ArxivXəbər lentiXəbərlər

Azərbaycan həbsxanalarında nələr baş verir?.. – Məhkum şikayət edir

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən Ağayev Səbuhi Fariz oğlu redaksiyamıza müraciət edərək müəssisə rəisinin ona qarşı qərəzli münasibətindən şikayətlənib. Səbuhi Ağayev Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının dörddə üç hissəsini artıq çəkib.

Məhkum bildirib ki, 12 saylı çəzakəmə müəssisəsində hüquqları pozulur. Belə ki, müəssisənin rəhbərliyi onun işinin “dörddə üç” qaydasında məhkəməyə təqdim olunmasına qəsdən maneələr yaradır. Bu maneələrdən bir də narkoloji müalicəyə göndərişin ləngidilməsidir. Şikayətçinin sözlərinə görə, müəssisənin rəisi Rauf Məmmədov göndərişi qəsdən ləngitdiyini də gizlətmir və deyir ki, “buranın yiyəsi mənəm, get, hara istəyirsən şikayət elə”.

Qanuna əsasən, cəzanın dörddə üç hissəsi çəkildikdən sonra (tətbiq olunan maddədən asılı olaraq bu, üçdə bir və ya üçdə ikisi də ola bilər) məhkəmə işə təkrar baxıb cəzanın qalan hissəsini “azadlıqdan məhrumetmə” növündən “azadlığın məhdudlaşdırılması” növünə keçirə bilər.

Məsələ ilə əlaqədar 12 saylı cəzaçəkmə müəsisəsi ilə əlaqə saxlamaq istəsək də, cəhdimiz baş tutmadı. Sullarımıza Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıxov cavab verdi. “Söhbət ondan gedir ki, əgər məhkəmə tərəfindən məhkuma müalicə təyin olunubsa, cəza çəkdiyi dövrdə o cəza çəkdiyi müəssisə daxilində, eyni zamanda Penitensiar xidmətin nəzdindəki ixtisaslaşmış müalicə müəssisələrində narkomaniyadan məcburi müalicə kursları keçməlidir. Müalicə 3 kursdan ibarət olur, hər kursun arasında 6 aylıq müddət verilir. O kurslar keçiriləndən sonra məhkumun sənədləri aidiyyatı üzrə məhkəməyə göndərilir və o maddəni (93.4 maddəsini) məhkumun üzərindən götürürlər. Məhkumun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Bu hüquq məhkumun cəza müddətinin müəyyən hissəsini çəkdikdən sonra məhkum ərizə ilə məhkəməyə müraciət etməlidir. Bu vaxt məhkumun ərizəsi ilə birlikdə məhkəməyə müəssisə tərəfindən tərtib olunmuş xasiyyətnamə və mülahizə təqdim olunmalıdır. Eyni zamanda məhkumun şəxsi işi də göndərilir. Bu 3 əsas sənədə əsasən məhkəmə öz qərarını verir. O ki qaldı sizin müraciət etdiyiniz məsələyə, yəni məhkumun narkoloji müalicəyə göndərilməməsinə, bu həkimlərdən asılı məsələdir. Bir qayda olaraq hər bir cəzaçəkmə müəssiəsində çalışan həkimlər siyahı tuturlar. Biz araşdırdıq , məhkum Ağayev Səbuhi narkoloji müalicədən keçməyib.Qanunla məhkum məcburi şəkildə bu kursu keçməlidir. Penitensiar xidmət məkumların sayının çox olmamasnda, onların cəzalarının yüngülləşdirilməsi kimi tədbirlərin tətbiq olunmasında maraqlıdır. Adətən, bəzən məhkumların xasiyyətnaməsi istənilən səviyyədə olmayanda (yəni o, daxili nizam-intizam qaydalrına əməl etməyibsə) o bilir ki, məhkəmə təqdimatı qəbul etməyəcək,o zaman belə şikayətlər edirlər”.

Qeyd eədk ki, həbsxanalarda rəislərin belə vəziyyətlərdən sui-istifadə etməsinə dair şikayətlərin sayı çoxdur. Mehman Sadıxovun saytımıza verdiyi açıqlamanın axırıncı cümləsində yer alan fikir də kifayət qədər mübahisəlidir. Cənab Sadıxovun yanaşmasından fərqli olaraq məhkumlar bildirirlər ki, həbsxana rəisləri “görüm-baxım” etməyən məhkumlara qəsdən, heç bir əsas olmadan töhmət elan edir, karserə salır və başqa tənbeh tədbirlərinə əl atırlar ki, məhkum məhkəməyə təqdimatdan məhrum olsun. Sonra isə məlum “saziş” əsasında məhkumun şəxsi işini təmizləyirlər.

Səbuhi Ağayev saytımıza müraciətində bildirib ki, onun şəxsi işində heç bir tənbehi yoxdur, amma bu şikayətdən sonra rəis Rauf Məmmədovun onun adına uydurma tənbeh yazacağı gözləniləndir.

Məhkumların müalicəyə növbə ilə göndərilməsinə gəlincə, burada da kriteriyalar aydın deyil. Şikayətçi məhkumların bildirdiyinə görə, həkimlər də məhz “görüm-baxım” kriteriyalarından çıxış edirlər.

Səbuhi Ağayev redaksiyamıza müraciətində bildirib ki, əgər həbsxanada ona qarşı hər hansı təxribat baş verərsə, buna görə məsuliyyəti rəis Rauf Məmmədov daşıyır.

Məhkumun qohumları məsələ ilə əlaqədar olaraq Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya da müraciət etmək fikrindədirlər.
Bizimyol.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button