Aktual

İlham Əliyevin iqtidarının yeni nazirləri…

 

10 illik hakimiyyətindən sonra İlham Əliyev növbəti dəfə seçkilərə gedərək, ölkənin ən ali postu uğrunda mübarizədən qalib ayrıldı. Üçüncü dəfə ölkə başçısı postunda əyləşəcək İlham Əliyev iqtidarında yeni hökumətin kimlərdən təşkil olunacağı maraq doğurur. Nazirlərlə bağlı dəyişiklik olacaq, yoxsa köhnələr öz yerində qalacaq?
Prezident hələ seçkiqabağı müddətdə rayonlara səfərlərində, eyni zamanda paytaxtdakı bəzi tədbirlərdə yüksək vəzifə tutan məmurlara, yerli icra hakimiyyəti başçılarına barmaq silkələyərək onların nöqsanlarından xəbərdar olduğunu diqqətə çatdırırdı.
Bununla ölkə başçısı özündən razı məmurların cəzalandırılacağını, tutduqları vəzifələrdən kənarlaşdırılacağını istisna etməmişdi.

“Onlara dedim ki, vəzifədən azad edəcəyəm…”

“Bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, ad günləri keçirirlər. Xaricdən müğənnilər dəvət edirlər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm”.

Ölkə başçısının seçkiöncəsi ad çəkmədən məmurlara ünvanladığı ümumi xəbərdarlıqlar mərkəzi və yerli icra hakimiyyətlərinin rəhbər postlarında dəyişikliklər ediləcəyinə işarə idi.

“Hər bir vəzifə sahibi, hər bir rəhbər işçi ilk növbədə insanlara qulluq etməlidir, onların qayğıları ilə yaşamalıdır, insanların rahat yaşaması üçün əlindən gələni etməlidir. Bu bizim siyasətimizdir. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda, əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcək.
…Bir daha demək istəyirəm – mütləq Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır”.

YAP-dan yüksək çinli məmurlara sərt xəbərdarlıq

Ölkə başçısının seçkidən sonra dəyişiklik anonsu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədovun çıxışında da öz təsdiqini tapdı.

“İlham Əliyev növbəti illərdə hazırda ölkədə gedən inkişafın tempini daha da qaldırmaq üçün kadr islahatları həyata keçirəcək”.

YAP rəsmisi bu çıxışı ilə seçkidən sonra hakimiyyət komandasında təmizlənmənin olacağını istisna etmədi.
Hakim partiyanın digər aparıcı siması Eldar İbrahimov bu yaxınlarda Modern.az-a müsahibəsində prezident İlham Əliyevin seçkidən sonra harınlamış məmurlara qarşı ölçü götürəcəyini bildirib.

“Məmurlarımız, deputatlarımız Azərbaycan xalqına nümunə olmalıdırlar. Məmurlar niyə bundan nəticə çıxarmır? Dəbdəbəli ad günləri keçirmək, xaricdən artist gətirmək, bu qudurğanlıq kimə lazımdır? İnsan nə qədər təvazökar olsa, o qədər hörməti artar. Baxın, prezidentimiz ad gününü Qarabağ bölgəsində məcburi köçkünlərin arasında qeyd etdi. Bu, cəmiyyətimizə də, bütün dünyaya da bir mesaj idi. Məmurlarımız bundan ibrət götürməlidir. Niyə anlamırlar ki, bu hərəkətləri ilə cəmiyyətə ziyan vururlar, görülən işlərə kölgə salırlar. Bilirsiniz, xoşbəxtlik dəbdəbədə deyil. Hər halda prezidentimiz xəbərdarlığını edib, nəticə çıxarmasalar, seçkidən sonra cənab prezident yəqin ki, onlar barədə ölçü götürəcək”.

YAP rəsimisi deyib ki, prezident məmurları özlərindən yaxşı tanıyır. Onlar nə edir, hansı işlər görürlər, ölkə başçısı bundan xəbərdardır.

Prezidentin yeni komandasında kimlər olacaq?

Seçkidən öncə verilən mesajların gerçəkləşmə zamanı çatıb.

Hansı məmurun, oliqarxın prezidentin “qara siyahı”sına düşdüyünü demək çətin olsa da, dəyişikliyin olacağı qaçılmazdır.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən, yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.

Konstitusiyanın 102-ci maddəsinə görə, prezident seçkisinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi rəsmən elan edir. Prezident seçilmiş şəxs seçkinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsində rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Beləliklə, Nazirlər Kabineti önümüzdəki yaxın günlərdə istefaya göndəriləcək.

İstefaya göndəriləcək məmurlardan kimlərin yeni Nazirlər Kabinetində yer alacağı, kimlərin çıxdaş ediləcəyi teziklə bəlli olacaq. Az qalıb…

modern

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button