ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qüds müqəddəs bir paklığın simvoludur

“Qüdsün azadlığı ilahi vəddir”

Hər il Ramazan ayının son Cüməsi Qüds Günü kimi  bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd edilir.

Qüds Günü ilə bağlı inanclıların və ictimai fəalların fikirlərini təqdim edirik: 

Azərbaycan İslam Partiyasının sədri, siyasi məhbus, doktor Mövsüm Səmədov:

“Bismilləhir Rahmanir Rahim! Bildiyimiz kimi, mübarək Ramazan ayının axırıncı cüməsi məzlum Fələstin xalqına dəstək olaraq “Qüds günü” adlanır.

Artıq bir əsrə yaxın davam edən bu işğal keçən əsrin ən böyük faciəsi kimi yaddaşlarda qalıb və təəssüf ki, hələ də beynəlxalq təşkilatlar tərəfindən layiqli formada cavablandırılmayıb! Biz bir azərbaycanlı olaraq buna oxşar işğala məruz qalan xalq kimi bu faciənin nə olduğunu yaxşı anlayırıq.

Belə işğala etiraz etmək bizim hər birimizin tək dini vəzifəsi deyil, həm də bir insani borcudur. Onu yerinə yetirmək, hər birimizin boynunda olan böyük bir məsuliyyətdir.

Hər kəs öz şəraitinə uyğun olan şəkildə bu işğalın sona çatması və vətənindən qaçqın düşmüş millionlarla məzlum Fələstinlinin öz doğma torpaqlarına qayıtması üçün lazımi addımları atmalıdır. Bu yolda Mütəal Allahdan hər birimizi müvəffəq etməsini diləyirəm.”

Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri Növrəstə İbrahimova

“Hər bir kəlmənin zahiri və batini mənası vardır və bu məna çox mühüm bir önəm daşıyır! Qüds deyəndə zehinlərdə müqəddəs bir paklığın simvolu canlanır.

Qüds “Qüddüs” sözünə söykənir və bir başa paklığı izhar edir. Bu paklığın ən önəmli anlamı isə məkanın paklığıdır. Məkanın paklığı yalnız paklıqla təkmil olar. Məscidə pak olmayanın girməyə icazəsi olmadığı kimi Qüdsə də pak olmayanlar sahib ola bilməz!

Qüds İslam dünyasının bədəndə baş, nəfəsdə hulqum və İslam dininin özəyi mənasında dayanaraq təkmil vəhdaniyyətin yeganə sütunudur. Elə buna görədə dünya gücləri bu vəhdaniyyətin gerçəkləşməsini istəmirlər. Çünki vəhdaniyyətin bərqərar olduğu an dünyaya ağalıq etmək istəyəyənlərin sonu olacaq.

Güc yalnız Allahdan haqqa yönəliş olmasıdır!

Əlbətdəki Qüdslə Azərbaycanın oxşar cəhətləri var!

 Qarabağ torpaqlarının öz haqq olan sahiblərindən zorla qəsb edilməsi bariz nişanədir və eyni işğalçının bizə dost donunda görünməsi çooox acınacaqlı halıdır! Fərqli cəhəti isə fələstinlilər dayanmadan müqavimət göstərirlər və əsil dost və düşmənlərin ayırd edərək mübarizəyə davam edirlər.

Bizdə dost -düşməni ayırd etmək bir yana qalsın eyni düşməni özümüzə dost edərək, içərimizdə onlara geniş meydan verməyimizdir!

Qüds öz azadlığına qovuşacaq və bu bir haqq vədəsi olan Allahın vədidir bütün insanlıq özlərində olan zülmün sərçeşməsinin çözümünü anlayacaq və almaqdadırlar. Eyni zamanda o xəyal deyilən hisslər işğalçı yırtıcıların məğlubiyyəti, müsəlman dünyasının isə əbədi qələbəsi olacaqdır.

Tam iman və yəqinimlə Qüdsdə cümə namazı qılmaq ümidi ilə sizlərlə hələlik xudafizləşirəm!”

Elman Ağazadə. İlhaiyyatçı alim. Keçmiş siyasi məhbus

“Qüds Günü həm müsəlman, həm də bir azərbaycanlı olaraq bizim üçün çox əhəmiyyətlidir. Çünki Qüds müsəlmanların birinci qibləsidir, Qurani Kərimdə adı gəlir. Eyni zamanda Qüdsdə müsəlman dünyasının Kəbədən sonra ən müqəddəs yeri Məscüdül Əqsa yerləşir, bizim birinci qibləmiz olub.

Torpaqları işğal olunanlar Qüdsün işğalına necə baxmalıdır? Əlbəttə ki, bu işğalı qəbul etməyəcək. 

Qüds Müsəlman dünyasının bu gün birinci dərəcəli problemidir. Söz yox ki, dünyadakı müsəlman ölkələri bu gün həm daxili çəkişmələrə, həm də xaricdən işağala məruz qalır. Amma buna baxmayaraq, Qüds yenə də İslam dünyası üçün birinci dərəcəli problemdir.

Qüds məsələsi təkcə ərəb dünyasının məsələsi deyil, hətta digər dinlərdə olan insanlar da Qüdsün İsrail tərəfindən işğalına etiraz edir.

Qüds, Fələstin torpaqları işğal olunandan o işğala rəvac verən, ikinci dünya müharibəsindən üzü bəri özünü dünya gücü hesab edənlərdir-Amerika, Rusiya və İngiltərə. Ən uzun tarixə malik qaynar ocaqdır Fələstin, Qüds. Yenə də dünya gücləri və regionda olan güclər öz siyasətini istədiyi kimi aparır. Qüds dünyada ən uzun tarixə malik qaynar nöqtədir. Əslində Fələstin Yaxın Şərqin bir hissəsidir. 

Qüdslə Azərbaycanın xeyli oxşar cəhətələri var. Hər ikimizin torpaqları işğal olunub. Bu işğallar zamanı insanlarımız öldürülüb, qətliam, soyqırım olub.

Çünki hər iki ölkədə insanlar məzlumdu. Fərqli cəhəti isə odur ki, Qarabağ müharibəsi dini müahribə deyil amma  Qüds sırf dini problemdir.

Bir gün Qüdsün azad olunacağına hamımız inanaırıq. Çünki əlimizdə dini qaynaqlar var ki, Qüds müsəlmanlarındır və müsəlmanlara da qaytarılacaq, orda ədalətli hakimiyyət qurulacaq.

Fələstinlilər vaxt var idi daşla, sapandla çıxırdı düşmənin qarşısına amma indi ən müasir silahlara silahlanıb. Fələstinlilər bu əziyyətlərinin bəhrəsini görəcəklər. Dini inancımız da təsdiqləyir ki İmam Mehdi (ə) zühuru nəticəsində dünyada ədalət zəfər çalacaq.”

Cavid Cabbarlı. İlahiyyatçı jurnalist

“Qüds mənim üçün İslamın qırmızı xəttidir. Kəbənin əkiz qardaşıdır. Eyni zamanda Aşura Məktəbilə bərabər furqan təsirinə malikdir. Yəni, Qüdsə münasibət haqq yolunu izləmək üçün çox faydalı yolgöstərəndir.

Qüdsün yanında olanlar haqqın yanındadırlar, mənə görə. O müqəddəs məkana arxa çevirənlər həqiqətə savaş açmışlardır.

İslam dünyasının Qüdsə olan münasibətinə gəldikdə, Quran bu barədə söz açır. Qüds müsəlmanların ilk qibləsi olub. Təkcə İslamda deyil, hər 3 səmavi dində Qüds müqəddəs məkan olaraq xatırlanır. Məhz ona görə daim diqqət mərkəzində olub. Digərləri hesab edirlər ki, dünyaya sahib olmaq, Qüdsə yiyələnməkdən keçir.

Ona görə də hər yoldan istifadə edib, bu məqsədə çatmağa çalışırlar. Hətta uşaq qatili olmaq bahasına bu sahibliyi əldə etməyə səy göstərirlər. Lakin İslam dini Qüdsü müsəlman Fələstin xalqının tarixi, əzəli vətəni hesab edir və işğaldan azad edəcəyinin zəruriliyini bildirir.

Qərb imperializminin əsas hədəfi dünyanı şəriksiz idarə etməkdir. İslam dini isə qəsbkarliğa yox deyir, ən ucqar kənddə haqsızlığa uğrayanın yanında dayanır. Bu iki fərqli düşüncə siyasi gərginliyin əsasını təşkil etdiyi kimi Qüdsə sahiblənmək də maddi və mənəvi üstünlüyü əldə edir. Bu amil təbii ki, Qüdsü dünya siyasətinin mərkəzində saxlayır.

Azərbaycanla Qüdsün fərqli və oxşar tərəfləri əlbəttə ki var. Lakin bilməliyik ki, Qüds həqiqəti tanımaq üçün meyardır, ilahi muqəddəsliyə sahibdir. İşğala məruz qalıb, İsrail adlı rejim tərəfindən hər gün təhqirlə üzləşir. Körpə və məsum övladlarının qanıyla sulanır. Bunlar dəhşətdir.

100 illərdir savaşın qorxulu sədası Qüdsün yuxusunu ərşə çəkib. Ölkəmiz Azərbaycanda təcavüzə məruz qalıb. Ölkəmiz 30 ildir işğalçı Ermənistan tərəfindən zorakılığa, işğala, vəhşiliyə məruz qalır.

 Bizim faciəmiz Qüdsün işğalına biganəliyimizə görədir. Əgər Qüds işğaldan azad edilərsə, Azərbaycan kimi kiçik ölkələrdə də sərbəst və rahat yaşam bərpa olacaq.

Qüds və Kəbə mütləq azad olacaqlar. Dünyanın məqəddəs əkiz məkanları ağır işğal günlərini yaşayırlar. Dini dərk edən və qəlbində iman gəzdirən şəxslər üçün bu işğal öldürücü əzaba bərabərdir.

Həqiqi İslamın əsas hədəfi Qüdsü və Kəbəni azad etməkdir. Hər bir musəlman da bu hədəfib tələblərinə əməl etməlidir. Təkcə namaz qılıb həccə getməklə şərii vəzifə tamamlanmır. Bu mövzu o qədər əhəmiyyət kəsb edir ki, hətta çəkinmədən demək istəyirəm, Zəmanə Sahibinin (ə.f) zühuru Qüdsün və Kəbənin azadlığına bağlıdır. Fələstinlilər sadəcə vətən olaraq Qüdsü qoruyurlar. Qüdsü qorumaq bütün müsəlmanların dini vəzifələridir. Yəni Qüdsün azadlığını düşünməyən müsəlman gərək əqidəsinə bir də nəzər eləsin.”

Vüsal Nadiroğlu. Sosial psixoloq

“Bismilləhir Rahmənir Rahim Qüds mənim üçün çoxsaylı ilahi nişanələri özündə ehtiva edən olduqca müqəddəs bir məkandır. Qüds səmavi dinlərin ortaq ilahi nöqtəsidir.

Qüds ilahi Peyğəmbərlərin(s.ə) yaşamına şahidlik edən müqəddəs bir ərazidir. Eyni zamanda müsəlman aləminin ilk qibləsidir. Bu baxımdan Qüdsün işğalı bir müsəlman kimi mənim üçün ürəyimi dağlayan və dincliyimi aradan aparan bir məqamdır.

Özünə müsəlman deyən həmçinin dini qeyrətə mənsub olan şəxsi Qüds mövzusu narahat etməyə bilməz. Qüds birləşdirici amildir. Qüds əslində vəhdət göstəricisidir.

Qüdsün işğalı İslam dünyasının vəhdətinin zəifliyindən xəbər verir. Qüdsün həqiqi mahiyyəti siyonizm tərəfindən İslam dünyasında unutdurulur və diqqətdən kənarda saxlanılır.

Qüds dünya siyasətində öz həqiqi konteksindən çıxarılmaqdadır. Qüds Siyonizmin qərargahı kimi qəbul etdirilməkdədir.

Əslində Qüds böyük bir haqsızlıqla üz-üzədir. Bu haqsızlıq da müzakirə mövzusu olmaqdan çıxarılmaqdadır. Qüdsün Siyonizm tərəfindən işğalı illər keçdikcə İslam dünyası və bütövlükdə bəşəriyyətə təbii bir proses kimi aşılanır və yaddaşlara möhkəmləndirilir.

Qüdsün Siyonizm tərəfindən işğalı haqda fikir və mülahizələr peşəkarcasına kənara qoyulur və tarix ustalıqla saxtalaşdırılır. Bunun müqabilində əlaqədar dövlət və şəxslərin maraqları bu vəya digər formada qarşılanır.

 Qüdsün Azərbaycanla oxşar cəhəti işğaldır. Azərbaycanımızın işğalda olan əraziləri Qüdslə eyni taleyi bölüşür. Fərqli cəhəti isə Qüdsün bütövlükdə İslam aləmi üçün xüsusi əhəmiyyətə malik bir müqəddəs məkan və İslam dünyasının Məkkə və Mədinədən sonra ikinci ən müqəddəs ərazi olmasıdır.

Qüdsün qayıtması ilahi vəddir. Qüds mütləq qayıdacaqdır. Qüdsün qayıtması zühura qədər gerçəkləşməzsə, bəşəriyyətin sonuncu ilahi xilaskarı İmam Mehdi(ə) vasitəsilə baş tutacaqdır.

Qüdsün qayıtması ilahi vəddir. Qüds mütləq qayıdacaqdır. Qüdsün qayıtması zühura qədər gerçəkləşməzsə, bəşəriyyətin sonuncu ilahi xilaskarı İmam Mehdi(ə) vasitəsilə baş tutacaqdır.”

Sahil Rzalı-İctimai fəal, keçmiş siyasi məhbus

“Qüdsün anlamı Peyğəmbərin müqəddəs Kəbəni müşriklərdən azad etməsi anlamındadır.

Dünya siyasətində Qüds əsas prioritetdir. Əgər müasir dünyada müqəddəs məkanlardan biri olan Beytul Müqəddəsin yerləşdiyi Qüds şəhəri işğaldadırsa bu, ddünya siyasətinin əfalətsizliyinə dəlildir.

Qüdslə Qarabağın oxşar cəhətləri çoxdur. Erməni və Yəhudilər işğalçıdırlar. 4-Allahın izni ilə ədalət mütləq qalib olacaq. Bu çoxda uzaq olmayan tarixdir.”

Abid Qafarov. İctimai fəal. “Bakı Birlik Təşkilatı”nın sədri

“Tarixən Qüds ətraf coğrafiya üçün mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir mərkəz olub, amma təəssüf ki, biz bu gün bunun əksini görürük, bu gün Qüds mədəniyyətlərin və sivilizasiyaların toqquşduğu məkana çevrilib. Bir çoxumuz gözümüzü açandan bəri Qüdsü dünyanın qanayan yarası kimi görmüşük, qəsbkarların silahlarından açılmış atəş nəticəsində olan yara.

Qüds şəhəri İslam dünyasında ilk qiblə və sevimli Peyğəmbərimizin (ə) meracla ziyarət etdiyi şəhərdir. Başqa maraqlı bir fakt isə, Qüdsün 638-ci ildə, Ömər ibn Əl-Xəttabın hakimiyyəti dövründə, qansız olaraq fəthi olub, bu, Qüdsün qanlı tarixində yeganə haldır. Qüdsü fəth etmiş digər bir sərkərdədən, Səlahəddin Eyyubidən Qüdsün onun üçün nə anlamı olduğunu soruşanda o, “heç nə… və həmdə bütün dünya” cavabını verib.

Tarixin hansı səhifəsinə baxsaq, orada Qüds uğrunda müharibələrin və ya ən azından mübarizələrin aparıldığını görə bilərik. Tarixən hamı Qüdsü dünyanın siyasi mərkəzi kimi görüb. Axırzamanı öyrənən eskotologiya elminə baxanda, həm Xristianlığın, həm Musəviliyin, həm də İslamın nəzərində, Qüdsü dünyanın siyasi mərkəzinə çevirmək üçün dəhşətli fəlakətlərlə müşayiət olunan müharibələr olacaq. Məncə bütün dinlərin nümayəndələri bu proqnozu bilir və artıq cəbhələr müəyyən edilməyə başlayıb.

44 günlük savaş ərzində, işğal altında olan torpaqlarımızın böyük bir hissəsi, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına düşmən tapdağından azad edilsə də, Xankəndi, Xocalı, Xocavənd rayonları və digər çoxlu sayda kəndlərimiz hələ də ermənilərin nəzarəti altındadır. Öz torpaqlarımız olmasına baxmayaraq, oralara getmək üçün başqa dövlətin əsgərlərindən icazə almalıyıq. Məncə, ən azı bu iki cəhətlərdə bizim Qüdslə oxşarlığımız var.

Niyə sadəcə dindar fələstinlilər? Məgər qeyri-dindar fələstinlilər Qüdsün azadlığını istəmirmi, oranı vətənlərinin bir parçası hesab etmirlərmi?

Ümid edirəm ki, bu belə deyil və hamı Qüdsün azadlığını istəyir. Biz baxıb görürük ki, BMT-nin 1967-ci ildə qəbul edilmiş 242 saylı qətnaməsi, 2020-ci ildə BMT İnsan Haqları Şurasının İsrailə qarşı “İsrail tərəfindən işğal edilmiş Fələstin ərazisindəki qanunsuz yəhudi məskənləri” adlı 13 müxtəlif qətnamələrinə baxmayaraq, onlar İsrail tərəfindən riayət olunmur.

Bizim də oxşar situasiyamız var idi, BMT-nin 4 qətnaməsinə ermənilər əməl etmirdilər və biz onları, qardaş Türkiyə dövlətinin dəstəyi ilə, torpaqlarımızdan qovduq. Görünür, Qüdsün azadlığı da məhz elə bu cür, qardaş dövlətlərin dəstəyi sayəsində gerçəkləşdiriləcək və BMT-nin qətnamələri güclə tətbiq ediləcək. Eskotologiya elminə əsasən, bu, elə bu cür də olacaq.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button