Neçə gündür, bütün ölkə əhalisini sarsıdan şəhid xəbərlərini eşidirik. Şəhadət dirilik, ucalıq məqamı olsa da, eyni zamanda ailələr və doğmalar üçün ağır itkidir. Gələn xəbərlərdən şəhidlik məqamına sevindiyim qədər, onların ailələrinin ağrı-acısına da üzülürəm. Allah şəhidlərimizə rəhmət etsin. Allah onların hər birinin məqamını uca etsin. Allah bu şəhidlərimizə də Kərbəla şəhidləri ilə məşhur etsin,inşallah. Şəhid ailələrinə və yaxınlarına böyük səbir diləyirəm. Allah onların qəlbinə aramlıq və rahatlıq bəxş etsin.
Bilin ki, şəhidin qanı boş yerə tökülmür,gec-tez bunun böyük nəticələri olur. Şəhidlər bu dünyada ömür paylarını gələcək nəsillərə hədiyyə edirlər. Ona görə də şəhidə ehtiram göstərib dəyər vermək bizlərin borcudur. Mən də öz həyatım və varlığımla xalqımızın özünə, onun dəyərlərinə, vətənin ərazi bütövlüyü üçün can verməyə, xidmət etməyə hazır olmuşam və bu gün də hazıram. Hər zaman olduğu kimi bu gün də, xalqımın və onun ordusunun yanındayam. Allah xalqımızı və orudumuzu qorusun. Əsgərlərimizə, hərbçilərimizə xeyirlə dolu qələbə nəsib etsin, inşaAllah.
Qarşıdan Ərbəin gəlir. O ziyarətdə olanlara mümkünsə xəbər ötürün ki, şəhidlərin və biz qəriblərin adından ağamız Həzrət Hüseynə (ə), onun qeyrətli qardaşına və bütün Kərbəla şəhidlərinə salam və dualarımızı çatdırsınlar.
Bunu da deyim ki, Ərbəin ziyarəti Allahın Həzrət Hüseynə (ə) göstərdiyi məhəbbətin nişanəsidir. O ziyarətdən olan hər bir kəs Allahın Həzrət Hüseynə (ə) göndərdiyi hədiyyədir.
İmam Hüseynin (ə) 1400 il bundan qabaq boş səhralıqda “mənə kömək edən bir kəs varmı?” çağırışına – bu gün, hər il olduğu kimi dünyanın dörd bir yanından insanlar LƏBBEYK deyir. İnşallah ki, biz tərəfdən də Ağanın (ə) çağırışına Ləbbeyk deyən insanlar var. Biz də bu gün dörd divar arasında olsaq da, ağamız Həzrət Hüseynə (ə) “ləbbeyk Hüseyn ləbbeyk” deyirik.
Allah şəhidlərimizə rəhmət etsin. Allah ziyarətdə olanların ziyarətin qəbul etsin. Allah bizim doğma, əziz xalqımızı qorusun. Allaha əmanət olun. Ya Əli !
Siyasi məhbus Abbas Hüseyn
16.09.2022