Xəbərlər

Bakıda Qafqazın ən böyük məscidi tikilir

Bakıda nadir memarlıq nümunəsi olan məscid tikilir. Bu məscid Qafqazda ən böyük ibadət ocağı olacaqdır.

dövlətimizin başçısının bilavasitə təşəbbüsü ilə tikilən məsciddə dörd min insan eyni vaxtda ibadətlə məşğul ola biləcəkdir. Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarət olacaqdır. Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaqdır. Bu şamların altında isə dini ayələr quraşdırılacaqdır. Dini qaydalara əsasən, məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaqdır. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin ümumi hündürlüyü isə 95 metr nəzərdə tutulmuşdur. Minarələrin içərisində xüsusi lift quraşdırılacaqdır. Eyni zamanda, məscidə xüsusi gözəllik verəcək minarələrdə Quran ayəsi ilə bəzədilmiş kəmərbənd quraşdırılacaqdır. Məscidin giriş portalı da xüsusi zövqlə hazırlanmışdır. Hündürlüyü 27 metr olan portal məscidə xüsusi gözəllik verir.
Layihəyə əsasən, məscidin daxili də xüsusi texnologiya ilə hazırlanacaqdır. Daxili divarlar yapma elementləri ilə dekorativ detallarla xalça kimi yığılacaqdır. Burada hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaqdır. Pəncərələrin haşiyəsi isə eni 57 santimetr olan qabarma detallarla tamamlanacaqdır.
Ümumiyyətlə, nadir memarlıq nümunəsi olan məsciddə möminlərin ibadəti üçün bütün zəruri şərait yaradılacaqdır. İki ibadət zalı ayrı-ayrılıqda kişi və qadınlar üçün nəzərdə tutulmuşdur. Hərəkət rahatlığı üçün giriş qapılarında kişilər üçün dörd, qadınlar üçün iki eskalator quraşdırılacaqdır.
Layihədə əlilliyi olan möminlər də nəzərə alınmışdır. Onların məscidə rahat giriş və çıxışı üçün bütün zəruri şərait yaradılacaqdır. 1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda dörd yüzdən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulmuşdur./AzərTAc/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button