ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan və Ermənistan rəhbərləri 6 məsələ ilə bağlı müzakirə aparıb

Şarl Mişel görüşün yekunu ilə bağlı açıqlama verib

İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel), Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Bu, tərəflər arasında sayca altıncı görüşdür.
Görüş barədə açıqlama verən Şarl Mişel deyib ki, liderləri sülh prosesinə sadiqliyinə görə təqdir edir.
Aİ Şurasının Prezidenti deyib ki, tərəflər arasında ölkələrin suverenliyi və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, iki ölkə arasında nəqliyyat əlaqələrinin açılması, Qarabağdakı erməni əhalisinin vəziyyəti, hüquq və təhlükəsizliyi, Laçın dəhlizi ətrafında vəziyyət, təsadüfən sərhəddi keçən əsgərlərin qarşılıqlı azad olunması, minaların təmizlənməsi və itkin düşənlərlə bağlı məsələlər müzakirə olunub.
Şarl Mişel vurğulayıb ki, o iki ölkə liderinə növbəti iki görüşün yaydan sonra keçirilməsi ilə bağlı istəyini bildirib.
Görüşün birinin Brüsseldə, digərinin isə Fransa və Almaniya liderlərinin iştirakı ilə Qranadada keçirilməsinin mümkünlüyünü deyib.
Şari Mişel deyib ki, üçtərəfli görüşdən sonra 6 məsələ ilə bağlı müzakirələr aparılıb.
Suverenlik və ərazi bütövlüyü
Ermənistan və Azərbaycan liderləri bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə hörmətlərini bir daha tam şəkildə təsdiqləyiblər. Bir daha Ermənistanın ərazisinin 29.800 km2, Azərbaycanın isə 86.600 km2 olduğu qeyd olunub.
Sərhədin delimitasiyası
Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini bir daha təsdiq ediblər.
Mən iki sərhəd komissiyasının 12 iyul iclasını alqışladım. Bu komissiyaların nizamnaməsi və sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələr üzərində iş aparılıb. Və – bu, çox vacibdir – liderlər komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəldilər”, – Şarl Mişel vurğulayıb.
Nəqliyyat dəhlizləri
Şarl Mişel deyir ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə ediblər.
“Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşacaq gələcək nəqliyyat razılaşmalarının üsullarını müzakirə etdik. Dərhal dəmir yolu xəttinin tikintisinə başlanılmalıdır. Aİ maliyyə yardımına hazır olacaq”, – Aİ rəsmisi qeyd edib. O, açıqlamasında bəzi detalların hələ də aydınlaşdırma tələb etdiyini, bu mövzuda mövqelərin indi yaxınlaşdığını söyləyib.
Humanitar ləvazimatlar
Şarl Mişel deyib ki, Qarabağın erməni əhalisinin vəziyyətini, eləcə də Laçın dəhlizi ətrafındakı vəziyyəti müzakirə ediblər. Vəziyyətin normallaşmasına kömək etmək üçün mümkün konkret addımlar da müzakirə olunub.
Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Azərbaycanın Ağdam üzərindən humanitar yardım göndərməyə hazır olduğunu da qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının ödənilməsini təmin etmək üçün hər iki tərəfdən humanitar yardımları təşviq edirəm. BQXK tərəfindən tibbi təxliyənin bərpasını da alqışladım”, – Ş.Mişel qeyd edib.
Hüquqlar və Təhlükəsizlik
Aİ Şurasının Prezidenti bildirir ki, yerdəki əhalinin, ilk növbədə, hüquqları və təhlükəsizliyi ilə bağlı arxayınlığa ehtiyacı var. Bu kontekstdə o, Aİ-nin Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqa təşviq etdiyini bildirib:
Bu dialoq bütün iştirakçılar üçün çox lazım olan etimadı təmin etməlidir”.
Məhbuslar
Liderlər məhbuslarla bağlı məsələni də müzakirə ediblər. Açıqlamada bildirilir ki, ölkə rəhbərləri  səhvən qarşı tərəfə keçən əsgərlərin azad edilməsinin asanlaşacağına dair anlayışa sadiqliklərini bir daha təsdiq ediblər.
Şarl Mişel hər iki tərəfin məhbusları azad etməsi təklifini müdafiə edib. İtkin düşənlərin taleyinin həlli və minaların təmizlənməsi üzrə əməkdaşlığın genişləndirilməsinin təmin edilməsinin vacibliyi də müzakirə olunub.
Real irəliləyiş yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır. Prioritet olaraq, sülh və normallaşma danışıqları üçün lazımi mühiti təmin etmək üçün zorakılıq və sərt ritorika dayandırılmalıdır”, – Aİ Şurasının rəhbəri deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button