ArxivIslamXəbər lentiXəbərlər

Nabatəli Qulamoğlu: “Yayda qəti şəkildə dərs olmamalıdır”

Ölkədə koronavirus təhlükəsinə görə, təhsil müəssisələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Bu müddətdə onlayn dərslərə start verilib. Bir neçə günə tədrisin məktəblərdə və ya virtual qaydada davam etdirilməsinə qərar verilməlidir.
Təkmil olmayan distant təhsil, eləcə də, naməlum müddətə təxirə salınmış buraxılış imtahanları həlli çətin suallar yaradır.
Abituriyentlər imtahanlara hazırlaşa, dərslərə qoşula bilirlərmi?  
Səma Əliyeva: “Özümdə məsuliyyətsizlik hiss edirəm və həvəsdən düşürəm” 
Səma bu il qəbul imtahanına hazırlaşan abituriyentlərən biridir. Onun sözlərinə görə, onlayn dərslər heç də keyfiyyətli olmur.
“Biz demək olar ki, onlayn dərslər keçə bilmirik, çünki internet problemi yaşayırıq, internetin sürəti çox aşağıdır. Həm də müəllimlərimin bəzisi yaşlıdır, heç onlayn dərsin nə olduğunu bilmirlər. Ona görə oturub ancaq özüm işləyə bildiyim testləri işləyirəm. Amma bu keyfiyyətli olmur, ən əsası mən özümdə məsuliyyətsizlik hiss edirəm və həvəsdən düşürəm”, – Səma Əliyeva bildirir.
Bakı Dövlət Universitetində təhsil alan Gülnarə Səlimovanın sözlərinə görə, universitet onlardan diplom işi tələb edir, amma kitabxanaların bağlı olması, onlayn vəsaitlərin çatışmazlığı onların vəziyyətini çətinləşdirir: “Universitet başlayan kimi bizdən diplom işi tələb edəcəklər, amma əlimizdə nə plan var, nə də mənbə, bütün kitabxanalar bağlıdır, onlayn resurslar qənaətbəxş deyil. Karantin müddəti məktəbdəki təcrübəmiz ilə üst-üstə düşdüyündən biz burdan da geridə qalırıq, universitetin açılmaq vaxtı isə heç bəlli deyil”.
Dərslər yayda ola bilərmi?
Karantin rejiminin yumşaldılması haqqında qərardan sonra təhsil müəssisələrinin nə zaman açılacağı haqda müzakirələr də başlayıb. Hökumət bu haqda açıqlama verməyə tələsməsə də, bəzi ekspertlər məktəb və universitetlərin tədricən açılacağını, yayda davam edəcəyini və ya avqustun 15-dən dərslərə start veriləcəyini iddia edirlər.
Təhsil üzrə ekspert Nabətəli Qulamoğlunun fikrincə, dərslərin yayda keçirilməsi qərarı yanlışdır, bu həm şagirdlərin sağlamlığı üçün təhlükədir, həm də isti havada dərs heç də keyfiyyətli olmayacaq.
“Dərslər necə keçirilə bilər? Yayda qəti şəkildə dərs olmamalıdır. Yay istirahət mərkəzlərində yay məktəbləri təşkil etmək olar, ekskursiyalar təşkil etmək olar, amma yayın istisində və təhlükəli şəraitdə dərslərin keçirilməsi doğru addım olmazdı”, – Nabatəli Qulamoğlu Toplum Tv-yə söyləyir.
Ekspert “abituriyentlərə güzəşt olunmalıdırmı?” sualını belə cavablandırır: “Düşünürəm ki, bu vəziyyətin abituriyentlərə ciddi ziyanı olmayacaq. Bərabər imkanlar yaradılacaq, ən əsası, güzəşt ya hamıya olacaq, ya da heç kəsə. Yenə də çox oxuyan, öz üzərində işləyən öz sözünü deyəcək”.
N.Qulamoğlu onlayn keçirilməsi çətin olan mövzuların proqramdan çıxarılmasını təklif edir.
Təhsil Nazirliyi: “Dərs ilinin uzadılması ilə bağlı hələlik məlumat yoxdur”
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə  təxirə salınan imtahanların yeni tarixi Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun müəyyən ediləcək.
Təhsil Nazirliyindən Toplum Tv-yə indilik onlarda dərs ilinin uzadılıb-uzadılmaması haqda məlumat olmadığı bildirilir.
Koronavirus təhlükəsinə görəAzərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən dayandırılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button