Qadin və hicab

Quranda hicab hökmləri

«(Ya Muhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!»

«Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahıb olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!» Qeyd etdiyimiz ayələrdən birincisinin nazil olma səbəbi «Kafi» kitabında, İmam Baqirdən (ə) belə nəql olunub: «Ənsar cavanlarından biri yolda bir qadınla rastlaşır. (O dövrün qadınları öz örtüklərini, boyun-boğaz açıq qalmaqla, başlarının arxasında bağlayırdılar.) Bu qadının çöhrəsi cavanın diqqətini özünə o qədər cəlb edir ki, ayaq saxlamadan gözünü qadına dikərək, yoluna davam edir. Cavan sanki baxışları ilə qadını müşayət edirdi. Nəhayət, ensiz bir küçəyə çatır. Arxaya baxmaqdan yorulmayan bu cavan, qəflətən, divardakı şüşə parçasına dəyərək, üzünü yaralayır. Qadın keçib-getdikdən sonra cavan özünə gələrək, üzündəki qanın sinə və paltarlarına axdığını görür. Öz-özünə deyir: Allaha and olsun ki, Peyğəmbərin hüzuruna gedib bu əhvalatı danışacağam. Allahın Rəsulu (ə) onu görcək, nə baş verdiyini soruşur. Cavan başına gələnləri ona nəql edir. Bu zaman, Allahın vəhy mələyi olan Cəbrail yerə enərək, yuxarıdakı ayəni oxuyur: «(Ya Muhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər…»» Təfsir: Hicabsızlıq və aşiqanə baxışla mübarizə Bəhs etdiyimiz surə, həqiqətdə cinsi pozğunluqdan təmizlik, nəciblik və iffət surəsidir.Onun müxtəlif mövzuları da, bu nəzərdən ittifaq təşkil edir. Sözü gedən ayələr hicabın və baxmağın hökmlərini bəyan edərək, bütövlükdə bu mövzuyla əlaqəlidir. Əvvəl buyurur: «Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar)». «یغضوا» (yəğuzzu) feli «غض» (ğəzzə) kökündən, «خز» (xəzzə) vəznində olub, «nöqsan» və «azaltmaq» mənasındadır. Bu kəlmə, əksər vaxtlar «səsi qısmaq» və «baxışı azaltmaq» mənasında işlənir. Bu səbəbdən də, ayədə möminlərin gözlərini tamamilə yummaları deyil, baxışlarını azaltmaları nəzərdə tutulur. Bunu zərif bir izah da, adlandırmaq olar. Çünki kişinin, hər dəfə naməhrəm qadınla üzləşərkən, gözləri tamamilə bağlanarsa, təbii ki, yoluna davam etmək və bunun kimi başqa şeylər ona çətin olacaqdır. Amma gözlər bir qədər yumulub, nəzərlər naməhrəm qadının çöhrə və əndamından götürülərsə, kişi nə qadağan olunmuş səhnəni görər, nə də olduğu ətraf mühitdən təcrid olar. Ayədə baxışların azaldılması ümumi hökm kimi verilmiş və ona heç bir qeyd-şərt qoyulmamışdır. Yəni bu ayə, haram edilmiş hər bir nəzərdən çəkinməyə işarədir. Amma ayələrin üslubuna və nazil olma səbəbinə diqqət yetirsək, burada məhz naməhrəm qadına baxmamağın nəzərdə tutulduğu anlaşılar. Bəhsimizdən belə nəticəyə gəlirik ki, zikr olunmuş ayələrdə yalnız qadın simasına göz zilləmək nəzərdə tutulmur. Belə ki, bəziləri bundan düzgün nəticə çıxarmayıb, göz zilləməkdən qeyri hər bir baxışı icazəli bilmişlər. Əslində isə ayənin mənası tamamilə fərqlidir. Əvvəla, insanın baxışı, adətən geniş bir sahəni əhatə edir. Naməhrəm qadınla qarşılaşarkən gözlər elə həddə yumulmalıdlr ki, həmin qadın görülən ətraf mühitdən xaric olsun. (Yəni ona baxılmasın.) Yalnız bu şərtlə ki, gözünü yuman şəxs, qarşıya çıxan yol və çuxuru görə bilsin. Ayədə «azaltma» mənasını verən «غض» (ğəzzə) kəlməsi də, bu anlamdadır. Qeyd olunan ikinci məsələ «فروج» (furuc)-un hifzidir. «فرخ» (fərəc) sözünün mənası «yarıq» və «iki şey arasında olan fasilə» deməkdir. Bu kəlmə, bəzi hallarda məcazi olaraq, cinsi orqan mənasını da daşıyır. Rəvayətlərə əsasən, «cinsi orqan və ayıb yerlərin hifzi»ndə məqsəd onu yad baxışlardan gizlətməkdir. İmam Sadiq (ə) buyurmuşdur: «Qurani-Kərimdə ayıb yerlərin qorunması haqqında söhbət açılan hər bir ayə, zinadan qorunmağa işarədir. Yalnız bu ayə istisna olaraq, başqalarının baxışından qorunmaq mənasındadır». («Usuli-kafi», «Əli ibni İbrahimin təfsiri», c.2, səh.101) Şəhvət və ürək istəyinə uyğun olan bir işin, İslam tərəfindən qadağan olunması insana ziyan deyil, xeyir olduğu üçün ayənin sonunda buyrulur: «Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır». Naməhrəm qadınlara açıq-aydın ehtiraslarla tamaşa edib və bəzən də buna bəhanə olaraq, əməllərini qeyri-ixtiyari qələmə verənlər üçün yekun olaraq buyrulur: «Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!» Sonrakı ayədə qadınların bu sahədə olan vəzifələrindən söhbət açılır. İlk öncə qadınlarla kişilərin müştərək vəzifələrinə işarə edilir: «Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar)». Beləliklə, kişilərə haram edilən aşiqanə baxış, qadınlara da haram edilmişdir. Kişilərə ayıb yerlərin qorunması göstərişi verildiyi kimi, qadınlara da əmr edilmişdir. Daha sonra qadınlara xas olan örtük məsələsi dörd cümlədə açıqlanır: 1. Öz-özünə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər. «Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər». Burada bir sual yaranır: Qadınlara örtünməsi lazım olan və zahir edilməsinə icazə verilən zinətlər hansılardır? Bu mövzu barəsində müfəssirlər müxtəlif fikirlər söyləyiblər. Bəziləri «gizli zinət»i, «təbii zinət» kimi (qadının gözəl vücudu kimi) mənalandırmışlar. Halbuki, «zinət» kəlməsinin bu mənaya çox az aidiyyatı vardır. Bəziləri «gizli zinət» dedikdə, zinət əşyalarının taxıldığı yerlərin nəzərdə tutulduğunu iddia etmişlər. Belə ki, zinətin özü olan sırğa, bilərzik kimi bəzək əşyalarının zahir edilməsini maneəsiz bilmiş və zinət əşyalarının taxıldığı yer kimi qulaq, boyun, əl və qolların aşkar olunmasını haram bilmişlər. Bəziləri də, «gizli zinət»i «zinət əşyaları» mənasında götürmüş və yalnız zinət əşyalarının bədən üzərində olan vaxtını nəzərdə tutmuşlar. Təbii ki, bu zinət əşyaları bədən üzərində olan zaman, onların aşkarı ilə bədən üzvləri də görünəcəkdir. Sonuncu iki nəzər, məsələyə müxtəlif yönlərdən yanaşsalar da, nəticə etibarı ilə eynidir. Həqiqət isə bundan ibarətdir ki, biz ayənin zahirinə əsasən mühakimə yürüdürük.Ayə, zahiri baxımdan yuxarıda sadalanan üçüncü nəzərə uyğundur. Bu səbəbdən də, bədən zahir olmasa belə, adətən gizli olan zinətləri aşkar etməyə qadının haqqı yoxdur. Bu tərtiblə, qadının bəzəkli libasları geyib özünü nümayiş etdirməsi də, düzgün deyil. Çünki Quran bu kimi zinətlərin aşkara çıxarılmasını qadağan etmişdir. Məsumlardan nəql olunan rəvayətlərdə də boyunbağı, bilərzik və s. kimi əşyalar, «batini zinətlər» kimi qələmə alınmışdır. Başqa müxtəlif rəvayətlərdə isə üzük, sürmə və s. «zahiri zinətlər» kimi göstərilmişdir. Buradan məlum olur ki, «batini zinət» dedikdə, örtülməsi lazım olan, «zahiri zinət» dedikdə isə zahir olunmasına icazə verilən bəzək əşyaları nəzərdə tutulub. 2. Ayədə verilən ikinci hökm bundan ibarətdir: baş örtüklərini yaxalarının (sinələrinin) üstünə çəksinlər. «Baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)». «خمر» (xumur) «خمار»-ın (ximarın) cəmi və «حجاب» (hicab) vəznində olub, geyim, örtük mənasını daşıyır. Adətən, qadınların başlarına örtdüyü örpək kimi də işlənir. «جیوب» (cuyub) kəlməsi «جیب»in (cəybin) cəmi, «غیب» (ğəyb) vəznində olub, köynəyin yaxası mənasında işlənərək, təkcə «yaxa» mənasını da daşıyır. Ayədən belə məlum olur ki, qədimdə qadınlar öz baş örtüklərini, yaxa açıq qalmaqla, arxa tərəfdə bağlayırdılar. Qurani-Kərim, «örtüklərini yaxalarının üstünə çəksinlər» göstərişini verməklə, açıq qalan boyun və sinəsinin bağlanmasına dair hökm verir. 3. Ayənin üçüncü hissəsində zinətləri aşkar etmək (yəni hicabın açıla bilinən) və hicabın vacib olmadığı şəraitlər bir-bir sadalanır. Bu belə bir ifadə ilə şərh edilir: «Qadınlar öz zinətlərini aşağıdakı on iki şəraitdən qeyri hallarda, göstərməməlidirlər:

1 – ərləri üçün,
2 – yaxud ataları üçün,
3 – yaxud qayınataları üçün,
4 – yaxud oğulları üçün,
5 – yaxud ərlərinin oğulları üçün,
6 – yaxud qardaşları üçün,
7 – yaxud qardaşlarının oğulları üçün,
8 – yaxud bacılarının oğulları üçün,
9 – yaxud (müsəlman) qadınlar üçün,
10 – yaxud sahib olduğu cariyələr üçün,
11 – yaxud kişiliyi qalmamış xidmətçilər üçün (səfeh və cinsi meyli olmayan kişilər nəzərdə tutulur),
12 – qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlar üçün».

Hicabın fəlsəfəsi
Hazırki dövrdə bəziləri əsrimizi çılpaqlıq və cinsi azadlıq əsri adlandırmışlar. Qərbpərəst insanlar «qadın açıq-saçıqlığını» «qadın azadlığı» kimi qələmə vermişlər. Hicabdan söz açmaq belələrinə nəinki xoş gəlmir, hətta hicabı keçmişdən qalma bir əfsanə sayırlar. Amma mütləq azadlıqdan doğan ucsuz-bucaqsız fəsadlar, artmaqda olan problemlər, onları belə söhbətləri dinləməyə vadar edir. Əlbəttə ki, İslami mühitlərdə bu kimi problemlər müəyyən qədər öz həllini tapmış və bir çox suallara qane edici cavablar verilmişdir. Bütün bunlara baxmayaraq, mövzunun əhəmiyyəti, bu məsələ ətrafında daha geniş izaha ehtiyac duyulduğunu göstərir. Məsələ bundan ibarətdir ki, qadın cinsi ləzzət üçün eşitmə, görmə, toxunma baxımından, kişilərin ixtiyarındamı olmalıdır? Yaxud bu şeylər yalnız ailə çərçivəsində həyat yoldaşına məxsus olmalıdır? Qadınlar, sonu olmayan bu müsabiqədə: öz vücudlarını nümayiş etdirməkdə və kişiləri şəhvətə, çirkin meyllərə təhrik etməkdə bir-birlərilə nə vaxta qədər yarışmalıdırlar? Bu hərəkətlər ictimai mühitdən götürülərək ailə və evliliyə məxsus olmamalıdırmı?! Qərbpərəst və şəhvətpərəstlər söylədiklərimizdən birincisinin tərəfdarıdır. İslam isə söylənilənlərdən ikincisinin tərəfdarıdır. Yəni İslam, hər bir eşitmə, görmə, toxunma ləzzətləri daxil olmaqla, bütün cinsi istəklərin həyat yoldaşlarına məxsus olduqlarını deyir. Bundan qeyri vəziyyətdə olan qadın, günaha və cəmiyyətin çirkinliyinə səbəb olacaqdır. Hicab da, bu sistemin bir hissəsidir. Ayədəki «Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır» cümləsi də, məhz buna işarədir. Hicabın fəlsəfəsi məxfi bir məsələ deyil. Çünki: 1 – Bəzənmə və işvəkarlıqla eyni səviyyədə olan qadın çılpaqlığı, kişiləri – xüsusilə cavanları – daim şəhvətə təhrik edir. Elə bir təhrik ki, onların əsəb sistemlərinin korlanmasına, qeyri-normal həyəcanların artmasına, ruhi gərginliklərin təməlinin qoyulmasına səbəb olur. İnsan əsəbləri bu qədər həyəcan və iztirabları daşımağa nə qədər qadirdir? Bütün psixoloqlar xəstəliklərin əsas səbəbinin həyəcan olduğunu söyləmirlərmi? Cinsi istək insanda olan ən möhkəm və güclü meyldir. Bu meyl, tarix boyu ölümlə nəticələnən cinayətlərin qaynaq nöqtəsi olmuşdur. Mütəmadi olaraq çılpaqlıq vasitəsilə bu meyli şölələndirmək, atəşlə oynamaq deyilmi?! Bu işi ağıl müsbət qiymətləndirirmi?! İslam, müsəlman kişi və qadınların ruhi aramlığına, sağlam əsəb və pak bədən üzvlərinə sahib olmalarına çalışır. Bu da, hicab fəlsəfələrindən biridir. 2 – Statistika qəti surətdə göstərir ki, dünyada çılpaqlığın çoxalması ilə boşanma və evlilik həyatındakı soyuqluq da artmaqdadır. Çünki gözün gördüyünü, ürək də istəyər. Özbaşına buraxılmış meyl, istədiyi hər bir şeyi, nəyin bahasına olursa olsun, əldə etmək istəyir. Bu tərtiblə, göz hər gün birini görüb meyl edərsə, keçmişdəkilərlə vidalaşar. Hicaba riayət olunan mühitdə iki həyat yoldaşı, yalnız bir-birilə əlaqə saxlayır, eşq və məhəbbətlərini, yalnız bir-birilə bölüşürlər. «Azad çılpaq bazar»da isə qadınlar müştərək mala çevrilmişlər. Artıq evlilik məfhumu, öz mənasını itirir. Ailələr hörümçək toru tək sürətlə məhv olur, uşaqlar başsız qalır. 3 – Fahişəliyin və qeyri-qanuni uşaqların artması kimi mühüm bir problem də, məhz hicabsızlığın nəticəsidir. Buna dəlil olaraq, açıq-saçıq mühitdə, xüsusilə qərb cəmiyyətində gözəçarpacaq nəticələr olduğu üçün, statistikaya belə ehtiyac qalmır. Fahişəlik və ondan da daha pisi, qanunsuz uşaqların mövcudluğu cəmiyyətdəki növbənöv cinayətlərin mənşəyi olmuş və olmaqdadır. Dediklərimizə daha da, aydınlıq gətirmək üçün, bir məsələni nəzərinizə çatdırırıq: İngiltərədə aparılan sorğuya əsasən, hər il beş yüz min qeyri-qanuni körpə dünyaya göz açır. Bir dəstə ingilis tələbələri bununla əlaqədar olaraq, ölkələrində «həyəcan təbili» verirlər. Bu həyəcan, təbii ki, dini və əxlaqi məsələ olduğuna görə deyil, belə övladların gələcək cəmiyyətdəki əmin-amanlığa bir təhlükə mənbəyi olduğuna görə idi. Bütün bunları eşitdikdə hicabın nə dərəcədə mühüm bir məsələ olduğunu anlayırıq. Yekun olaraq, bunu deyə bilərik ki, fahişəliyin artması milli-mənəvi, dini-əxlaqi məsələlərə önəm verməyənlər üçün belə, böyük faciədir. Buna görə də, cəmiyyətdə cinsi fəsada səbəb olan hər bir şey, asayiş və dinc yaşayış üçün təhlükə hesab olunur və bunun bir topluma ziyandan başqa heç bir xeyri dəyməyəcəkdir. Əxlaq ustadlarının verdiyi tövsiyələrə əsasən də, oğlanlarla qızların birgə oxuduqları elmi mərkəzlərdə, kişi və qadınların birlikdə işlədikləri iş yerlərində və bunun kimi açıq-saçıqlığın hökm sürdüyü başqa yerlərdə işsizlik, gerilik, məsuliyyətsizlik açıqca müşahidə olunur. 4 – Qadının qədir-qiymətdən düşməsi, şəxsiyyətinin alçalması kimi məsələlər, bəhsimizin əhəmiyyətini daha da artırır. Malların reklamında, səyyah və turistlərin cəlbi üçün otellərin dekorunda qadın cazibəsindən istifadə olunarkən, qadın şəxsiyyəti cansız bir gəlincik, ya qiymətsiz əşya səviyyəsinə enir. Onun yüksək insanlıq dəyəri unudulur. Yeganə iftixarı fani cavanlıq və gözəlliyi olur. Nəticədə qadın, bu gedişlə müxtəlif meyl və həvəsləri doydurma vasitəsinə çevrilir. Təəssüflər olsun ki, qərb və qərbpərəst ölkələrdə ən yaxşı ad, şöhrət, gəlir, mövqe məhz açıq-saçıq qadınlara verilir və onlar daha məharətli sayılırlar. Belə təfəkkürlə yaşayan cəmiyyətdə bir qadın öz əxlaqi xüsusiyyətləri ilə, elm və agahlığı ilə necə cilvələnib yüksək məqam kəsb edə bilər? Beləliklə, qadına dəyər verən hicabın fəlsəfələrindən biri də budur. Müxaliflərin hicaba tutduğu iradlar Bəhsimizin bu məqamında hicaba qarşı tutulan iradları araşdırıb, müfəssəl şəkildə cavablandıracağıq.

islamaz

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button