Islam

Şorgözlük, nəticələri və çıxış yolu

hijab-raz

Şorgözlük xəstəlik və pis adətlərdəndir. Təəssüflər olsun ki, cəmiyyətdə müəyyən şəxslər müxtəlif səbəblərdən bu xəstəliyə düçar olurlar. Bu pis adətlə mübarizə üçün hər şeydən öncə onun mənası, təsirləri, sonu və yaranma səbəbləri barəsində məlumat əldə etmək lazımdır və daha sonra bu adətin tərk edilməsi üçün əməli fəaliyyətə başlamaq lazımdır. Bu yazıda təqribən sizin baxışlarınıza nəzarət edə bilməniz üçün lazım olan və şorgözlüklə mübarizə üçün ehtiyacduyulan hər bir şey qeyd olunub. Ümid edirik ki, faydalı olacaq.

Şorgözlük nə deməkdir?

Şorgözlük cinsi ləzzət məqsədi ilə naməhrəmə şəhvətli baxış mənasındadır. İctimai rabitələrimizdə qarşı cinsə, yaxud eyni cinsə təbii olaraq baxırıq, onlarla söhbət edirik. Lakin bu baxışlarda heç bir ləzzət və şəhvət məqsədi olmur. Bu baxışlar şorgözlük hesab olunmur. Cinsi ləzzət qəsdi ilə davamlı baxışlar, cinsi istəyin təhrik olmasına səbəb olan baxışlar şorgözlük adlanır.

Qurani-kərimdə buyurulur: “Möminlərə de ki, gözlərini örtsünlər.” Bu ayədə istifadə olunan “yəğuzzu” kəlməsi qısa, ötəri baxış mənasındadır. Bunun qarşı tərəfi isə gözləri dikib baxmaqdır. Ayədə məqsəd budur ki, insan adətən bir yerə baxdıqda geniş bir sahəni baxışları altına alır. Lakin onun baxış məntəqəsində naməhrəm olduqda, baxışlarını elə qısaltsın ki, həmin naməhrəm onun baxış məntəqəsindən xaricdə olsun, diqqət mərkəzindən çıxsın. Gözlərini ona dikməsin, lakin eyni zamanda şəxs öz yoluna da diqqətli olmalıdır.
Allah rəsulunun (s) xüsusiyyətlərini açıqlayan bir hədisdə belə buyurulur: “Sevindikdə gözləri yarıyadək örtülmüş halda olurdu.” Mərhum Məclisi “Biharul-ənvar” kitabında bu cümləni belə izah edir: Gözlərini yarıyadək yumar, başını aşağı salardı. Belə edirdi ki, yüngüllükdən uzaq olsun.
Demək Ayədə göz yummaq deyildikdə, göz dikməmək nəzərdə tutulur.
Baxışlara nəzarət etmək hər bir müsəlmanın vəzifəsidir. Qurani-kərim naməhrəmə baxmamağı müsəlmanın vəzifəsi kimi tanıtdırır və hər bir qadın və kişiyə tövsiyə edir ki, öz baxışlarına nəzarət etsinlər. Qurani-kərimdə buyurulur: “Möminlərə de, gözlərini yumsunlar və namuslarını qorusunlar, bu onlar üçün daha pakdır, Allah etdiklərindən xəbərdardır.” (bax: “Nur”, 30)
Başqa bir ayədə isə buyurulur: İmanlı qadınlara de ki, gözlərini aşağı diksinlər və namuslarını qorusunlar.” (bax: “Nur”, 31) Demək Quran həm qadının və həm kişinin iffətli olmasını istəyir və bu işi möminin vacib və zəruri vəzifələrindən hesab edir.
Kişinin naməhrəm qadının bədəninə (istər ləzzət qəsədi olsun, istər olmasın) baxması haramdır. Lakin üz və əllərə baxmaq ləzzət məqsədi ilə olduqda haram olur. Ehtiyat vacibə görə isə ləzzət qəsdi olmadan da üz və əllərə baxılmasın. Həmçinin qadının naməhrəm kişinin bədəninə baxması haramdır. (Həzrət İmam Xumeyninin (r) risaləsi, 2440-cı məsələ)
Din psixologiyasında naməhrəmə göz yummaqla zinadan qorunmaq, iffətli olmaq arasında böyük rabitə görülür. Göz yummağın namusu qorumaqdan öndə açıqlanmasının səbəbi barəsində Seyyid Qütb yazır: “Namusu qorumaq, zinadan uzaq olmaq baxışlara nəzarətin, naməhrəmə göz yummağın təbii nəticəsidir; iradənin güclənməsi, günaha aludə olmamaq üçün ayıq-sayıq olmaq və nəfs istəklərini kontrol etmək üçün atılmış bir addımdır. Bu səbəbdən uyğun iki məsələ bir ayədə açıqlanır ki, birinin səbəb, digərinin nəticə olduğu məlum olsun. Hər iki məsələ qəlb səhifəsində və həyat səhnəsində bir-birinin ardınca atılan iki addımdır!” (“Fi zilalil-quran”, c.4, s.2512)

Şorgözlük xəstəliyi

 

Psixoloqlar və əxlaq alimlərinə görə şorgözlük kök atmış bir adətə çevrildikdə ruhi xəstəlik hesab olunur. Sadizm mazoşizm xəstəliyinin qarşı tərəfi olduğu kimi şəhvət və şorgözlük xəstəliyi də xüdbinlik, eqoizm xəstəliyinin qarşı tərəfidir. Eqaist insan həmin şəxdir ki, özünü başqalarına göstərməyə çalışır və şorgöz şəxs isə başqalarına baxmaqdan ləzzət alır. Qadınlarda daha çox xudbinlik, özünügöstərmək müşahidə olunur. Lakin şorgözlük xəstəliyi isə daha çox kişilərdə müşahidə olunur. Qadınlar daha çox toxunulmadan ləzzət alırlar, kişilər isə baxışdan. Və bu onların ehtirasa gəlmələrindəki fərqə aid olur.

Göz zinası

 

İslam müsəlmanların iffətli, pak, namuslu olmaları üçün hətta şübhəli (harama düşmək şübhəsi olan) baxışları və qərəzli şəkildə naməhrəmin səsini dinləməyi də qadağan edib. Bu özü naməhrəmlə qeyri-şəri ünsiyyətdə olmağı nəzarətə almaq üçün ölçülüb-biçilmiş bir xəbərdarlıqdır. Əbəttə heç bir qeyri-şəri məqsəd olmadan ciddi və zəruri üzləşmələr kamil İslam hicabına, ədəb və digər əxlaq məsələlərinə riayət etməklə icazəlidir, bunun eybi yoxdur.
Əziz İslam Peyğəmbəri (s) buyurur: “İnsanın hər bir üzvünün öz zinası var. Gözün zinası baxmaq, dilin zinası danışmaq və qulağın zinası haramı dinləməkdir.” (“Müstədrəkül-vəsail”, c.14, s.269)
Həmçinin naməhrəmlə zaraftlaşmaq barəsində buyurur: “Hər kəs naməhrəm qadınla zarafatlaşsa, bu zarafatın hər bir kəlməsi üçün min il cəhənnəmdə məhbus oolacaq.” (“Səvabul-əmal”, s.334)
Həzrət Əli (ə) İncildən belə nəql edir: “Tövratda yazılıb ki, “zina etmə”. Mən isə deyirəm ki, əgər naməhrəmə şəhvətli baxışla baxsan, həmin vaxt qəlbində onunla zina etmiş olursan.” (“Matta İncili, 5.27.28) Həmçinin buyurur: “Kor olmaq, haram baxışlardan daha yaxşıdır.” Demək, baxışla günah arasında fasilə olduqca azdır.

Şorgözlük xəstəliyinin səbəbləri

 

Cinsi məhrumluq

Vilhelm Stekel cinsi məhrumluqları bu xəstəliyin səbəbi hesab edir və deyir: Cinsi məhrumluqlar müəyyən bir maddənin göz sinirlərində mərkəzləşməsinə səbəb olur. Bu mərkəzləşmə nəticəsində göz sinirləri ilə cinsi sinirlər arasında sıx bağlılıq yaranır və şəxs şorgözlükdən ləzzət alır, qarşı tərəfin bədənini gördükdə ehtiraslanır. (“Freydin pisikanalitik prinsipləri” s.257-259)

Qadınların özlərini nümayiş etdirmələri

Kişilərdə uyğun xəstəliyin əsas səbəblərindən biri qadınlardakı özlərini nümayiş etdirmə marağıdır. Kişilər təbii olaraq qarşı cinsin gözəlliyinə, bədən qurluşuna maraqlı və həssasdırlar. Açıq-saçıq geyinməklə ictimai yerlərdə özlərini nümayiş etdirən qadınlar kişilərdəki bu hissi qıcıqlandırırlar. Nur surəsinin 30-cu ayəsi barəsində şiə və sünnü təfsirlərində belə bir rəvayət nəql olunur: “Mədinənin isti günlərindən birində cavan bir qadın baş örtüyünü boyunun arxasına atmış və boynu, qulaqları açıq vəziyyətdə bir küçədən ötürdü. Ənsardan olan bir oğlan bu qadını görür və ona elə diqqətlə tamaşa edir ki, özündən və ətrafından xəbərsiz halda onun ardınca gedir. Yolda üzü bir əşyaya toxunur və yaralanır. Özünə gəldikdə Peyğəmbərin (s) yanına gedir və baş verənləri ona danışır. Həmin zaman Nur surəsinin qadınların örtüyü barəsində olan ayələri nazil olur.(“Təfsiri-safi”, c.3, s.430; “Əldurrul-mənsur”, c.5, s.40; “Kafi”, c.5, s.521)
Qurani-kərim bu ictimai problemin həlli üçün Nur surəsinin mübarək ayələrində möminləri, həm qadınları, həm də kişiləri baxışlarını qısaltmağa, baxışlarına bir hədd qoymağa çağırır, naməhrəmə göz dikməməyi, fəsad və çirkinlikdən uzaq olmağı əmr edir. Digər bir tərəfdən də qadınlara göstəriş verir ki, münasib şəkildə örtünsünlər, öz zinətlərini aşkar etməsinlər. Nəticədə təfsirlərdə qeyd olunan əhvalat kimi hadisələr baş verməsin, cavanlar özlərini itirib qadınların, naməhrəm qızların ardınca düşməsinlər, aramlıqları pozulmasın və ictimai təhlükəsizlik üçün maneələr yaranmasın.
“Əhzab” surəsində də qadınlara belə göstəriş verilir: “Gündəlik söhbətlərinizdə adi şəkildə danışın, nazla, işvə ilə söhbət etməyin, küçədə, ictimai yerlərdə açıq-saçıq, bədəni nümayiş etdirən paltarlar geyinməyin.” (Bax: “Əhzab”, 32, 33) Bir necə ayə sonra isə buyrulur: “Çadra və məqnə ilə bədəninizi örtün.” (“Əhzab”, 59) Bütün bu təkidlərdən məqsəd odur ki, insanlar qadınlara həyalı, pak şəxslər kimi yanaşsınlar və onlara maneçilik törətməsinlər, onlar üçün problem yaradıb, onları çətinliyə salmasınlar, onlara tamah salmasınlar. (bax: “Əhzab”, 59; 32) Nəticədə şəriət qanunlarına riayət etmək, İslam geyimi sayəsində xanımların cəmiyyətdə təhlükəsizliyi, rahatlığı, aramlığı təmin olunsun.
Qurani-kərim bir başqa yerdə buyurur: Bütün bunlardan sonra qəlbində xəstəlik olanlar, nəfspərəst, həvəsbaz insanlar düzəlməsə və yenə də qadınlara maneçilik törətməyə, onları incitməyə davam etsələr, onların təhlükəsizliyini, aramlığını, sakitliyini pozsalar, onlara qarşı daha sərt, ciddi tədbirlər görüləcək: “Əgər münafiqlər və qəlbində xəstəlik olanlar, (şəhvətpərəstlər) o şəxslər ki, şəhərlərdə gərginlik və nigaranlıq yaradırlar öz çirkin əməllərindən əl çəkməsələr, səni onlara qarşı qaldırırıq. Bu halda qısa bir müddət bu şəhərdə səninlə yanaşı yaşayacaqlar və məhv olacaqlar.” (“Əhzab”, 60) Bütün bunlar ona xatirdir ki, cəmiyyətdə sakitlik, təhlükəsizlik, əmniyyət təmin olunsun.
Deyilənlərdən belə nəticə əldə olunur ki, mömin və müsəlman qadın və kişilərin islami geyimə, hicaba riayət etmələri ilahi vəzifədir. Bu ilahi vəzifə olmaqdan əlavə səbəb olur ki, insanın fərdi, ictimai və mənəvi şəxsiyyəti pak qalsın, təkamül pillələrini adlasın; digər bir tərəfdən ailələrdə və cəmiyyətdə psixologi sağlamlıq, sakitlik, səfa, nuraniyyət və əmniyyət yaransın. İslami və insani cəmiyyətlərin bütün çirkinliklərdən paklaşacağı, qadınların heç bir nigaranlıq və təhlükə olmadan cəmiyyətdə iştirakları üçün şərait yaranacağı günün ümidi ilə!

Şorgözlüyün nəticələri və zərərləri

Unutqanlıq amili

Şorgözlük dünya sevgisinin nümunələrindən və Allahın unudulmasına səbəb olan ən əsas amillərdəndir. Qəflət, unutqanlıq insanın kamillik yolunda olan ən əsas problemlərdəndir. Eyni zamanda oyaqlıq, agahlıq insanın kamillik və səadət yolunda hərəkəti üçün onun əsas ehtiyaclarındandır. Şorgözlük insanın qəflətinə, unutqanlığına və ilahi zikrdən uzaq düşməsinə agahlıqdan məhrum olmasına səbəb olur.
Həzrət Əli (ə) gözə nəzarət barəsində buyurur: “İnsanın bədən üzvləri arasında gözdən daha naşükür olanı yoxdur; onun istəklərini verməyin ki, sizi ilahi zikrdən uzaq saxlayacaq. (“Biharul-ənvar”, c.101, s.31)

Günaha aparan ilk addım

Şorgözlük və naməhrəmə baxmaq azğınlıqlar və cinsi fəsad üçün bir keçiddir. Çirkin baxışlar qəlbdə şəhvət toxumu səpir, qəlb sahibini fitnəyə, azğınlığa və günaha düçar edir.
Həzrət İmam Sadiq (ə) buyurur: “Şorgözlük qəlbdə şəhvət toxumunu əkir və bu baxan şəxsin fitnəyə, fəsada düşməsi üçün kifayətdir.
Başqalarının namusuna baxmaq şeytanın istəyidir. Çirkli baxış oxlarını naməhrəmlərə atan göz şeytanın pusqusudur. Şeytan onun göz kamanı ilə insanların namusunu hədəfə alır.” (bax: “Rövzətul-müttəqin”, c.9, s.434)
Allahın rəsulu (s) buyurur: “Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarındandır.” (“Biharul-ənvar”, c.104, s.38)
Demək gözlərimizə, baxışlarımıza nəzatər etməliyik ki, şeytan onun vasitəsi ilə imanımızı məhv edib, xalqın namusunu ləkələməsin.

Peşmançılıq və tükənməz qəm-qüssə

İmam Sadiq (ə) buyurur: Bir çox baxışların ardınca uzun, tükənməz qəm olur.
Yəni göz ən güclü hiss vasitəsidir. Gözün ehtiraslanma, qıcıqlanma dairəsi digər hisslərdən daha genişdir və qəlb gözdən sonra işə düşür. Yəni göz gördüyünü daha sonra qəlb istəyir və onu əldə edə bilmədiyi üçün iztiraba, narahatçılığa, qəm-qüssəyə düçar olur.
Allah rəsulunun (s) ən gözəl hədislərindən biri də belədir: “Qiyamət günü üç gözdən başqa bütün gözlər ağlar olacaq: Allah qorxusundan ağlayan göz, naməhrəmə baxmayan göz, Allah yolunda gecələri oyaq qalan göz.” (“Biharul-ənvar”, c.101, s.35) Bu hədisdən məlum olur ki, şorgözlük edən insan dünyada qəm-qüssə, iztiraba düçar olmasından əlavə axirətdə də peşmançılıqdan göz yaşı tökəcək.

Cəmiyyətdə sağlamlıq və əmin-amanlıq üçün təhlükə

Əslində çirkin, zəhərli və şəhvətli baxışlar insan daxilindəki atəşi şölələndirir, bunun nəticəsi isə pozğunluq, qəlbin daralması və bir çox ictimai problemlərdən başqa bir şey deyil. Şorgözlük şeytanın tələsidir, şəhvət toxumu, fəsad, pozğunluq tarlasıdır; bu qəlbi yerindən oynadır, aramlığı, sabitliyi insandan alır, cəmiyyətdə fitnə, fəsad və münaqişəyə səbəb olur.
Odur ki, insan baxışlarına nəzarət etməsə, şorgözlük davam etsə, şeytanın bu zəhərli oxunun qarşısında heç bir sərhəd olmasa, şübhəsiz tərəflər arasındakı sağlamlıq və təhlükəsizlik itəcək. Küçələrdə, ictimai məkanlarda hərəkətdə olan yeniyetmələr və cavanlar İslamın göstərişlərinə əməl etməsələr, baxışlarını nəzarət altına almasalar və digər bir tərəfdən qadınlar İslami geyimə riayət etməsələr güclü şəhvət qüvvəsi aşıb-daşacaq, qıcıqlanacaq. Belə bir həssas və təhlükəli şəraitdə cavan ya eyiş-işrət, fəsad, təcavüzkarlıq yolunu tutmalıdır, şəhvət qüvvəsinə müsbət cavab verməlidir, özünü və başqa insanların təhlükəsizliyini pozmalıdır, ya da ki, öz xəyallarında, təsəvvüründə iztirablı və kədərli bir halda sönük həyatına davam etməli və ailənin aramlığını, sakitliyini pozmalıdır.

Nigarançılıq və iztirab yaranması

Ayə və rəvatlər, həmçinin mütəxəssislərin təcrübələri bunu deyir ki, şorgözlük, həvəspərəstlik, qadınların açıq-saçıq geyinməsi, hicaba riayət etməmək, şəxslərin, ailələrin iztirab, nigaranlıq, qəm-qüssəyə düçar olmasına və cəmiyyətdə təhlükəsizliyin pozulmasına səbəb olur. Digər bir tərəfdən əgər İslamın prinsiplərinə, dəyərlərinə, o cümlədən hicaba və İslamın təyin etdiyi geyim formasına riayət olunsa, şorgözlük tərk olunsa, insanlar baxışlarına nəzarət etsələr, qadınlar gündəlik ünsiyyətlərində, söhbətlərində müqəddəs şəriətin göstərişlərinə əməl etsələr, şübhəsiz şeytanın hiyləsi, fəsad zəmini yox olacaq, şəxslər, ailələr üçün ruhi aramlıq yaranacaq və cəmiyyətdə əmin-amanlıq olacaq. İmam Əli (ə) buyurur: “Baxışlarını qısaldan (baxışlarına nəzarət edən) şəxsin qəlbi aram olar.” (“Ğurərul-hikəm”, c.5, s.449) Qəlb aramlığı ən böyük nemətlərdəndir.
Əgər insanlarda, fərdlərdə bu hal, yəni qəlb aramlığı yaransa, cəmiyyət də Allahın bu böyük nemətinə, yəni aramlığa, sabitliyə, əmin-amanlığa malik olacaq.
Şorgözlüyün dünyada pis nəticələri olmasından əlavə şorgöz insan axirətdə də İlahi əzaba düçar olacaq. Allahın rəsulu (s) buyurur: “Naməhrəmə baxışla gözünü dolduran şəxsin qiyamət günü Allah gözlərini atəşlə və alovlu mismarla doldurar və insanların əməlləri hesab-kitab olduqdan sonra, onu cəhənnəmə aparsınlar deyə əmr edər.” (“Səvabul-əmal”, c.338)

İffətli, başı aşağı olmağın nəticələri

Möminin bədən üzvlərindən hər birinə Allah qarşısında ibadət təyin olunub. Əgər o öz vəzifəsinə əməl etsə bu onun üçün çox dəyərlidir.
Haram baxışlara bulaşmayan göz bir çox bərəkətlərə səbəb olur:
1. Qəribəlikləri müşahidə etmək: Allahın rəsulu (s) buyurur: “Gözlərinizi (naməhrəmə) bağlayın ki, qəribəlikləri, əsrarəngiz şeyləri görün.” (“Biharul-ənvar”, c.101, s.41)
2. Qəlb aramlığı: İmam Əli (ə) buyurur: “Hər kəs gözünü naməhrəmə bağlasa qəlbini rahat, aram etmiş olar.” (“Ğurərul-hikəm”in şərhi, Amudi, c.5, s.449)
3. Xoşxasiyyətli olmaq: Həmçinin o həzrət buyurur: “Hər kəs baxışlarına nəzarət etsə, gözəl sifətlərə xüsusiyyətlərə malik olar.” (“Mizanul-hikmə”, c.10, s.7)
4. İlahi mükafat: İmam Sadiq (ə) buyurur: “Hər kəs naməhrəm qadını gördükdə, dərhal səmaya baxsa, yaxud başını aşağı salsa, o gözünü açan zamanadək Allah behişt huriləri ilə onun arasında nikah bağlayar.” (“Biharul-ənvar”, c.101, s.37)
5. İmanın şirinliyini dadmaq: İslam Peyğəmbəri (s) buyurur: “(Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarındandır. Hər kəs Allah qorxusundan bu işi tərk etsə, Allah ona elə iman verər ki, onun şirinliyini qəlbində hiss edər.” (“Biharul-ənvar”, c.101, s.38)
6. Şücaətli olmaq: İnsanların ən şücaətlisi o şəxsdir ki, öz nəfs istəklərinə qələbə çala bilsin.” (“Nəhcül-fəsahə”, 299-cu hədis)

Şorgözlük xəstəliyinin müalicəsi

Qurani-kərim Həzrət Yusifi (ə) iffət meydanının qəhrəmanı kimi tanıtdırır ki, müsəlman cavanlar öz dövründə nəfs istəkləri və şeytanla mübarizədə ən şücaətli şəxs olan Yusifi (ə) özlərinə nümunə, ideal seçsinlər.
Bəlkə də Həzrət Yusifin (ə) əhvalatında diqqəti çəkən ən mühüm nöqtə onun Allahdan kömək istəməsi, Allahın sonsuz qüdrətinə sığınması idi. Çünki Allaha imandan başqa heç bir şey tüğyan edən nəfsin və güclü şəhvət hissinin qarşısını ala bilməz.
Həzrət Əlidən (ə) soruşdular: Nəyin köməyi ilə naməhrəmə baxmamaq olar? Həzrət Cavab verdi: “Sənin sirlərindən agah olan birinin səltənəti, gücü altında şəhvət alovunu söndürməklə!” (“Biharul-ənvar”, c.101, s.411)
Namus məsələsində rəvayətlərdə də təsdiqlənmiş incə nöqtələrdən biri budur ki, nə etsən, qarşına çıxacaq. “Necə rəftar etsən, sənə qarşı o cür rəftar olunacaq.” və ya “Necə borc versən, sənə də elə borc veriləcək.” (“Üsuli-kafi”, c.5, s.553)
İmam Sadiq (ə) buyurur: “Həzrət Musanın (ə) zamanında bir şəxs bir qadınla zina etdi. Evə qayıtdıqda öz zövcəsinin yanında başqa bir kişi gördü. Həmin kişini Həzrət Musanın (ə) yanına gətirdi və ondan şikayət etdi. Bu zaman Cəbrəil nazil oldu və Musaya dedi: Kim başqasının namusuna təcavüz etsə, onun namusuna təcavüz olunacaq. Həzrət Musa (ə) onların hər ikisinə buyurdu: İffətli olun ki, namusunuz pak qalsın.” (həmin mənbə)
Qeyrətli mömin heç zaman başqalarının namusuna pis gözlə baxmaz. Çünki başqalarının da onun namusuna baxmasını istəmir. Bir şəxs İmam Sadiqdən (ə) soruşdu: Yoldan ötən qadınların arxasınca baxmaq olarmı? Həzrət belə cavab verdi: Əgər sizin namusunuza belə baxsalar xoşunuza gələrmi?! Daha sonra buyurdu: Özünüz üçün istədiyinizi insanlar üçün də istəyin. (“Müstədrəkül-vəsail”, c.2, s.555)
Zinanın, azğınlığın qarşısını almağın yollarından biri də budur ki, mömin naməhrəmlə xəlvət, heç kəsin olmadığı yerdə dayanmasın. Çünki insanlar olmadığı yerdə, heç kəsin səni görmədiyi bir məkanda azğınlıq üçün daha çox zəmin yaranır.
Peyğəmbər (s) buyurdu: “Allaha və qiyamət gününə inanan şəxs elə bir yerdə yatmamalıdr ki, naməhrəm qadının nəfəsinin səsi eşidilsin.” (“Biharul-ənvar”, c.101, s.50) Əgər bir-birlərinə məhrəm olmayan qadınla kişi heç kəsin olmadığı bir məkanda olsalar və başqa bir şəxs də ora daxil ola bilməsə, bu halda harama düşmələrindən qorxsalar, gərək oranı tərk edələr. (“Tövzihul-məsail”, 2452ci məsələ, İmam Xumeyni (r)
Əmirəl möminin (ə) buyurdu: “Heç bir kişi naməhrəm qadınla heç kəsin olmadığı bir yerdə qalmasın. Əgər bir kişi yad bir qadınla xəlvətdə qalsa, oradakı üçüncü şəxs şeytan olacaq.” (“Müstədrəkül-vəsail”, c.14, s.245)
Həzrət Əli (ə) Naməhrəmlə qarşılaşdığımız zaman günaha bulaşmamaq və şeytanın hiyləsinə uymamaq üçün belə tövsiyə edir: Əgər sizlərdən biriniz bir qadını görsə və ondan xoşu gəlsə, gözünü ondan çəksin, öz zövcəsinin yanına getsin. Çünki onda gördüyü onun öz zövcəsində də var. Və şeytanın qəlbinə girməməsi üçün çalışsın. O şəxs ki, evli deyil, iki rəkət namaz qılsın və Allaha çox şükür etsin, Peyğəmbər (s) və onun ailəsinə salavat göndərsin, daha sonra Allahın fəzlindən istəsin. Allah öz rəhməti ilə, halal yolla ehtiyacını ödəyər. (“Təfsire Nurul-səqəleyn”, c.3, s.586)

Ümid edirik ki, Allahın köməyi ilə bütün bədən üzvlərimizi günaha bulaşmaqdan qoruyacağıq və iffət, paklıq, namus islami cəmiyyəti əhatə edəcək. İnşallah!

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button