyədəki özəl aviaşirkətlərin İrəvana reys açması mümkündür. Ancaq burada söhbət dövlət şirkətindən gedir. Əgər özəl şirkətlərin İrəvana reys açması məsələsi də təsdiqini tapsa, o zaman buna münasibət bildirmək olar”.

Qeyd edək ki, internetdə axtarış apararkən Türkiyədəki müxtəlif özəl şirkətlərin İrəvana reyslər açdığının şahidi olduq.  Yəni, Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı yeni xəbər deyil. Sadəcə müzakirə olunan məsələ dövlət şirkəti olan və dövlətin siyasətini həyata keçirən THY-nin İrəvana reys açacağı məsələsidir ki, bu da təkzib olundu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button