Xəbərlər

İngilis soyuqqanlılığına qarşı iranlı səbri

İran İslam Respublikası haqqında yazmaq indi cəsarət tələb edir. Az qala bütün dünyanın əleyhinə olduğu, getdikcə blokadanın daraldığı İran haqqında müsbət fikir iki cür qiymətləndirilə bilər; birincisi, düşünə bilərlər ki, yəqin bu adamın başı xarab olub, bütün dünya İranı təhlükə adlandırdığı bir vaxtda belə addım atır. İkincisi, fikirləşəcəklər ki, İranın agentidir.

Amma bütün bunlara baxmayaraq həqiqət bilinməlidir ki, adekvat reaksiyalar olsun və düzgün qərarlar qəbul edilsin. Məgər insan münasibətlərini korlayan, dostu düşmənə çevirən yalan məlumatlar deyilmi?!
Azərbaycanda əksəriyyətin qapalı rejim kimi təsəvvür etdiyi İranın da bizə münasibəti o qədər tərifəlayiq deyil. Bizdə qeyd edilən kimi Cənubi Azərbaycanın Şimala birləşməsi uğrunda bu ölkədə nəinki heç bir mücadilə aparmırlar, hətta fikir belə yoxdur.
“Bəyənmədiyimiz” İrana hər gün Biləsuvar sərhəd-keçid məntəqəsindən təxminən 1500 nəfər keçir ki, bunun da 1000-ə yaxını həkimə və müalicəyə gedir. Bütöv azərbaycanlılar gərək burada nəzərə alsınlar ki, “azad” ölkənin həkimləri hansı səviyyədədir, “qapalı” rejimin kadr potensialı nələrə qadirdir. Yeri gəlmişkən onu da qeyd edim ki, həkimlərə və dərmanlarımıza etibar etməməyim məni də bu ölkəyə aparıb çıxarmışdı.
İranda yaşayan azərbaycanlılar bu ölkəni öz vətənləri hesab edirlər və İran-İraq müharibəsində digər xalqlara nisbətən daha çox qəhrəmanlıq göstərdiklərinə, şəhid verdiklərinə görə öyünürlər.
Cəmiyyətin sosial, siyasi vəziyyətinin göstəricisi olan müəllim və həkimlərə xüsusi dövlət qayğısı hiss olunur bu ölkədə. Bizim manatla desək müəllimlər 250 manat əmək haqqı alırlar. 200 manatı İran tüməninə dəyişdikdən sonra soruşdum ki, bu pula sizin ölkədə nə almaq olar. Cavabı çox qısa və konkret oldu: “hər zad ala bilərsiniz, ağa”!
İranın Ermənistanla iqtisadi əməkdaşlıq qurmaqda ittiham edilməsi az qala adi hala çevrilib. Bu barədə bilənlər də danışır, bilməyənlər də. Sərhədlərimizi üzlərinə bağlayaraq onların nə etmək istədiyini gözləyirik? Baxmayaraq ki, İran birtərəfli qaydada viza rejimini ləğv edib. Din, dil birliyimiz olsa da uzun müddət fərqli siyasi, iqtisadi məkanlarda yaşamağımız dünya baxışlarımızda, şüurumuzda uyğunsuzluq yaradıb. Xeyli əzab-əziyyətdən sonra 40 yevroya viza aldıqdan sonra
Azərbaycana gələ bilən İran vətəndaşlarının (azərbaycanlılarının) bizə qarşı xoş münasibəti ola bilərmi? Özümüzə qarşı hüsn-rəğbət yaratmaq, cəmiyyətlər arasında ünsiyyəti dərinləşdirməyə təkan vermək məqsədi naminə viza rejiminin ləğvinin vaxtı yetişməyibmi? Yoxsa hesab edirik ki, bu yolla İrana təzyiq edib şərtlərimizi diktə edəcəyik? Amma bu zaman düşünməliyik ki, uzun illərdir ABŞ öz müttəfiqləri ilə birlikdə İranla bu dildə danışmasına baxmayaraq heç nəyə nail ola bilməyib. Çünki İranın qədim dövlətçilik tarixi və ənənəsi var. Həm də adama elə gəlir ki, bu ölkə onu dağıtmaq istəyənləri özünün dəmir kimi möhkəm səbri ilə məhv edəcək. İnsanlarının səbrinə təəccüblənməyə bilmirsən: ingilis soyuqqanlılığına qarşı iranlı səbri.
Bu ölkəni qoruyan amillərdən biri də onun ideoloji dövlət olmasıdır. Burada puldan, var-dövlətdən də üstün inamdır, beyinlərdə uzun illərdir ki, formalaşmış və inama çevrilmiş fikirlərdir. Digər mühüm bir faktor isə orta təbəqənin mövcudluğudur. Bizdən fərqli olaraq dünyanın axırıymış deyə heç kim özünü vəhşi kimi ora-bura vurmur ki, ehtiyacını qarşılasın. Blokadada olan ölkədə belə problem yoxdur. Orada taksi sürücüsü orta təbəqənin nümayəndəsidir. Necə dolanırsınız, nə qədər vergi ödəyirsiniz sualına gözləmədiyim maraqlı cavab belə oldu: biz vergi vermirik, camaatı daşıyırıqsa niyə vergi verməliyik ki?

– Axı siz havayı daşımırsınız?
– Olsun, axı bizə ehtiyac var.
Xoşbəxt insanlardır ki, insanlara, hətta dövlətə də lazım olduqları düşüncəsinə hakimdirlər.
Hələ üstəlik öyrənirəm ki, onlar ümummilli sərvət olan neftdən adambaşına paylarını da alırlar. Hər ay 60 litr benzini satış qiymətindən təxminən iki dəfə ucuz – 10 qəpikdən ala bilirlər.
Təbii ki, İran qüsurlardan da xali deyil. Qədim dövlət kimi ən ciddi problemi bürokratik aparatın böyüklüyüdür. Bürokratizm o qədər şişib ki, şikayətçi mənasız get-gələ görə öz ərizəsindən imtina etməyə hazırdır. Deyim ki, Türkiyədə də belə vəziyyət hökm sürür, baxmayaraq ki ,Ərdoğan buna qarşı mübarizədə cüzi də olsa irəliləyişə nail olub.
Dövlətçilik ənənəsinin uzunmüddətli təcrübəsi bu ölkənin daha bir probleminin hakimiyyət tərəfindən gündəliyə gətirilməsinə səbəb olub. Bu insanlara tətbiq edilən qadağaların yumşaldılması ilə bağlıdır. Artıq yeni seçilmiş prezident H.Ruhani cəmiyyətin fikrini ifadə edir- qadınların çadrada gəzməsi məcburi olmamalıdır, din siyasi məqsədlərə yox, insanın inamına xidmət etməlidir və s.
Elə bu yolda – xalqın islahatlara olan yanğısının qarşılanmasında cənub qonşumuza uğurlar arzulayıram. Nə edirsinizsə özünüz edin, yaxşı və pis olmasından asılı olmayaraq, başqalarının “bəşəri dəyərləri” mütləq faciə gətirir.

Mütəllim Rəhimli –http://moderator.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button