ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Frankfurt Kitab Sərgisi: sloveniyalı filosofun çıxışı qalmaqal yaratdı

“Fələstin məsələsi həll olunmadan Yaxın Şərqdə sülh ola bilməz”

Frankfurt Beynəlxalq Kitab Sərgisi əsas ədəbi hadisələrdən hesab olunur.
Hər il oktyabrın ortalarında dünyanın hər yerindən minlərlə naşir, müəllif, kitab satıcısı və ədəbi sima Frankfurt-Mayna axışır.
Bu il Frankfurt Kitab Sərgisi 75 illik yubileyini qeyd edir.
Bildirilir ki, və builki sərgi ziyarətçilərin sayına görə rekorda imza atır.
Təşkilatçıların bildirdiyinə görə, bilet satışı keçən illə müqayisədə təxminən 60 faiz artıb.
İndoneziya və Malayziya sərgidən imtina etdi
Builki yarmarka həm də qalmaqallarla yadda qalıb.
Yaxın Şərqdəki hadisələr yarmarkanın proqramına və iştirakçılarının siyahısına təsir edib.
Açılışa az qalmış İndoneziya və Malayziya forumda iştirakdan imtina edib.
Sərginin direktoru Yurgen Boos qərarı yarmarkanın təşkilatçılarının İsraillə mütləq həmrəyliyinə reaksiya kimi dəyərləndirib.
İsrailli nəşriyyatlar Frankfurta gəlmədilər
Yarmarkaya İsraildən kitab nəşriyyatları qatılmayıb.
Təl-Əvivdən uçuşlar dayandırıldığı üçün Almaniyaya uça bilməyiblər və xarici nəşriyyatların pavilyonunda onlar üçün hazırlanmış bölmə kitablarla dolu stendlər arasında boş qalıb.
Fələstinli yazıçının mükafatlandırma mərasimi təxirə salındı
Hələ yarmarka başlamamışdan əvvəl təşkilatçılar fələstinli yazıçı Adaniya Şiblinin mükafatlandırma mərasimini təxirə salmaq qərarına gəliblər.
Şiblinin “Kiçik detal” (“Eine Nebensache”) romanına qarşı ziddiyyətli münasibət olduğuna görə yarmarka rəhbərliyi İsraildə baş verən faciəvi hadisələr fonunda mükafatlandırma mərasiminin yersiz olacağına qərar veriblər.
Sərginin açılışında qalmaqal
Bu il tədbirin fəxri qonağı sloveniyalı filosof Slavoy Jijek olub.
Onun açılış mərasimindəki çıxışı tədbir iştirakçıları arasında ajiotaj və çaşqınlıq yaradıb.
Jijek çıxışına HƏMAS-ın İsrail əhalisinə qarşı terror hücumunu pisləməklə başlayıb.
Sonra da: “Siz də fələstinliləri dinləmək və münaqişəni anlamaq istəyirsinizsə, onların keçmişini nəzərə almalısınız”, – deyib.
Sloveniyalı filosofun fikrincə, terror aktları dəhşətli cinayətdir və İsrailin özünü müdafiə etmək hüququ var.
Amma orada nə baş verdiyini anlamaq üçün fələstinlilərin keçmişinə də nəzər salmaq lazımdır.
O vurğulayıb ki, Fələstin məsələsi həll olunmadan Yaxın Şərqdə sülh ola bilməz.
Filosofun çıxışı zamanı bəzi qonaqlar etiraz əlaməti olaraq zalı tərk ediblər.
Jijek təəssüflə qeyd edib ki, ondan əvvəlki çıxışçıların hamısı İsraildən danışıb, lakin heç kim fələstinlilərdən söhbət açmayıb.
O həmçinin Fələstin yazıçısı Adanya Şiblinin mükafatlandırma mərasiminin ləğvini qalmaqallı hesab etdiyini bildirib.
Rusiya yenə də yarmarkaya buraxılmayıb
Yaxın Şərqdə zorakılığın artması Ukraynadakı müharibəyə bir qədər kölgə saldı və bu, keçənilki kitab forumunun proqramını böyük ölçüdə müəyyənləşdirdi. Lakin mövzu aktual olaraq qalır və 2022-ci ildə olduğu kimi, bu il də sərgidə Rusiya milli stendi olmayıb.
Sərginin direktoru Yurgen Boos deyib ki, müharibə davam etdiyi müddətdə Rusiyanın dövlət nəşriyyatları yarmarkada iştirak edə bilməyəcəklər.
Müstəqil rus nəşriyyatlarına, müəlliflərinə isə yaşıl işıq yanır. Yarmarkada Rusiyadan iki müstəqil nəşriyyat “Samokat” (“Самокат”) və “Peşkom v istoriyu” (“Пешком в историю”) iştirak ediblər.
Almaniya mədəniyyət naziri: rus mədəniyyətini boykot etmək olmaz
Almaniyanın mədəniyyət naziri Klaudiya Rot Rusiya mədəniyyətinin boykot edilməsi mövzusunu qaldırıb.
“Rus dili Putinin mülkü deyil. Başqa Rusiya var və biz ona səsvermə hüququ verməliyik”, – nazir deyib.
Builki sərgi oktyabrın 18-də başlayıb və bu ayın 22-dək davam edəcək.
Sərgidə Azərbaycandan “Qanun” Nəşrlər Evi iştirak edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button