ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

FHN də Xəzərdəki partlayışla bağlı açıqlama yaydı

“Partlayışın səbəbi palçıq vulkanıdır, insan həyatı üçün təhlükə yoxdur”

İyulun 4-də axşam saatlarında Xəzər dənizində yanğının əks olunduğu videolarla bağlı dövlət qurumları növbəti məlumatlar yayıb.

SOCAR bildirib ki, alov təzahürü ilə əlaqədar şirkətin heç bir sənaye obyektinə zərər dəyməyib və qurumun bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir.

Şirkət alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə gəmi ilə işçi heyəti göndərdiyini qeyd edib:

“Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 kilometr məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb”.

“Neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub. Palçıq vulkanı yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmayıb”, – deyə SOCAR-ın məlumatında vurğulanıb.

Fövqəladə Hallar Nazirliyi də ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyin müəyyən edildiyini qeyd edib: “İyulun 5-də səhər saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur”.

Respublika Seysmoloji Xidmət Mərkəzi iyulun 5-də Xəzər dənizində zəlzələ qeydə alındığı barədə məlumat yayıb: “Yerli vaxtla saat 04:02-də qeydə alınan zəlzələnin ocağı 44 kilometr dərinlikdə yerləşib. Zəlzələnin maqnitudası 3.2-yə bərabər olub”.

İyulun 4-də saat təxminən 21.50-də Xəzər dənizində partlayış olub. Alov və partlayış səsi Bakıda aydın eşidilib. Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, Salyan, Lənkəran və digər bölgələrdən də alov görünüb. İlkin məlumata görə, hadisə “Ümid” qaz kondensat yatağı yaxınlığında baş verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button