ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı jurnalistlər Təbrizin icra başçısı və şəhərin bələdiyyə sədri ilə görüşüblər – REPORTAJ

Azərbaycanlı jurnalistlər Təbrizə səfər çərçivəsində şəhərinin icra başçısı Rəhim Şöhrətipərlə görüşüblər. FaktXeber.com-un baş redaktoru Aqil Mehdinin bununla bağlı reportajını təqdim edirik. 

İcra başçısı ilk əvvəl qonaqları salamlayıb və şəhər barədə ümumi məlumat verib. Sonra isə Təbriz şəhərinin 2018 –ci il üçün İslam ölkələrinin Turizm paytaxtı seçildiyini deyib və bundan sonra da – 2019-cu ildə bu titul üçün növbədə Bakının olduğunu xatırladıb.

Onun sözlərinə görə, Təbriz və Bakı təsadüfən bu ünvanı tapmayıblar: «Bizim tariximiz, mədəniyyətimiz və diyarımızın gözəlliyi, xalqımızın qonaqpərvərliyi Təbrizi və Bakını bu ünvana xitab edir».

Şəhərin rəhbəri Təbrizin qədim tarixə malik olduğunu vurğulayıb: «Gəzdikcə özünüz bunun şahidi olacaqsınız. Əlbəttə zəlzələlərin tez-tez olması səbəbindən bəzi tarixi abidələr dağılıb. Bununla belə Təbrizin görməli yerləri çoxdur. Ümumiyyətlə, Marağa, Urmiya, Xoy və bütün şəhərlərimizdə belə şərait var. İnşəallah turizm paytaxtı seçilməsi ilə əlaqədar dünyadan – istər Avropadan, istərsə də Asiyadan gələn bütün turistlər bunu görəcək. Bu hələ bir başlanğıcdır».

Rəhim Şöhrətipər bu münasibətlə şəhərdə müxtəlif tədbirlər, proqramlar keçiriləcəyini bildirib və bunun üçün hər kəsin köməyinə ehtiyacları olduğunu vurğulayıb: « Sizlər də kömək edərsiniz 2018-ci ildə tədbirlər geniş şəkildə icra olunsun, get-gəllər çoxalsın. İndidən bu məsələni həyata keçirməliyik».

Lakin icra hakimi bu məsələdə bəzi problelərin olduğunu deyib: «Bunun bir səbəbi viza məsələsidir. İran dövləti Azərbaycan Respublikasının vətəndaşlarına vizasız keçməyə izn verir. Amma iranlılardan viza alınır, Naxçıvana, Bakıya və başqa şəhərlərə gedənlər buna görə müəyyən problemlər yaşayır. Viza özü məhdudlaşdırıcı bir məsələdir.»

İcra başçısı bu məsələnin tezliklə həll olacağına ümidini ifadə edib.

Rəhim Şöhrətipər çıxışı zamanı Təbrizin bütün azərbaycanlılar üçün əziz olduğunu vurğulayıb: «Təbriz İranda azərbaycanlıların başıdırsa, Azərbaycanında qəlbidir. Bu ürəyin daha da qüvvətlə çırpınmasına çalışmalıyıq. İki dövlət olaraq bizim dilimiz, dinimiz, folklorumuz mədəniyyətimiz hər şeyimizin eynidir. Mən Bakıda tarix muzeyində oldum, elə bildim ki, Təbrizdəki tarix muzeyindəyəm. Bizim ortaq tarixi eksponatlarımızın bir hissəsi sizdə, bir hissəsi isə bizdə saxlanılır».

Rəhim Şöhrətipər bunun yanında dərslik kitablarında ixtilaflı mövzular olduğu təqdirdə, yaxın iki qardaş ölkə kimi bunlardan imtina edib, yaxınlaşma yönündə işlər görməli olduğumuzu vurğuladı.

***

Təbrizdə olan azərbaycanlı jurnalistlər heyəti səfər çərçivəsində Bələdiyyə sədri Məhəmməd Hüseyn İshaqi, Təbriz şəhər parlamentinin sədri Doktor Şəkur Əkbər Necat, bələdiyyə və parlament nümayəndələri ilə görüşüblər.

Görüş zamanı ilk öncə azərbaycandan yollanan jurnalistlər özlərini təqdim ediblər və bələdiyyə sədrinə işlərində uğurlar arzulayıblar.

Jurnalistlər bələdiyyə nümayəndələri ilə söhbət zamanı məmnuqlarını ifadə ediblər: «Təbrizə avtobusla daxil olanda ətrafı görmək üçün dörd gözlə, sevgi ilə baxdıq. Bu tarixi bina bizlərə kitablardan tanışdır, ədəbiyyatlarımızda bu binanın şəkli var. Xətainin abidələrini görmək sevinc yaratdı, xalça muzeyi heyrətdə qoydu».

Bundan sonra söz bələdiyyə sədri Məmməd Hüseyn İshaqiyə verildi. O da qonaqları salamladıqdan sonra özləri barədə məlumat verdi, Təbriz bələdiyyəsinin bu il 110 ilini qeyd etdiyini vurğuladı: «İranda ilk bələdiyyə də burada qurulub.Bu bina 85 ildir bələdiyyəyə xidmət edir».

Bələdiyyə sədri daha sonra Təbriz şəhərinin önəmindən danışdı: «Təbrizin 2018-ci ilin İslam paytaxtı seçilməsinin bu şəhərin əhəmiyyəti ilə əlaqəlidir. Təbriz 4 əsr paytaxt olub, o biri əslərdə də öz önəmini itirməyib. Yeni ildə İslami turizm paytaxtına sizlərdən də səfərlər gözləyirik. Biz də çaflışacağıq ki, maraqlı tədbirlər həyata keçirək, proqramlarımız olsun, xaricdən gələnlərin xoş xatirə ilə buradan ayrılsınlar».

O bundan sonra – 2019-cu ildə Bakının İslami ölkələr paytaxtı olacağını xatırladıb: «Biz də Bakını çox sevirik. Bu şəhər modern olduğu qədər qədimliyini də qoruyub.Arzumuz budur ki, iki dövlət, millət arasında gediş-gəlişlərimiz çoxalsın, işlərinizdə müvəffəq olasınız».

«Təbrizi gəzmisiz, Örtülü bazarı, Göy məscidi, başqa qədim gözəl məscidlərimizi, parklarımızı görmüsüz, ən vacibi isə camaatını tanımısız. Arzu edirəm ki, bundan sonra təbrizə gələrkən jurnalist kimi deyil, qonaq ünvanında olasınız, Bakıya, Gəncəyə, Azəraycanın başqa şəhərlərinə getdikdə isə bizim nümayəndəmiz olasınız, Təbrizdən danışasınız, gözəlliklərini aparasınız və bu şəhəri unutmayasınız», – deyə bələdiyyə sədri sözlərini yekunlaşdırıb.

Bundan sonra Təbriz şəhər parlamentinin sədri Doktor Şəkur Əkbər Necat söz alıb. O, dövlətlərarası münasibətdə medianın rolundan danışıb və iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsi üçün əllərindən gələni etmələri üçün juurnalistlərə çağırış edib.

Sonda Azərbaycanlı qonaqlara hədiyyələr təqdim edildi və birgə xatirə fotosu çəkildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button