ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Siyasi Məhbusların Müdafiə Mərkəzi Əbülfəz Bünyadovla bağlı tədbir keçirdi – Fotolar

İyunun 8-də Müsavat Partiyasının qərargahında Siyasi Məhbusların Müdafiə Mərkəzi Nardaran hadisələrinə görə həbs olunmuş və son günlər vəziyyətinin daha da pisləşdiyi bildirilən Əbülfəz Bünyadovla bağlı toplantı keçirib.

Mərkəzin üzvü Zümrüd Yağmur bugünkü tədbirin məqsədinin Əbülfəz Bünyadov və digər siyasi məhbusların səhhəti, həyatlarına olan təhlükə ilə bağlı olduğunu bildirib:
“Biz bu gün təkcə Əbülfəz Bünyadovun səhhətində problem var deyə bilmirik, çünki onun birbaşa olaraq həyatına təhlükə var. Bilirsiniz ki, Nardaran hadisələri vaxtı Əbülfəz Bünyadov şikəst olunub, onurğasından güllə yarası alıb, sonra ev dustaqlığına buraxılıb. Yadımdadır ki, o ev dustaqlığına buraxılarkən biz onu həkimə götürdük, rentgen olundu. Həkim onda dedi ki, bu adam ömürlük yatağa məhkumdur. Mən onun rentgenində onurğa sütununda güllənin iki yerdən necə ilişib qaldığını gördüm. Həkim bildirdi ki, oradan uzağı o gülləni çıxarmaq olar. Nə baş verdisə, onu ev dustaqlığına buraxmış, dırnaqarası “humanist qərar” vermiş o adamlar birdən ayıldılar ki, belə humanist olmaq onların ad-sanına yaraşmır və onlar öz adlarına daha uyğun olmaq üçün şikəst bir adamı təkrar azadlıqdan məhrum edərək məhkəmə zalından həbsxanaya yolladılar. İki-üç gün öncə bəlli oldu ki, Əbülfəz Bünyadovun artıq həyatı təhlükədədir, çünki onun bağırsaqlarına infeksiya düşüb. Bilirsiniz ki, o öz normal tələbatlarını həyata keçirə bilmir. Belə bir halda onun o cür şəraitdə saxlanılması onu diri-diri, hər gün öldürmək deməkdir”.
Əbülfəz Bünyadovun bacısı Mərhəmət Bünyadova bir neçə gün öncə qardaşının yanına getdiyini, onun durumunun olduqca ağır olduğunu deyib:
“Mən onun yanında oturmuşdum, adyalı ayağının üstündən götürəndə, gördüm ayağından qan tökülür. Soruşdum niyə belə, dedi “ayağım ilişir çarpayının yanına? Bilmirəm çevrilirəm, sınır dırnaqlarım, ətim soyulur”. Heç nə də yeyə bilmir. Bu vaxta qədər biz onun yanına gedirdik, heç bir dəfə də onun yemək vaxtına düşməmişdik. Təsadüfən bu dəfə yemək vaxtına düşdük. Gördük qabağında bir soyutma kartofdur, bir stəkan su, bir parça da su – bu da onun günorta yeməyi. Deyirəm “niyə belə yeyirsən, xörək, hər bir şey gətirmişik”. Deyir “siz bilmirsiniz, mən neçə vaxtdır yemək yeyə bilmirəm, nahaq gətirmisiniz”. Onun bağırsaqlarına 6 aydır mikrob düşüb, hələ də təmizlənməyib. O bundan əziyyət çəkir, utanır. Soruşuruq “necədir vəziyyətin?”, deyir “yaxşı deyiləm”. Dərmanlarını hər dəfə alıb aparırıq, amma keçib getmir. Biz hələ onun göbələk xəstəliyini bilirik. Amma axtarsan, müayinə olunsa, onda başqa xəstəliklərin də olduğunu görərik. Gəzib dolana bilməyən insanın daxili orqanları başqa nə vəziyyətdə olar ki…”

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oktay Gülalıyev Əbülfəz Bünyadova göstərilən münasibətin Azərbaycan hakimiyyətinin mahiyyətini ifadə etdiyini qeyd edib:
“Təsəvvür edin: insanı namaz qıldığı yerdə evinə silahlı hücum edirlər – onun evini, evində olan qonaqları gülləbaran edirlər, bir hissəsini ağır yaralayıb, bir hissəsini də qətlə yetirirlər, aralarında Əbülfəz Bünyadovun qohumları da olub. Bu adam bədənin hissələri iflic olduğu, özünü idarə edə bilmədiyi, bədəninin çürüdüyü halda həbsxanada saxlayırlar. Amma gedib başqa ölkələrdə humanizmdən dəm vururlar, kilsələr, uşaq bağçaları təmir edirlər, humanitar yardımlar göstərirlər. Özlərini bütün dünyaya tərəqqipərvər, humanist imiclərini sırımağa çalışırlar. Ən böyük humanistlik öz vətəndaşına göstərilən münasibətdir. Ona görə də mən hesab edirəm ki, Əbülfəz Bünyadova qarşı göstərilən münasibət bu hakimiyyətin mahiyyətini ortaya qoyur. Bu hakimiyyət bizim inamlarımızın, ümidlərimizin üstündən limit çəkib. Mən şəxsən onlardan heç bir ümid gözləmirəm”.
Daha sonra hazırda həbsdə olan bir sıra başqa şəxslərin də səhhəti ilə bağlı məsələlərdən bəhs edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button