ArxivIslamXəbər lentiXəbərlər

Eldəniz Quliyev: İnanclıları kütləvi şəkildə həbs edirlər

İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin sədri, rejissor Eldəniz Quliyev “Vetenugrunda” pöortalına müsahibə verib. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb, həmin müsahibəni təqdim edirik.
– Siz inanclı məhbusların hüquqlarının müdafiə komitəsinin təmsilçisisiniz. Bu gün Azərbaycanda böyük sayda inanclı məhbuslar var. Onların hüquqlarını necə müdafiə edirsiniz? Saxlanma şəraiti ilə tanış olmaq üçün inanclıların məhkum edildiyi həbsxanalarda görüşlər təşkil edə bilirsinizmi? Ümumiyyətlə, bu sahədə fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
– Qarabağ qazisi Rövşən Əhmədli və mən İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin həmsədrləriyik.
Siyasi məhbusların adları müxtəlif siyahılarda sıralanıb. Amma bütün siyasi məhbus siyahılarında inanclı insanların sayı 60-70 faizdir. 152 nəfər siyasi məhbusun 70-dən artığı inanclı insanlar idi. Daha sonra 51 nəfər siyasi məhbus azadlığa çıxdı, onların da 15 nəfəri dindarlar idi. Müdafiə Komitəsi olmasaydı bəlkə də bu 15 nəfərin tam əksəriyyəti azadlığa çıxmayacaqdı.
Biz mütəmadi olaraq iclaslar keçiririk, insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqələrimiz var. Ölkəmizdəki xarici ölkə səfirliklərinə müraciətlər edirik. Yəni daim gündəmdə saxlayırıq bu mövzunu və hesab edirəm ki, inanclı məhbusların hüquqlarının müdafiəsi üçün daim aktiv fəaliyyət göstərməliyik.
– Bu gün zindanlarda xeyli sayda məhkumlar var ki, onların səhhətində çox ciddi problemlər var. Məsələn Hepatitdən, vərəmdən əziyyət çəkən məhbuslar var. Nardaran olayları zamanı yaralanan Şaiq Abduləliyev hazırda zindanda onurğasına taxılmış iki güllə ilə yaşayır və əməliyyat edilmir. Ən dəhşətlisi odur ki, 1-ci qrup əlil, Əbülfəz Bünyadov Qobustanda ciddi rejimdə saxlanılır. Bu insanların həyatı təhlükə qarşısındadır. Bu təhlükənin qarşısını almaq üçün hansı addımları atırsınız?
– Biz Rövşən Əhmədli ilə mütəmadi olaraq həbsxanalara baş çəkirik. Bir neçə dəfə Qobustan qapalı həbsxanasında və 15 saylı Cəzaçəkmə Müəssisəsində olmuşuq. Eləcə də məhbusların saxlandığı digər həbsxanalara baş çəkmişik.
Qobustan həbsxanasında saxlanan Nardaran məhbusları Abbas Hüseynov və Cabbar Cabbarlının işgəncələrə məruz qaldığını eşitdik. Biz həbsxanaya getdik və Cabbar Cabbarlı ilə, eyni zamanda Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə ilə görüşdük. Rəhbərliklə görüşdən sonra müəyyən yumşalmalar əldə edildi. O cümlədən rəhbərliyin qarşısında tələb qoyduq ki, məhbusların ailələri ilə görüşməsinə və telefon danışıqlarına qoyulan məhdudiyyət aradan götürülsün. Biz buna nail olduq.
Bütün hallarda həbsxana şəraiti ağırdır. Üstəlik, cəza almış bir insanın həbsxanada, bu ağır şəraitdə işgəncə edilməsi, incidilməsi yolverilməzdir. Qobustan qapalı həbsxanasında saxlanan Taleh Bağırzadə Abbas Hüseynə və Cabbar Cabbarlıya işgəncə verilməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Biz onunla görüşüb xahiş etdikdən sonra bu aclıq aksiyasını da dayandırmağa nail olduq. Yəni daim bu insanlar bizim diqqətimizdədir.
Eyni zamanda həbsxanalarda Hepatitə, vərəmə yoluxmuş adamlar var, bəziləri bu xəstəliklərlə düşüb oraya. Bu adamlar daha çox diqqət, qayğı tələb edir. Amma Əbülfəz Bünyadova gəlincə, birinci qrup əlilin belə rejimdə həbsxanada saxlanması bütün insan haqlarına ziddir və bütün insanlığa vurulan zərbədir. Bu elə bir biabırçı məqamdır ki, adi sözlə ifadə etmək çətindir.
Bundan başqa 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan hicab məhbusu Ruhulla Axundzadə ilə görüşdük. Rövşən Əhmədli ilə birgə müəssisənin rəhbərliyinə ərizə ilə müraciət edib, burada saxlanan inanclı məhbuslarla görüşmək üçün imkan yaratmasını xahiş etdik.
Bizə ancaq Ruhulla Axundzadə ilə görüşməyə icazə verdilər.
Orada digər inanclı məhbuslar, Sahil Rzalı, Şaiq Abduləliyev, Fərhad Muradov və digərləri saxlanır. Bilirsiniz ki, Fərhad Muradov Hepatit C-dən əziyyət çəkir. Bu günlərdə Fərhad Muradovun vəziyyəti qəfil ağırlaşdı. Onun ailəsinin görüşünə imkan verməsini və vaxtında müalicəsi üçün rəhbərliklə əlaqə saxladım və buna imkan yaradıldı. Hazırda Fərhad Muradov böhran vəziyyətindən çıxsa da, o, mütləq müalicə mərkəzinə köçürülməlidir.
Ümumiyyətlə, çalışırıq İnanclı İnsanların Müdafiə Komitəsinin iclaslarını geniş tərkibdə keçirək. Düzdür, hakimiyyət buna imkan vermir, hər cür maneə yaradır. Amma növbəti həftədə geniş bir iclas da planlaşdırılır.
– Ümumilikdə ölkədə sosial-iqtisadi böhran yaşanır. Yəni insanlar işsizlikdən və bahalıqdan çox acınacaqlı vəziyyətdə yaşayır. Amma nəzərə alanda ki, məhbus ailələrinin eyni zamanda evə çörək gətirəni, ailənin yeganə qazanc gətirəni həbs edilib, ailədə körpə uşaqlar var bunu düşünmək özü çox çətindir. 
Təkcə inanclı məhbusların deyil, digər siyasi məhbusların hətta ən uzaq qohumları da vəzifələrindən kənarlaşdırılır, ailə üzvləri adi işlərə də götürülmür. Eyni zamanda biz səhhətində problem olan məhbuslardan danışdıq. Bunların dərmanları da alınmalıdır. Bütün bunlar üçün böyük məbləğdə vəsaitə ehtiyac var. Bu ailələrin maddi problemlərinə kömək etmək üçün konkret hansı işləri görürsünüz və ya hansısa ideyanız varmı?
– Bu sualınız çox ürək ağrıdan məsələlərə toxunub. Biz gərək bütün siyasi məhbusların, o cümlədən inanclı siyasi məhbusların müdafiə məsələsinə başqa rakursdan yanaşaq. Görürsünüz ki, biz hələ nəticə ilə mübarizə aparırıq. Əslində isə səbəblə mübarizə aparmalıyıq. “Obtovoy” şəkildə dindarlar tutulur. Bunun səbəbini araşdırırıq. Bu nə sifarişdir?
Bu gün ölkədə inanclı qismə olan bu təzyiqlə əslində hökumət belə bir fikir formalaşdırmaq istəyir ki, guya bu insanları həbs etməsəydi, onlar islam dövləti, xurafat dövləti quracaqlar və bu qədər təhlükəlidirlər.
Niyə bu absurd fikrə düşürlər?
Mən eyni zamanda Siyasi Məhbuslara Azadlıq İttifaqının təsisçisi və üzvüyəm. Bu qurumda bilirsiniz ki, Leyla Yunus da təmsil olunur. Elə bir ay olmur ki, biz inanclı məhbusların işlərinə toxunmayaq. Bu məsələni beynəlxalq səviyyədə qaldırır tez-tez.
Bu insanların ailələri var, ən əsası da ailələrində körpə uşaqlar var. Bəzən bu uşaqlar xəstələnir, onlara yardım etmək lazımdır. Bayramlar, tarixi günlərdə bu ailələri ziyarət etmək lazımdır. Bu ailələrin xeyirdə-şərdə yanlarında olmaq lazımdır. Bütün bunlar üçün xeyli maddi vəsaitə ehtiyac var. Barmaqla sayılacaq qədər yardım edənlər var.
İnanclı məhbus, eləcə də digər siyasi məhbus ailələrinə maddi yardım məsələsi çox ağrılı məsələdir, bunu da həll etmək lazımdır. Amma hələ ki, bu maddi yardım məsələsinə ah çəkməklə cavab verməli olacağam. Çünki hər zaman Rövşən Əhmədli ilə mən pensiyamızdan qəpik-quruşla kiməsə dərman almağa, kiməsə kömək etməyə çalışırıq, kiminsə evinə getməyə yardım edirik. Kaş ki, heç olmaya din qardaşları inanclı ailələri bu çətin günlərdə darda qoymaya, onlara yardım əli uzada. İnanıram ki, bu çətinliyin də öhdəsindən gəlmək olar. Təki kömək edənlər, zindanlardakı din qardaşını düşünən imanlıların içində bir mərhəmət qığılcımı oyada bilək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button