ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün imam Cəfər Sadiqin (ə) şəhadət günüdür

Hicri-qəməri tarixi ilə şəvval ayının 25-i müsəlmanların altıncı İmamı Cəfər Sadiqin (ə) şəhadət günüdür.

Qafqaz.ir xəbər verir ki, O həzrət 83-cü hicri ilin rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya göz açıb. İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) pak nəslindən olan İmam Sadiq (ə) 65 il ömür sürmüş, Mədinə şəhərində o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olmuşdur.

İmam Cəfər Sadiq (ə) İslam dini, eləcə də digər dünyəvi fənləri tədris edirdi. Dünyanın müxtəlif bölgələrindən insanlar Mədinəyə axışır, O həzrətdən bilgi alırdılar. O həzrət, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirmişdir. Bundan əlavə, İmam Sadiq (ə) 4000 nəfərdən artıq şagird yetişdirməyə və onları müsəlman məmləkətlərinə yaymağa nail olmuşdur. İmam Cəfər Sadiqin (ə) elmindən əhli-sünnə alimləri də bəhrələnirdilər. Maliki məzhəbinin banisi Malik ibn Ənəs, Hənəfi məzhəbinin banisi Əbu-Hənifə, məşhur fəqihlər Süfyan Sovri, Süfyan ibn Üyeynə, İbn Cüreyc, Şöbə və sair onun dərslərində iştirak etmişlər.

İmam Cəfər Sadiqin (ə) tələbələri sırasında kimya elminin qurucusu Cabir ibn Həyyan, kəlam mövzusunda 30-dan artıq kitab müəllifi Hişam ibn Həkəm, “Möminüt-taq” ləqəbli Məhəmməd ibn Əli ibn Nöman Bəcəli, “Tövhidi-Müfəzzəl” kitabını İmamın diktəsi ilə qələmə almış Müfəzzəl ibn Ömər Cüfi, Əban ibn Təğlib, Zürarə ibn Əyün, qardaşları Həmran və Bəkr, Süleyman ibn Mehran Əməş, Cabir ibn Yezid Cüfi, Əbu Həmzə Sümali, Cəmil ibn Dərrac kimi böyük alimlər vardır.

İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi hökmdarı Hişamın əmri ilə həzrət Dəməşqə sürgün olunmuşdu. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə İmam iki dəfə sürgünə göndərilmişdi.

Hicrətin 148-ci ilində 65 yaşında ikən İmam Sadiq (ə) xəlifə Mənsurun göstərişi ilə zəhərləndirilərək şəhid edilmişdir. İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbristanlığında İmam Həsən Müctəba, İmam Zeynulabidin və İmam Mühəmməd Baqirin məzarları ilə yanaşı yerləşir.

Qeyd edək ki, Bəqi qəristanlığında yerləşən dörd İmamın məzarı üzərində ucaldılan məqbərə keçən əsrin əvvəllərində radikal vəhhabilər tərəfindən dağıdılmış, bu günədək mübarək məzarlarının ziyarətində məhdudiyyət və çətinliklər yaradılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button