AktualAktualArxivIslammədəniyyatXəbər lentiXəbərlər

“Hacı Mövsüm Səmədov öz prinsiplərinə sədaqətli olan insanlardan biridir” (Foto)

“Onlara qarşı həbsxanalarda qeyri-qanuni cəzalar, təzyiqlər və döyülmə halları baş verir”

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata görə, Milli Şuranın təşkilatçılığı ilə bu gün Bakı şəhərində həbsdə saxlanılan tanınmış hüquq müdafiəçisi Leyla Yunus və Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun təzyiqə məruz qalması ilə əlaqədar olaraq tədbir keçirilib.

Tədbirdə KİV təmsilçiləri, Milli Şuranın sədri Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, tanınmış siyasətçi Gültəkin Hacıbəyli, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, tanınmış kinorejissor və ziyalı Eldəniz Quliyev, hüquq müdafiəçisi Namizəd Səfərov, Qarabağın Azadlığı Uğrunda İslam Müqaviməti Hərəkatının lideri Hacı Rövşən Əhmədli və digərləri iştirak edib.

Professor Cəmil Həsənli çıxışında qeyd edib ki, “Bu gün Azərbaycanın cəsur hüquq müdafiəçisi Leyla Yunus və qorxmaz insan olan Hacı Mövsüm Səmədova qarşı təzyiqlərin baş verməsi ilə bağlı xəbər aldığımızdan, bu tədbiri keçirmək qərarına gəldik. Zaman azərbaycanlıların dövlət, millət və xalq olaraq ləyaqətini imtahana çəkir. Çox təəssüf ki, biz indi deyə bilmərik ki, bu ləyaqət imtahanından üzüağ çıxırıq. Mən bir daha bəyan etmək istəyirəm ki, 105 nəfər siyasi məhbusumuz var. Onlara qarşı həbsxanalarda qeyri-qanuni cəzalar, təzyiqlər və döyülmə halları baş verir. Mən o şəxslərə səslənirəm ki, kimin içində ziyalılıq səsi varsa, qoysun ortaya, sonra gec olacaq. Mən hətta deyərdim ki, Azərbaycanda insanların Sovet dövründə özlərini müdafiə etməyi daha asan idi, nəinki İlham Əliyevin rəhbər olduğu müstəqil Azərbaycan Respublikasında. Hacı Mövsüm Səmədov öz prinsiplərinə sədaqətli olan insanlardan biridir. Son iki həftə ərzində onun həbsxanada anti-insani hərəkətlərlə qarşılaşması, “kars”a salınması və ona qarşı qanunun mühüm tələblərinin pozulması müşahidə edilməkdədir. Bilirsiniz ki, Hacı Mövsüm Səmədov nə qədər təzyiqə məruz qalsa da, bu ilahiyyatçı böyük iradə sahibi olduğu üçün mübarizəsi bu günə qədər davam edir. Leyla Yunus zorakılığa məruz qalıb. Mən bəyan edirəm ki, şəxsən İlham Əliyevin razılığı olmadan Leyla Yunusa qarşı zorakılıq edilə bilməz. Bu münasibət bilavasitə bir başa ölkənin birinci şəxsindən gələn münasibətdir.”

Tanınmış ziyalı və kinorejissor Eldəniz Quliyev isə çıxışında deyib ki, “Hesab edirəm ki, hakimiyyətin azad fikirə qarşı, demokratik fikirə qarşı, alternativ fikirə qarşı fəaliyyəti öz pik nöqtəsinə çatıb. Bunu ancaq orta əsrlərdəki mağara təfəkkürü ilə ehtiva edə bilərik. Hər bir insan heç olmasa bir dəfə vicdanımızın səsi ilə deməliyik ki, olmaz belə. Dirəniş göstərməliyik. Biz bu vəhşiliyi durdura bilərik məncə. Həbslər insanlarda artıq qorxu yaratmır.”

Bundan sonra Milli Şuranın üzvü, tanınmış siyasətçi Gültəkin Hacıbəyli danışıb. O, bildirib ki, “Mən bir şeyə toxunmaq istəyirəm. Bu gün bir çoxları özünü ziyalı adlandırır, amma İntiqam Əliyev kimi vəkilin həbsinə susur. Məncə İntiqam Əliyevin həbsinə susan insan özünü ziyalı adlandıra bilməz. Əgər kimsə İntiqam müəllim kimi hüquq müdafiəçisinin həbsinə etiraz etmirsə, haqqı yoxdur ziyalılıqdan danışsın.  Bu gün Eldəniz müəllim dediyi kimi Azərbaycanda həbslər insanları qorxutmur.”

Sonda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli qeyd edib ki, “Bu gün bunu açıq demək lazımdır ki, hakimiyyətin kini ölkəni uçuruma aparır. Hakimiyyətin bu gün apardığı bu siyasətə görə, axırda Azərbaycan dövlət olaraq altını çəkəcək. Hamımız Azərbaycan olaraq bunun hesabını verməli olacağıq. Bunun hesabını iqtisadi tənəzzüllə, qeyri-sabitliklə, ölkə daxilində ekstremizmin artması ilə verəcəyik. Hökumət Azərbaycanı bu istiqamətə aparır. Bunu nəhayət anlamalıdırlar. Elementar məsuliyyət hissini dərk etməlidirlər. Əvvəllər NİDA-çılara qarşı, Kəmalə Bənəniyarlıya qarşı, inanclılara qarşı həbsxanalarda döyülmə halları, işgəncə halları olub. Əli İnsanova qarşı, İlqar Məmmədova qarşı saxlanma şəraitində işgəncə tipli hərəkətlərə yol verildiyini görmüşük. Bu gün bu, Hacı Mövsüm Səmədova qarşı baş verir. Bu sistemli işdir. Bu sistemli şəkildə həyata keçirilir. Azərbaycan hakimiyyətinin kimə qarşı kini varsa, bu cür addımlar atır. Buna qisas əməliyyatı da demək olar. Həbsdən sonra qisas almaq məqsədi ilə bu işləri görürlər. Azərbaycanda 1991-ci ildən bu günə qədər minlərlə insan siyasi məhbus həyatını görüb. Bu mütəmadi olaraq baş verib Azərbaycanda. Bu gün yüzün üzərində siyasi məhbus var. Ona görə də cəmiyyətdə müəyyən bir xofun olmağını mən başa düşürəm. Amma qınağım o şəxslərədir ki, Leyla Yunusa qarşı, İntiqam Əliyevə qarşı və xüsusilə ölkədəki siyasi məhbuslara qarşı baş verənlərə münasibət bildirməyən özlərini müxalifət adlandıran şəxslər niyə susurlar? Sən necə özünü vətəndaş cəmiyyəti fəalı hesab edirsən ki, ağzına su alıb oturmusan? Hanı o adamların səsləri? Niyə susur o adamlar? Bu gün Leyla xanıma qarşı hakimiyyətin münasibətinə münasibət indiqator olmalıdır. Bu məsələyə sən susursansa, fərqi yoxdur qorxudan və ya hansısa gəlir itirməkdən susursansa, o zaman heç bir ictimai status ardınca düşmə. Demə ki, mən azad mətbuatı təmsil edirəm, demə ki mən müxalifətəm, demə ki, vətəndaş cəmiyyətini təmsil edirəm. Səninlə işimiz yoxdur. Amma demə bunu. Deyirsənsə, sənin ictimai missiyan var. Zəhmət çəkib mövqe bildirməlisən. Mən cəmiyyətimizin hazırki halında belə, xalqımıza inamım yerindədir. Hesab edirəm ki, biz hələ də kifayət qədər çoxuq. Bu qədər repressiyalardan sonra, bu qədər satın almalardan, ələ almalardan sonra prinsipinə sadiq insanlar kifayət qədər çoxdur.“

Qeyd edək ki, tədbirdə bildirilib ki, həm Hacı Mövsüm Səmədov, həm də Leyla Yunusun səhhətində müəyyən problemlər var. Bunun üçün çağırış edilib ki, vicdanlı həkimlər hər iki şəxsin müayinəsini öz üzərinə götürsün.

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button