ArxivmədəniyyatXəbər lentiXəbərlər

Təhsil Nazirliyinin cavablandırmaq istəmədiyi suallar

Azərbaycanda koronavirusla bağlı martın 11-dən “Teledərs”, aprelin 2-dən isə “Virtual məktəb” layihəsinə start verilib. Amma bir sıra valideynlər və universitet tələbələri prosesin gedişatından narazıdırlar.
Valideyn Şahnaz Hüseynova şikayətçi valideynlərdən biridir. Onun övladı Bakıdakı orta məktəblərdən birində birinci sinfə gedir.
Valideyn Toplum TV-yə açıqlamasında deyib ki, bu müddətdə müəllimlərin çoxu distant təhsili qura bilməyiblər, bəziləri isə virtual qaydada dərs belə keçmirlər.
“Mən valideyn olaraq deyə bilərəm ki, distant təhsili hiss edə bilmədim. Martda hər şey buraxıldı “Teledərs”in ümidinə. Dərslərin keçirilmə qaydası uşaqları cəlb etmədi, ən azından mənim oğlum o dərsə həvəs göstərmədi. Həmin müddətdə orta məktəbdən şagirdlərə hər hansı tapşırıq verilmədi, arada sadəcə bir neçə test göndərildi. Biz həmin bir ayda ibtidai sinif müəlliminin varlığını hiss etmədik. Bu şagirdlər birinci sinifdə oxuyurlar və onlar üçün vacib olan müəllim-şagird əlaqəsi qırıldı. Apreldən virtual dərslər keçirilməli idi. Bu dəfə müəllimə sadəcə, “WhatsApp” qrupuna tapşırılqarı göndərdi. Məsələn, riyaziyyatdan səhifə 105-dəki tapşırıqları et, ana dilindən filan səhifədəki mətni əzbərlə, onu videoya çək göndər və s. Dərsin izahatı, uşaqla ünsiyyət yenə yoxdur”.
Valideyn sual edir: “Əgər müəllimin görməli olduğu işi biz görəcəkdiksə, dərs başa salacaqdıqsa, o zaman müəllimənin vəzifəsi nədir?”
Təhsil üzrə ekspert Nabatəli Qulamov isə indi Azərbaycanda distant təhsilin olmadığını söyləyir: “Əvvəla onu qeyd etməliyəm ki, həyata keçirilən təhsil distant təhsil deyil, distant təhsilin müəyyən elementidir. Distant təhsil kompleks işdir, onu Azərbaycanda həyata keirmək üçün böyük maliyyə sərf etmək lazımdır. Hazırda həyata keçirilən təhsil onlayn təhsildir”.
O, indilik həyata keçirilən sistemin ümidləri doğrultduğunu hesab edir. Ancaq ekspert  onlayn təhsilin əyani təhslin effektini verə bilmədiyini də vurğulayır.
Təhsil üzrə ekspert Kamran Əsədovun fikrincə, martın 11-dən başlayan “Teledərs” layihəsi  Azərbaycanın bir sıra ölkələrlə müqayisədə təhsil məsələsinə daha operativ yanaşdığını göstərir.
 
O, “Teledərs” layihəsiylə yanaşı məktəb müəlimlərinin də onlayn dərs keçdiyini, nəticədə şagirdlərin müəyyən hissəsinin prosesdən uzaqlaşmadığını qeyd edir. Ancaq ekspert internetə girişlə bağlı problemlərin mövcudluğunu, onun hər kəs üçün əlçatan olmadığını da ayrıca vurğulayır. Belə məlum olur ki, məhz bu imkanlardan məhrum şagirdlər dərs prosesindən qıraqda qalır və proqramı mənimsəməmiş olurlar, Kamran Əsədovun da dediyi kimi şagirdlərin yalnız müəyyən hissəsi tədris prosesinin iştirakçısına çevrilir.  Sözügedən problem ucqarlarda daha qabarıqdır.
Yeri gəlmişkən, bir sıra ölkələrdə bu problemdən qaçmaq üçün hökumət uşaqların internet problemini həll etsə də, Azərbaycanda bu yöndə addım atılmayıb.
Tələbələrin vəziyyətinə gəlincə, burda durum çox da fərqlənmir.  Doğrudur, məktəb şagirdlə valideyn vasitəsilə əlaqə yaradıb prosesin davamlılığını təmin edə bilirsə, universitetlər üçün bu məsələ daha mürəkkəb forma alır. Ekspertlərin fikrincə, dərs materiallarının ələçatımlı olmaması, internet resurlarından rahat yararlana bilməmək, universitetlərin böyük əksəriyyətində onlayn təhsili həyata keçirmək üçün texniki təminatın yoxluğu və başqa faktorlar  virtual təhsil prosesini çətinləşdirir, hətta mümkünsüz edir.
 “Görünən odur ki, Azərbaycanda 2009-cu ildə Təhsil haqqında Qanunda təhsilalma formalarından biri kimi qeyd olunan distant təhsil 11 il əzində işləməyib. Yəni ali təhsil müəssisələri elektron universitet, virtual universitet, məsafədən təhsil kimi ən vacib detalları unutmuşlar. Bugün məktələrlə müqayisədə, ali təhsil müəsssisələrindəki vəziyyət ürəkaçan deyil”, – bu məsələ ilə bağlı Kamran Əsədov deyir.
O, ölkənin cəmi iki təhsil müəssisəsində – Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində elektron sistemə keçid edildiyini bildirir. Ancaq ekspert bu universitetlərdə belə onlayn təhsilin əhatə dairəsinin 50 faizə yaxın olmadığını söyləyir. Kamran Əsədovun sözlərinə görə internet paketlərinin qiyməti kifayət qədər baha olduğundan tələbələr onlayn təhsilə qoşula bilmirlər.
Toplum Tv səsləndirilən problemlərlə bağlı sualları Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehova  yönləndirib.
O, “suallar məqsədəuyğun olarsa” cavablandıracağını söyləsə də, onlara cavab göndərməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button