Aktual

Varislik

Hansı mirasın layiqli davamçıları olmağa çalışırıq – həqiqətən şərəf və ləyaqətin, yoxsa SSRİ-nin, sionizmin, vətənimizə və dinimizə qarşı qərəzli və riyakar siyasi mövqedən çıxış edən Qərbin?

SSRİ-nin süqutundan sonra bu imperiyanın siyasi və hüquqi varisi kimi beynəlxalq aləmdə Rusiya dövləti qəbul olundu. Ancaq varislik olayı bununla yekunlaşıb bir siyasi proses kimi sona yetmədi. Müstəqillik əldə etmiş respublikaların əksəriyyətində SSRİ-də mövcud siyasi idarəetmə sisteminin mahiyyətcə tətbiqi, onları qeyri-rəsmi olsa da, dağılmış imperiyanın “varisləri” hesab etməyə əsas verir. Hal-hazırda bu ölkələrdə bir siyasi qruplaşmanın daimi siyasi hakimiyyəti, qeyri-demokratik seçkilər, şəxsiyyətə pərəstiş, insan haqlarına hörmətsizlik və sair kimi SSRİ-yə xas olan dünyagörüşü və qanunsuz hərəkətlər hakim kəsilib. Bu ölkələrin müstəqilliyini, mövcud real vəziyyətdən yanaşsaq ən yaxşı halda, yalnız ayrıca coğrafi əraziyə nail olunması baxımından müsbət qiymətləndirmək olar. Halbuki, o da məlumdur ki, həmin respublikalarının çoxunun hətta bu istiqamətdə, yəni SSRİ-nin dağılmasında da heç bir əməli xidmətləri olmayıb.

Coğrafi ərazi mənasında müstəqil olan bu ölkələrin daxilində, insan və xalq amilinə göstərilən münasibət demək olar ki, imperiyanın əsarətindəki qərəzli və kobud münasibətdən heç nə ilə fərqlənmir. Belə çıxır ki, bir SSRİ var idi çökdü, dağıldı və yerində 10-11 ədəd balaca SSRİ yarandı. Yuxarıda qeyd etdiyimiz kimi, həmin məmləkətlərin daxilində mahiyyətcə və eləcə də metod baxımından siyasi hakimiyyətin formalaşması, ölkənin idarə edilməsi, içtimaiyyətin hüquqsuzluğu, şəxsiyyətə pərəstiş, yaltaqlıq və s. bu kimi SSRİ-dəki vəziyyətlə eynilik təşkil edən üzdəniraq reallıqlar, bunu təsdiq etməyə bizə əsas verir. Bu sırada yer alan Azərbaycanı (yəni hakimiyyəti) çox təssüf ki, digər bir məsələdədə SSRİ-nin tam layiqli “varisi” hesab etmək olar. Söhbət İslam dininə SSRİ-də olan baxışdan və miras qalmış mürtəce siyasətin varisliyindən gedir.

Ölkəmizin müstəqilliyi dövründə dinimizə və mənəvi-əxlaqi dəyərlərimizə, siyasi hakimiyyətlər tərəfindən bəslənən münasibət imperiyanın əsarətində olduğumuz zamanda xalqımıza qarşı yürüdülən qərəzli və qeyri- insani siyasətdən yaxşı mənada heç nə ilə fərqlənmir.

Bir sıra əxlaqi mövzuda isə nə qədər təccüblü olsa da, indiki müstəqil ölkəmizdə daha acınacaqlı vəziyyətdəyik, nəinki qeyri-müstəqilliyimiz dövründə. Əlbəttə, bir daha qeyd etmək istəyirəm ki, buna bais ölkə hakimiyyətinin, xalqımız və dövlətimiz üçün həqiqətən də həyati dərəcədə vacib sayılan bu sahəyə münasibəti, “görünməmiş və usanmadan” fəaliyyətidir.

Əgər bu gün cəmiyyətdə dinimizlə əlaqədar, o cümlədən insanların mənəvi- əxlaqi dəyərlərimizə dönüşü və ehtiramı, bu sahəyə dair daha çox məlumatın və biliyin əldə edilməsində az-çox bir hərəkət müşahidə olunursa, bu heç də ölkə hakimiyyətinin xidməti və yaratdığı münbit şəraitin nəticəsində deyil. Çünki sadəcə, nə belə bir xidmət olub və nə də ki, hər hansısa bir şərait yaradılıb.

Bu yalnız və yalnız ayrı-ayrı insanların çox çətinliklər bahasına olsa da fərdi təşəbbüslərinin, qeyrətinin və ismətinin təsirilə mümkünləşib. Çox maraqlıdır, görəsən müstəqil coğrafi ərazidə yaşayan xalqın, imperiyanın əsarətində yaşayan xalqla müqayisədə, dinimizin öyrənilməsində və ona sahib durmasında imkan və şarait baxımından müsbət mənada bir fərqi olmalıdır ya yox? Yoxsa, müstəqil ərazi bizə balaca SSRİ qurmaq üçün lazım imiş? Bəlkə əsarətdə olduğumuz dövrdə, dinimiz və mənəviyyatımızla bağlı heç bir məhrumiyyətimiz və çətinliyimiz olmayıb?

Allaha və insanlığa zidd bir mürtəce dünyagörüşünün və siyasətin varisi olmaq, bu üzdəniraq mirası qanı bahasına əsarətdən qurtulmuş xalqımıza qarşı davam etdirmək hansı məntiqə və sağlam düşüncəyə uyğundur, Nəyə xatir və hansı məqsədlərə çatmaq naminə belə bir eybəcərliyə yol verilir?

Xalq və dövlət ruhla bədən kimidir. Və əlbəttə ki, ruhsuz (dinsiz xalq) bədən (dövlət) müqavimətsizdir, ölüdür. Lakin mümkündür ki, ruhu olan bədəndə ölü kimi, hətta ondan da pis əxlaqsız, keyfiyyətsiz və ziyankar bir vəziyyət yaransın. Ruhun (xalqın) diriliyi, keyfiyyəti və müqvimətli olması onun mənəvi qidasında və kamilləşməsindədir. Diriliyə və kamilliyə gedən yola isə yalnız İslam dininə sığınmaqla qədəm qoymaq olar! Əsil və təbii varisi olduğumuz, qədimdən babalarımızın bizə miras qoyduqları dinimizə, əxlaqımıza və digər mənəvi sərvətlərimizə sahib durmağımız vəzifəmiz və borcumuz sayılmaqla bərabər, eyni zamanda bütün çətinliklərimizin həlli istiqamətində doğru və mühüm addımdır.

Sionistlərin və bir çox xristian ölkələrinin dinimizə, torpaqlarımıza və insanlarımıza qarşı mütəmadi və açıq şəkildə apardıqları qərəzli siyasət, təcavüz və işğal hərəkətləri müqabilində, təbii və haqq olan mirasa – dinimizə layiqli varis olaraq, xaricdən edilən bütün qeyri-insani hərəkətlərə qarşı müqavimət göstərmək əvəzinə, biz ölkə daxilində hicaba qadağa qoyur, məscidləri uçurdur və dindarları təqib edərək həbsxanalara atırıq!? Hansı mirasın layiqli varisləri və davamçıları olmağa çalışırıq? Həqiqətən şərəf və ləyaqətin, yoxsa SSRİ-nin, sionizmin, bəlkə vətənimizə və dinimizə qarşı qərəzli və riyakar siyasi mövqedən çıxış edən Qərbin?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button