ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstandakı islam vəhdətini parçalamaq zərərli haldır – GMİ sədri (MÜSAHİBƏ)

“Gürcüstanda insanlar azad şəkildə öz dini inanclarını yaşayırlar, ibadətlərini həyata keçirir və dini mərasimlərini qeyd edirlər. Bu sahədə hər hansı bir qadağa ilə rastlaşmırlar”.

Bu fikirləri Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Gürcüstanda dini vəziyyətlə bağlı müsahibəsində deyib.

– Müqəddəs Ramazan ayının böyük bir hissəsi geridə qalıb. Oruc tutan müsəlmanlara məsləhətləriniz nədir?

– Öncə Ramazan ayı münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirəm. Onların oruc və namazlarının qəbul olunmasını uca Allahdan diləyirəm. Böyüklərimizn tövsiyəsi belədir ki, oruc ibadətini yerinə yetirirərkən orucun digər mahiyyətlərindən qafil olmayaq. Yoxsulları, fəqirləri unutmayaq. Əgər qonşuda ac bir insan varsa, onun da iftarına yardımçı olaq. Necə ki, Peyğəmbərimiz (s) buyurub ki, qonşusu ac ikən, özü tox yatan şəxs bizdən deyildir. Orucun da elə əsas məqsədlərindən biri ac qalmaqla kasıbların, yoxsulların halını praktiki olaraq hiss etməkdir. Bundan başqa oruc tutan insan tibbi tövsiyyələrə riayət etməlidir, qidalarına diqqət yetirməlidir. Bir də, yaxşı olar ki, oruc tutan insanlar yanlış vərdişləri tərgitsinlər. Məsələn gözəl fürsətdir ki, siqarət çəkən insan bu vərdişi tərgitsin. Ramazan ayı eyni zamanda nəfsin tərbiyə və təlim ayıdır. İnsanlar bu ayın hər gününün üçdə ikisini halal yemək və içməkdən belə uzaq olmağı bacarırsa, deməli ilin digər on bir ayında haram qidalardan uzaq olmaq onun üçün elə də çətin olmaz.

– Ramazan ayı boyunca Gürcüstan Müsəlmanları İdarəsi nə kimi işlər həyata keçirib və keçirməkdədir?

– Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) olaraq Ramazan ayında təlim proqramları, internet tv verilişləri, broşür və dərgi nəşr etməklə bir sıra fəaliyyətlər həyata keçirilib, eyni zamanda bu ay boyunca Gürcüstanda bir sıra xeyriyyə tədbirləri həyata keçirilməkdədir.

Belə ki, GMİ xeyriyyə təşkilatları ilə birgə 600-dan çox yoxsul, ehtiyacı olan ailələrə Ramazan sovqatı verilib. Bu proqram ayın sonuna kimi davam edəcək. Həmçinin müxtəlif məntəqələrdə iftar mərasimləri keçirilir. Bu barədə Gürcüstanın Baş naziri ötən il tapşırıq verib. Artıq ənənə halını almış bu mərasimlərdə Baş nazir özü də iftar süftəsi təşkil edərək müsəlmanları təbrik edir. Ümumiyyətlə GMİ olaraq biz çalışırıq ki, bu mərasimlər bütün məntəqələrdə keçirilsin və Ramazan mədəniyyəti hər yerdə yaşasın. Bundan başqa bizə yetişən xeyriyyə zəkatı, həmçinin Ramazan ayının sonuncu günü bizə gələn fitrə zəkatı da yoxsullara çatdırılır.

– Bizdə olan məlumata görə, məzhəblərin ayrı icma olaraq tanınması və iki ayrı idarədə təmsil olunması haqda müraciət olunub. Bu məsələyə münasibətiniz necədir?

– Bəli, təəssüflə bu haqda Gürcüstanın Konstitusiya Məhkəməsinə müraciət olunub. İctimaiyyət, xüsusilə də azərbaycanlılar bunu qətiyyətlə pisləyir. Müsəlman məzhəblərinin ardıcılları tarixən bu günümüzə qədər İslam icması adı altında və bir dini konfessiya ətrafında fəaliyyət göstərmələrini və tanınmalarını məqbul hesab edirlər. Bu müraciəti edənlərin öz məzhəblərini ayrı görmək istəmələrində məqsədləri nədir? Bunun hələ məntiqli cavabını eşitməmişəm. Bu gün dünyada müsəlmanların vəhdətinə ehtiyac duyulduğu halda Azərbaycanda olduğu kimi Gürcüstandakı bu unikal vəziyyəti parçalamaq bizim üçün zərərli haldır.

Azərbaycanlı müsəlmanlarnı rəsmən iki ayrı icma və dini qurum olaraq dövlətdə tanınması haqda məhkəməyə müraciəti eşidən bir çox azərbaycanlı QHT-lər öz etirazlarını bildirmək üçün birgə etiraz bəyanatı belə verdilər.

– Gürcüstanda hazırda dini vəziyyəti necə qiymətləndirirsiniz?

– Gürcüstan bir çox ölkələrlə müqayisədə dini durumu müsbət qiymətləndirirəm. İnsanlar azad şəkildə öz dini inanclarını yaşayırlar, ibadətlərini həyata keçirir və dini mərasimlərini qeyd edirlər. Bu sahədə hər hansı bir qadağa ilə rastlaşmırlar. Dövlət bu il də müsəlmanlara Sovet rejimi dövründə dəymiş zərərləri bərpa üçün müəyyən məbləğdə vəsait ayırdı. Bu il də 40-a yaxın məsciddə təmir işləri nəzərdə tutulub. Dini təlim məqsədi ilə kitablar nəşr olunur və digər maarifləndirmə sahəsində tədbirlər həyata keçirilir. Ancaq onu da qeyd edim ki, bir çox ölkələrdə olduğu kimi Gürcüstanda da dini sahədə müəyyən həllini tapmamış, bizi narahat edən məsələlər və məqamlar mövcuddur. Biz dini qurum olaraq həmin problemlərin həlli üçün müxtəlif danışıqlar apararaq məsələni yerinə qoymağa çalışırıq. Ümid edirik ki, yaxın zamanlarda bir çox həllini tapan problemlər kimi onların də həllinə nail olacağıq.

– Gürcüstanda məscid tikintisi haqda bəzən problemlərin olduğunu eşidirik, hətta  Batumidə məscidin tikintisinə icazə verilmədi. Bunun səbəbi nədir?

– Nəzərinizə çatdırım ki, Gürcüstanda 320 məscid var, məscidlərin ümumilikdə üçdə ikisi son 20 il ərzində inşa edilmişdir. Hal-hazırda ölkəmizdə ehtiyac duyulan məkanlarda ümumilikdə 7 məscid tikilməkdədir. Əlbəttə, məscidlərin tikintisi üçün müxtəlif qanuni mərhələlərdən keçməklə yanaşı yeni yaranan Dini Məsələlər üzrə Dövlət Agentliyinin də razılığı şərtdir. Bu qurum dini icmalardan asılı olmayaraq bütün ibadət evlərinin tikilişi haqqında qərar vermək səlahiyyətindədir.

Batumiyə gəlincə mən dəfələrlə çıxışlarımda demişəm ki, Batumidə insanlar mərkəzi məscidə sığmadığından ikinci məscidə ehtiyac vardır. İbadət etmək üçün bir ibadət evini inşa etmək hər bir vətəndaşın təbii haqqıdır. Bu günlərdə Qərbi Gürcüstan müftisi danışıqlar apararaq bu məsələnin həllinə çalışır. Ümid edirik ki, Gürcüstan Müsəlmanları İdarəsinin Acara Muxtar Vilayətindəki nümayəndəliyi üçün iki böyük bina bağışlayan dövlətimiz və qeyri müsəlman həmvətənlərimiz onların bu ehtiyaclarını anlayışla qarşılayıb yeni məscidin tikintisinə izn verəcəklər. (SalamNews)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button