ArxivIslamXəbər lentiXəbərlər

Putin Azərbaycanla münasibətlərdən danışdı

Aprelin 26-da Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.
Vladimir Putin görüş zamanı bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr inkişaf edir: “Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq. Sizi görməyimə çox şadam.
Ticarətə gəldikdə, keçən il bizdə əmtəə dövriyyəsi demək olar ki, 14 faiz artıb və 2,5 milyard dollara çatıb. Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Belə ki, bu barədə də danışarıq”.
İlham Əliyevdə bu  görüşdən şad olduğunu bildirib: “Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik”.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirib.
Vladimir Putin isə deyib ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.
Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub. Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirilib və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
0

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button