ArxivIslamSosialXəbər lentiXəbərlər

Seymur Kazımov: “KİVDF ləğv olunmalıdır”

“Möcüzə olacağına inanmıram. Hələ də hesab edirəm ki, KİVDF ləğv olunmalıdır. Biz 12 il ərzində bu qurumun media inkişafına  heç bir dəstəyini görməmişik. Yəni belə bir qurumun mövcudluğu, qurumda hər hansı bir struktur dəyişikliyinin olması heç bir müsbət nəticə verməyəcək”.
Sərəncama əsasən, qurumun icraçı direktoru vəzifəsinə Vüqar Səfərlinin yerinə Əhməd İsmayılov təyin olunub.
Yeni icraçı direktordan danışan Seymur Kazımov  deyir ki, Əhməd İsmayılovun ümumiyyətlə, mediayaya aidiyyəti yoxdur.
O sual edir: “Mediadan xəbəri olmayan bir adam bu sahəni necə inkişaf etdirəcək?”
 
Jurnalistin sözlərinə görə, dünya təcrübəsində belə qurumların rəhbəri, adətən, vətəndaş cəmiyyətindən, media sferasının həqiqi problemlərini bilən təşkilatlardan çıxır: “Dünya təcrübəsində fərqli olsa da, Azərbaycanda belə qurumlar dövlət başçısı tərəfindən yaradılır, rəhbərlərini də o təyin edir”.
Mehman Əliyev: “Struktur dəyişikliyindən müsbət bir nəticə gözləmirəm”
 

Fondun rəhbərliyində dəyişiklik edilsə də, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hökumətin  mətbuatla bağlı siyasətinin dəyişməz olaraq qaldığını  bildirir.
“Biz Azərbaycanda azad  mətbuatın bir institut kimi bərqərar olunması yolunda addım atılmasını görmürük. Onu görürük ki, “qara kassa” lardan medianın maliyyələşdirilməsi prosesi gedir. Yəni medianın qeyri-rəsmi şəkildə maliyyələşdirilməsi, mediaya təyziqlər davam edir” – o, hazırki vəziyyəti şərh edir.
Mehman Əliyevin fikrincə, struktur dəyişikliyindən müsbət nəticə gözləmək əbəsdir: “KİVDF-yə yeni təyin olunmuş şəxs media sahəsini yaxşı bilmir, medianın problemlərindən xəbərsizdir. O həmçinin müstəqil media nümayəndəsi də deyil”.
Arif Əliyev: “Vəzifə dəyişikliyi labüd idi”
 

“Mətbuat klubu”nun rəhbəri  Arif Əliyev isə KİVDF-də vəzifə dəyişikliyinə qiymət verməyin hələ tez olduğunu düşünür. Ancaq bu dəyişikliyin labüd olduğunu da deyir.
A.Əliyev hesab edir ki, mətbuata dövlət dəstəyi olsa da, bu, prefeksionizmə, vəsaitin dağıdılmasına, mediada siyasi ayrı-seçkiliyə gətirib çıxarmamalıdır.
Onun fikrincə, Fond rəhbərliyinin mövqeyi ilk addımlardan, bəyanatlardan və müsabiqələrdən asılı olacaq: “Əgər Fond əvvəlki kimi fəaliyyət göstərəcəksə, burada birinin papağını digərinin başına qoymağın nə mənası var? Onun uzun illər ərzində fəaliyyəti media mühitinin daha da eybəcərləşməsinə gətirib çıxarıb. Ona görə də hər şeyi fəaliyyət prinsiplərinin dəyişdirlib-dəyişdirilməməsi göstərəcək”.
Ələsgər Məmmədli: “Dövlətin vəzifəsi medianın fəaliyyəti üçün azad mühit yaratmaqdır”
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli də KİVDF-in ləğv olunması tərəfdarlarındandır.  Onun dediyinə görə, Fondun yaranma məqsədi və daha sonrakı fəaliyyəti onu göstərdi ki, bu qurum KİV-ə dəstəkdən çox, problem yaradır.
“O vaxtdan hər kəs Fonddan gözlənilən pul vasitəsilə həyatda qalmağa çalışır ki, bu da mətbu orqanlarını tamamən sıradan çıxarıb. Bu gün,demək olar ki, öz gücü ilə ayaqda qala biləcək heç bir mətbu orqanı mövcud deyil. Bu baxımdan KİVDF-in sonrakı fəaliyyətindən də heç bir şey gözləmirəm”, – ekspert qeyd edir.
Ələsgər Məmmədlinin fikrincə, dövlət və media münasibətlərində dövlətin vəzifəsi mediaya vəsait ayırmaq, ona himayəçilik və ya təsisçilik etmək yox, medianın fəaliyyəti üçün azad mühit yaratmaq, informasiya azadlığını təmin etmək, eyni zamanda jurnalistlərin fəaliyyətinə maneə yaradan şəxsləri məsuliyyətə cəlb etməkdir: “KİVDF-in layihələrinin böyük bir qismi jurnalistlərə ev verilməsi məsələsi ilə bağlı oldu ki, bu da jurnalistlərin sözünün kəsərliliyini azaltdı. Demək olar ki, hər kəs ya ev aldı susdu, yaxud da bu gözlənti ilə hökümətə ictimai nəzarət funksiyasını həyata keçirə bilmədi. Odur ki, dövlət medianın fəaliyyətinə qarışmamlıdır”.
Preizdent yanında KİV-ə Dövlət Dəstəyi Fondu 2008-ci il İlham Əliyevin sərəncamı ilə yaradılıb.
O yarananda siyasi hakimiyyətin tənqidçiləri bu yolla mətbuatın susdurulacağını bildirmişdilər və etiraz etmişdilər. Sonrakı illərdə ekspertlər qurumun müstəqil KİV-i sürətlə sıradan çıxardığını, verilən yardımlar və mənzillərlə jurnalistləri şirnikləndirilərək mövqelərini dəyişdirməyə məcbur etdiyini deyirdilər.
Bundan başqa, qurumun keçirdiyi müsabiqələrdə, gerçəkləşdirilən layihələrdə üstünlüyün hakimiyyətə yaxın medialara verildiyi iddia olunurdu.
Hakimiyyətsə qurumun ünvanına səsləndirilən tənqidlərlə heç vaxt razılaşmayıb.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hakimiyyətin mətbuat üzrə kuratoru sayılan Əli Həsənov 2019-cu ilin sonlarında istefaya göndərildikdən sonra ona yaxın olan şəxslər vəzifədən uzaqlaşdırılmaqdadır.
Onların sırasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də var.
Deputat Vahid Əhmədov Fondda araşdırma aparılmasını, bəziləri isə onun ləğvini tələb edirlər.
Fondun əsas vəzifələri aşağıdakılardır: fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; kütləvi informasiya vasitələrinin inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görmək; KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə, dövlət orqanları ilə onlar arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək; fikir, söz və məlumat azadlığı sahəsində araşdırmalar aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə tədbirlər həyata keçirmək və s.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button