ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan gömrüyü; məhdudiyyətlər yoxsa asanlaşdırıcı tədbirlər? – Təhlil

İranın Bakıdakı səfirliyi İran tərəfindən Azərbaycan Respublikası vətəndaşları üçün hansısa məhdudiyyətin yaradılmasını təkzib edib. Səfirliyin mətbuat katibi Seyid Məhəmməd Hüseyn Ayətullahi deyib ki, İran Azərbaycan Respublikası vətəndaşları üçün heç bir məhdudiyyət yaratmayıb.Seyid Məhəmməd Hüseyn Ayətullahi Tehranın iki ölkə arasında xalq əlaqələrinin gücləndirilməsinə meylli olduğunu söyləyib. ”Azərbaycan Respublikası vətəndaşları vizanın ləğvi qanunundan istifadə edərək, istədikləri zaman İrana səfər edə bilərlər. İran nəinki Azərbaycan Respublikası vətəndaşlarının səfərləri üçün məhdudiyyət yaratmaq ardınca deyil, əksinə Azərbaycan Respublikası vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq üçün sərhəd gömrüklərinin iş vaxtını artırıbdır” – deyə səfirliyin mətbuat katibi əlavə edib.
Öz növbəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son günlər bəzi KİV-lərdə Azərbaycandan İrana gediş-gəlişə məhdudiyyət qoyulması barədə dərc olunan yazılara münasibət bildirib.
Komitə sədri deyib ki, iki ölkə arasındakı gömrük-keçid məntəqələrində buraxılışla bağlı heç bir məhdudiyyət yoxdur: “Nəzərinizə çatdırım ki, son vaxtlar Azərbaycandan İrana və əks tərəfə gedib-gələnlərin sayı artıb. Novruz bayramı günlərində təkcə Biləsuvar gömrük keçid məntəqəsinə hər gün 3 mindən yuxarı insan müraciət edib. Bu məsələlər tənzimlənir, məhdudiyyət qoyulmur. Xəstə insanların müalicə üçün İrana gedib-gəlməsinə də heç bir məhdudiyyət qoyulmur, insanlar rahat şəkildə gedib-gələ bilərlər”.
Qeyd edək ki, bəzi informasiya vasitələri bir xəbər yaymışdılar ki, ona əsasən, guya İran sərhəd keçidləri ilə bağlı yeni qaydalar tətbiq edib və bu qaydalara görə, Azərbaycan Respublikası vətəndaşları bir ayda iki dəfədən çox İrana səfər edə bilməzlər.
Xatırladaq ki, İran İslam Respublikası 2009-cu ildə Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycanlılar keçid məntəqələrində viza olmadan xarici pasportu təqdim etməklə İrana keçə bilirlər.
İran-Azərbaycan sərhədində 4 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar Biləsuvar, Şahtaxtı-Poldəşt, Astara və Culfa məntəqələridir. Hazırda Azərbaycan və İran arasında Aslandüz-Horadiz beşinci sərhəd-keçid məntəqəsinin açılması üzrə də razılıq əldə olunub.
Beləliklə də sözü gedən dezinformasiyanın hər iki ölkə rəsmiləri tərəfindən təkzib edilməsi ilə aydın olur ki, məlum dairələr və əcnəbi qüvvələr tərəfindən maliyyələşən bəzi medialar yalan məlumatlar yaymaqla son aylarda iki dövlət arasında yüksələn xətlə inkişaf edən münasibətlərə xələl gətirmək yolunu tutublar. Əlbəttə ki, bədxah qüvvələrin narahatlığını başa düşmək olar. Onlar öz mənafelərini regionda etimadsızlığın mövcud olmasında və gərginlikdə görürlər. Bu səbəbdən də Tehran-Bakı əlaqələrinin inkişafına xor baxan həmin qüvvələr bəzi yerli informasiya vasitələrinə müəyyən tapşırıqlar verməklə təxribatçılığa cəhd göstərirlər. Buna baxmayaraq ötən iki ildə hər altı aydan bir görüşməsi , nazirlər arasında təmasların artması təxribatların tamamilə təsirsiz olduğuna dəlalət edir.
Təsadüfi deyil ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani və onun azərbaycanlı həmkarı İlham Əliyev hər dəfə görüşəndə əlaqələrin inkişafı üçün məhdudiyyət olmadığını vurğulayırlar. Ona görə də qarşılıqlı səfərlər intensiv hal alıb. Aprel mayında İranın iqtisadiyyat və maliyyə işləri naziri Əli Təyyibniyanın , eləcə də İran müdafiə naziri general – mayor Hüseyn Dehqanın Azərbaycan Respublikasına rəsmi səfərləri bunun bariz nümunəsidir. Dehqanın səfəri zamanı hətta çox mühüm bir hadisə baş vermişdir. O da iki dövlət arasında müştərək müdafiə komissiyasının yaradılması haqda razılığın əldə olunmasıdır ki, əlaqələrin inkişafını istəməyən qüvvələr bundan təşvişə düşüblər. İran tərəfində gömrükdə Azərbaycan vətəndaşlarına məhdudiyyət qoyulması xəbərinin yayılması da çox güman ki, bu qüvvələrin işidir. Əlbəttə ki, belə dezinformasiyaların əlaqələrin inkişaf tempini sürətləndirməkdə qətiyyətli olan hər iki dövlətə təsirsiz olması şübhə doğurmamalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button