ArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərXəbər lentiXəbərlər

İmam Sadiq (ə) kimdir?

Zeyd ibn Əli ibn Hüseyn əleyhissəlamın qiyamı

Zeyd[79] ibn Əli (əleyhissəlam) İmam Baqir əleyhissəlamın qardaşı, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin ən fəzilətli və yüksəkrütbəli şəxsiyyətlərindən biri, alim, zahid, təqvalı və şücaətli bir şəxs olmuş,[80] Bəni-Üməyyənin hakimiyyəti dövründə yaşamışdır.

Zeyd Əməvi xəlifələrinin özbaşınalıq, zülm və haqsızlıqlarını görüb həddən artıq narahat olur, belə fikirləşirdi ki, silahlı mübarizə yolu ilə onların hakimiyyətini devirmək lazımdır.

 

Zeydin Dəməşqə çağırılması

Zeydin qiyam fikrində olmasından xəbərdar olan Hişam ibn Əbdülməlik bu fikirdə idi ki, onu bir yolla aradan götürüb özünü onun təhlükəsindən qorusun. Hişam bu çirkin məqsədinə çatmaq üçün xəyanətkar bir plan hazırladı. Bu planın ardınca Zeydi Dəməşqə çağırtdırdı. Zeyd Dəməşqə gəlib Hişamla söhbət etmək üçün hökumət binasına getdikdə, Hişam əvvəlcə ona qarşı soyuq münasibət göstərdi və öz fikrinə görə onun mövqeyini camaatın nəzərində aşağı salmaq üçün oturmağa ona yer göstərməyib dedi: Yusif ibn Əmr Səqəfi (İraq valisi) mənə xəbər verib ki, Xalid ibn Vəlid[81] sənə altı yüz min dirhəm pul verib, indi sən həmin pulları geri qaytarmalısan.

– Xalid mənə heç bir şey verməyib.

– Elə isə onda İraqa – Yusif ibn Əmr Səqəfinin yanına getməli və o səni Xalidlə üzləşdirməlidir.

– Məni Səqif qəbiləsindən olan alçaq bir şəxsin yanına göndərmə ki, mənə hörmətsizlik etsin.

– Başqa çarə yoxdur, gərək gedəsən.

Hişam sonra əlavə edib deyir: Eşitmişəm ki, özünü xilafət məqamına layiq bilib xilafət kürsüsünə gəlmək fikrindəsən. Halbuki, sən bir kəniz oğlusan və kənizdən olan xilafət başında otura bilməz.

Zeyd deyir: Elə bilirsən ki, anamın bu mövqeyi (kəniz olması) mənim ləyaqətimi alçaldır? Məgər İshaq əleyhissəlamın azad qadından, İsmayıl əleyhissəlamın isə kənizdən olduğunu unutmusanmı? Buna baxmayaraq Allah-taala sonrakı Peyğəmbərləri Həzrət İsmayıl əleyhissəlamın nəslindən seçdi. İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) də onun nəslindəndir.”

Daha sonra Zeyd Hişama nəsihət verib onu təqvalı olmağa çağırdı.

Hişam dedi: Sənin kimi bir şəxs məni təqvalı olmağa dəvət edir?

Zeyd: Bəli, əmr be-məruf və nəhy əz-münkər İslamın iki əsas hökmləridir və onu yerinə yetirmək hamının borcudur. Məqam və rütbəsinin aşağı olmasına görə kimsə bunları yerinə yetirməkdən boyun qaçıra bilməz, eləcə də, heç kəsin məqam və rütbəsinin yuxarı olmasına görə onları qəbul etməkdən boyun qaçırmasına haqqı yoxdur.

 

Məcburi səfər

Hişam sərt söhbətindən sonra Zeydi İraqa göndərib Yusif ibn Əmrə bir məktub yazaraq bildirdi ki, Zeyd sənin yanına gəldikdə onu Xalidlə üzləşdir və ona Kufədə qalmağa bir saat da olsa, belə icazə vermə. Çünki o şirindil, xoşbəyan və natiq adamdır, əgər orada qalarsa, Kufə camaatı tez bir zamanda onun tərəfinə keçər.

Zeyd Kufəyə (İraqa) gircək Yusifin yanına gedib dedi: Nə üçün məni bura gətizdirmisən?

Yusif: Xalidin dediyinə görə o, sənə altı yüz min dirhəm pul vermişdir.

– Xalidi çağırtdır, əgər bir sözü varsa, qoy üzümə desin.

Yusif əmr etdi ki, Xalidi zindandan gətirsinlər. Xalidi əl-ayağı ağır zəncirlərlə bağlanmış halda gətirdilər. Bu zaman Yusif üzünü ona tutub dedi: Bu Zeyd ibn Əlidir. İndi onda nəyin varsa de!

Xalid dedi: Allaha and olsun ki, onda mənim heç bir şeyim yoxdur, sizin onu bura gətirməkdən məqsədiniz yalnız ona əzab-əziyyət verməkdir.

Bu dəfə Yusif üzünü Zeydə tutb dedi: Əmirəl-möminin Hişam mənə əmr verib ki, elə bu gün səni Kufədən çıxarım.

Zeyd: Üç gün mənə möhlət ver, qoy bir az dincəlim, sonra Kufədən çıxaram.

Yusif: Mümkün deyil, elə bu gün çıxmalısan.

– Onda icazə ver təkcə bu gün qalım.

– Heç bir saat da mümkün deyil.1

Bu hadisənin ardınca Zeyd Yusifin göndərdiyi bir neçə məmurla birgə Kufədən çıxıb Mədinəyə tərəf hərəkət etdi. Kufədən bir az aralanan kimi məmurlar Zeydi tək qoyub geri döndülər…

 

Kufədə

Zeydin Kufəyə gəlişi böyük səs-küy salmış, onun Hişamla söhbəti hər yerə yayılmışdı. Vəziyyətin gedişatını yaxından izləyən Kufə camaatı Zeydin Mədinəyə göndərilməsini eşitcək tez özlərini ona çatdırıb onu himayə edəcəklərini bildirərək dedilər: “Kufədə qal və camaatdan beyət al! Arxayın ol ki, yüz min nəfər sənə beyət edib sənin ordunda vuruşmağa hazır olacaq. Bəni-Üməyyənin isə Kufədə çox az tərəfdarı var, onlar da ilk hücumda qırılıb qurtaracaqlar.”

Kufə camaatının Həzrət Əli (əleyhissəlam), İmam Həsən (əleyhissəlam) və eləcə də, İmam Hüseyn əleyhissəlamın dövründəki vəfasızlıqlarını yaddan çıxarmamış Zeyd bir o qədər də onların vədələrinə arxayın olmadı, ancaq kufəlilərin həddən artıq təkidləri nəticəsində Mədinəyə getmək fikrindən daşınıb Kufəyə qayıtdı. Camaat dəstə-dəstə gəlib ona beyət etdi. İş o yerə çatdı ki, təkcə Kufədən iyirmi beş min nəfər döyüşə hazır oldu.

 

Böyük vuruşma

Yusif ibn Əmr Səqəfi Əməvilərə zidd olan qoşun dəstələrinin Zeydin ətrafına toplaşmasını ardıcıl olaraq Hişama xəbər verirdi. Bu işdən qorxuya düşən Hişam Yusifə əmr edir ki, tez Zeydin topladığı orduya hücum edib qiyam alovunu söndürsün.

Hər iki tərəfin qoşunları səfərbər oldu və çox çətin bir döyüş baş verdi. Zeyd son dərəcə şücaətlə vuruşur və ordusunu dözümlü olmağa çağırırdı. Döyüş axşamadək davam etdi. Birdən düşmən tərəfindən atılmış bir ox Zeydin alnına batır. Daha döyüşməyə taqəti qalmayan Zeyd bir tərəfdən bəzi dostlarının döyüşdə öldürülməsinə, digər tərəfdən də ordusunun bir hissəsinin pərakəndə olmasına görə məcbur qalıb geri çəkilmək əmri verdi.

 

Zeydin şəhid olması

Oxu Zeydin alnından çıxartmaq üçün axşam bir həkim gətirdilər. Ancaq ox çox dərinliyə işlədiyindən onu asanlıqla çıxartmaq mümkün olmadı. Nəhayət, həkim oxu Zeydin alnından çıxartdı, ancaq oxun yarası ciddi olduğundan Zeyd şəhid oldu.[82]

Zeydin dostları uzun sürən məsləhətdən sonra belə qərara gəldilər ki, Hişamın adamları Zeydin cənazəsini tapa bilməsin deyə, onu dəfn etsinlər. Bu məqsədlə onlar əvvəlcə suyun axarını yenə əvvəlki vəziyyətinə qaytardılar. Təəssüflər olsun ki, məsələ heç də onlar istəyən kimi olmadı. Hişamın məmurlarından biri Zeydin dəfn mərasimində iştirak edərək bütün məsələni açıb Yusifə deyir. Yusifin göstərişi ilə Zeydin cənazəsini çıxarıb başını bədənindən ayırdılar və bədənini Kufənin girəcəyində dara çəkdilər. Onun başsız bədəni dörd ilə qədər darda qaldı. Sonra isə bədənini dardan endirib od vurub yandırdılar və külünü sovurdular.

İmam Sadiq (ə) və qiyamlar

O dövrün tarixini araşdıranda belə bir sual qarşıya çıxır ki, ümumiyyətlə İmam Sadiqin (ə) o vaxt şiələr tərəfindən baş verən qiyamlara qarşı münasibəti necə idi? Görəsən onları müsbətmi qarşılayırdı? Əgər razı deyildisə, səbəbi nə idi?

Ümumiyyətlə hər bir inqilabda, əsasən iki özəl hədəf güdülür: Birinci, nifrət qazanılmış mövcud hakimiyyəti yıxmaq. İkinci isə, yerində nəzərdə tutulan yeni, ideal hökumətin təməlini qoymaq.

Sualımızın cavabına gəldikdə isə əməvilər sülaləsinin son dövrlərindən tutmuş ta abbasilərin də dövranını nəzərdə tutmaqla belə qənaətə gəlirik ki, bu qiyamların əksəriyyəti mövcud hakimiyyətin əlindən cana doymuş xalqın kəskin e`tirazlarının alovlanmasının təzahürüdür. Hər zaman zülm həddini aşdıqda qiyamlar da ardınca şö`lələnirmiş. Zalım əməvi və abbasi sülalələrindən təngə gəlmiş məzlum xalq ədalət bayrağını qaldıracaq qəhrəmanın ardınca idilər ki, hər vaxt belə bir hadisə üz versəydi, dərhal ona qoşulurdular (adətən də belələrini seyyidlər və şiələrin böyük şəxsiyyətləri təşkil edirdi).

Bu qiyamlar öz gücünü demək olar şiə məktəbinin ideologiyasından, onun radikal, cəsarətli və son dərəcə din-imanında qətiyyətli adamlarından alsa da, əməvi və ya abbasilərin hakimiyyətinin devrilməsindən sonra yeni, ideal bir hökumətin qurulmasına o qədər də zəmanət verilmirdi. Bunun səbəbini aşağıda verilən amillərdə araşdırmalıyıq:

1. Mə`lum olduğu kimi bu qiyamların rəhbərləri elə də düzgün, kamil bir proqram irəli sürmürdülər və onların rəftar və ideyalarında çoxlu çatışmamazlıqlar müşahidə olunurdu.

2. İnqilabçı qüvvələr, adətən həm say həm də hərbi hazırlıq baxımından elə bir səviyyədə deyildilər ki, qələbəyə ümid gözü ilə baxa bilinsin.

3. Bu qüvvələrin arasında müxtəlif fikir və əqidəli qruplar iştirak edirdilər ki, bütünlüklə sağlam, dindar və e`tibarlı adamların hökumət başına gəlməsinə tam ümid yox idi.

Buna ən gözəl nümunə zülmkar abbasi sülaləsinin hakimiyyətə gəlməsini göstərə bilərik. Elə bu kitabda müşahidə etdiyiniz kimi Əhli-beytin (ə) mübariz tərəfdarlarının sayəsində cinayətkar əməvilər devrildikdən sonra dövləti ələ keçirən abbasilər sonralar zülmkarlıqda əməvilərin üzünü ağartdılar! Əgər imamlarımızın (ə) da bu qiyamlara müsbət münasibətini müşahidə etmiriksə, elə bu səbəblərə görədir və onlar o zamankı vəziyyəti çox gözəl analiz edirdilər. Şiənin böyük mütəfəkkirlərindən olan Məhəmməd Mehdi Şəmsəddin bu barədə belə yazır: “Risalətin davamçıları olan mə`sum imamlar çox yaxşı bilirdilər ki, bu qiyamlarda rəhbərliyə arxa olan qüvvələr sağlam inqilab ruhundan uzaqdır və onlarda sarsılmaz mübarizlik hissi yoxdur ki, inqilabı geniş miqyasda son qələbəyə kimi davam etdirə bilsinlər. Beləliklə, belə qüvvələrə arxalanan hər bir hərəkat məğlubiyyətə məhkumdur və onun ağır zərbəsinin təkcə özlərinə yox, bütün İslam ümmətinə dəyəcəyini təsəvvür etmək çox da çətin deyildi. Həmçinin, imamlarımız bilirdilər ki, qələbənin səmərəsindən faydalananlar da əksəriyyət təşkil edən qeyri-şiə və qeyri-sağlam qüvvələr olacaqdır. Elə buna görə də onlara qoşulmur və onlarla qarşı-qarşıya da durmurdular.”[83]

Yuxarıda qeyd olunanlar müxtəsər surətdə imamlarımızın şiələrin mübariz şəxsiyyətlərinin qaldırdıqları qiyamlara qarşı ümumi münasibətini açıqlayırdı. Amma Zeydin qiyamı haqda isə nisbətən geniş təhlilimiz olacaqdır.

 

Zeydin qiyamında İmam Sadiq əleyhissəlamın razılığı olmuşdurmu?

Zeyd barədə, eləcə də, onun İmamət iddiasında olub-olmaması və İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamın imamətini qəbul edib-etməməsi barədə məsum İmamlardan bir-birinə zidd olan müxtəlif rəvayətlər nəql edilmişdir. Bu rəvayətlərin bir qismində Zeyd tənqid olunaraq mənfi tip, digər bir qismində isə müsbət tip kimi göstərilmişdir.

Bizim hədis və rical[84] elmi sahəsindəki alim və təhqiqatçılarımız istər keçmişdəkilər, istərsə də müasirlər, Zeydi tənqid edib onu mənfi tip surətində göstərən hədisləri qəbul etməmiş və onlara arxalanmamışlar. Misal üçün qeyd etmək olar ki, mərhum ayətullah əl-uzma Xoyi Zeydin tənqidi barədə olan rəvayətləri araşdırıb onları qəbul olunmaz hesab etdikdən sonra bu rəvayətləri sənəd nöqteyi-nəzərindən zəif və etibarsız bilib yazır: “…Dediklərimizdən belə nəticəyə gəlirik ki, Zeyd böyük və təqdirəlayiq bir şəxsiyyət olmuş və onun əqidə pozğunluğu, yaxud tənqidi barədə əlimizdə heç bir qəti sübut yoxdur.”[85]

Mərhum Əllamə Məclisi də Zeyd barədə olan rəvayətləri qeyd etdikdən sonra yazır: “Zeyd barədə rəvayətlər müxtəlifdir. Lakin onun tərifi və haqdan kənar iddialar etməməsi barədəki rəvayətlər üstünlük təşkil edir. Şiə alimlərinin əksəriyyəti onun məqamının uca olması haqda nəzər vermişlər. Buna görə də, yaxşı olar ki, onun barəsində xoş təəssüratda olub onu tənqid etməkdən çəkinək.”[86]

Zeydin qiyamına gəlincə isə bir çox fakt və sübutlar göstərir ki, o, İmam Sadiq əleyhissəlamın razılığı ilə qiyam etmişdir. Bu faktlardan biri də, İmam Riza əleyhissəlamın Məmunun sualına verdiyi cavabıdır. İmam Riza (əleyhissəlam) Məmunun cavabında buyurur: “Atam Musa ibn Cəfər atası Cəfər ibn Məhəmməddən eşitmişdir ki, o (İmam Sadiq (əleyhissəlam)) buyurub: “…Zeyd qiyam etmək üçün mənimlə məsləhətləşdi. Mən ona dedim ki, əmi can, əgər Kufənin girəcəyindən asılacaq şəxs olmaq istəyirsənsə, sənin yolun elə budur.” Zeyd İmam Sadiq əleyhissəlamın hüzurundan getdikdən sonra o Həzrət buyurdu: “Vay o şəxsin halına ki, onun dəvət sədasını eşidə, lakin ona cavab verməyə!”[87]

Bu rəvayət açıq-aşkar sübut edir ki, Zeydin qiyamı İmam Sadiq əleyhissəlamın razılığı ilə olmuşdur. Sadəcə olaraq ola bilərdi ki, İmam Sadiq əleyhissəlamın Zeydin qiyamına baş qoşub ona razılıq verməsi düşmənin sorağına çata, digər tərəfdən də Zeydin qiyamı ehtiyat və hesab-kitab üzündən olsun deyə, nə İmam Sadiq (əleyhissəlam) nə Zeydin özü nə də İmamın səhabələri bu işdən kimsənin xəbər tutmasını istəmirdilər.

İmam Sadiq (əleyhissəlam) Zeydin ordusunda vuruşaraq Əməvi qoşunlarından altı nəfəri öldürmüş bir şəxsə buyurur: “Allah məni bu qanlara şərik etsin. And olsun Allaha ki, əmim Zeyd eynilə Həzrət Əli (əleyhissəlam) və onun səhabələrinin yolu ilə hərəkət etmişdir.”[88]

Zeyd İmam Sadiq əleyhissəlamı imam kimi tanıyan şəxslərdən olmuşdur. Onun özü də demişdir ki, Cəfər (İmam Sadiq (əleyhissəlam)) halal və haram məsələsində bizim İmamımızdır.[89]

İmam Sadiq (əleyhissəlam) buyurardı: “Allah əmim Zeydə rəhmət eləsin! Əgər qalib gəlsəydi, mütləq (verdiyi vədə) əməl edərdi. Əmim Zeyd camaatı Ali-Məhəmməddən (səlləllahu əleyhi və alih) (Peyğəmbər ailəsindən) olan seçilmiş bir şəxsə itaət etməyə dəvət edirdi. O şəxs də mənəm.”[91]

Başqa bir rəvayətdə İmam Sadiq (əleyhissəlam) Zeyd barədə buyurur: “Allah ona rəhmət eləsin, mömin, arif, bilikli və düzdanışan adam idi. Qalib gələrdisə, verdiyi vədə əməl edər, hakimiyyəti ələ alsaydı, onu kimə verəcəyini yaxşı bilirdi.”[92]

Zeyd və dostlarının şəhadət xəbəri Mədinə şəhərinə çox acınacaqlı təsir bağışladı. Bu hadisədən hamıdan çox İmam Sadiq (əleyhissəlam) kədərləndi. Bu hadisə İmam Sadiq əleyhissəlama o qədər təsir etmişdi ki, Kufə və Zeydin adı çəkiləndə ixtiyarsız olaraq o Həzrətin gözlərindən yaş axmağa başlayır, şəhid olmuş əmisi və onun dostları barədə təəssüflə dolu olan ürəkağrıdıcı sözlər deməklə onun şəhadətini dərin hörmətlə yad edirdi.

İmam Sadiq əleyhissəlamın Həmzə ibn Həmran adlı bir dostu deyir: “Bir gün İmam Sadiq əleyhissəlamın yanına getdikdə, o Həzrət məndən soruşdu: “Həmzə, haradan gəlirsən?” Dedim ki, Kufədən gəlirəm. İmam Sadiq (əleyhissəlam) Kufənin adını eşitcək bərk ağlamaq tutdu, belə ki, mübarək sifəti göz yaşlarından islandı. Bu vəziyyəti belə görüb təəccüblə soruşdum: “Ey Peyğəmbərin övladı! Sizin bu cür ağlamağınıza səbəb nə oldu?”

İmam Sadiq (əleyhissəlam) qəmli və gözləri yaşla dolmuş halda buyurdu: “Əmim Zeyd və başına gətirilənlər yadıma düşdü, ona görə də ağladım.” Bir daha soruşdum: “Onun haqqında məgər sizin yadınıza nə düşdü?”

İmam Sadiq (əleyhissəlam) buyurdu: “Onun şəhadəti yadıma düşdü.”

Sonra Həzrət (ə) Zeydin qiyam və şəhadətini Həmzəyə olduğu kimi başa saldı.[93]

1. Məhəmməd “Nəfsi Zəkəriyyə”[94]nin İnqilabı

İmam Sadiqin (ə) ömrünün son dövrlərinə təsadüf edən çox mühüm hadisələrdən biri də Abbasilərin ikinci xəlifəsi Mənsur Dəvaniqinin əleyhinə qaldırılmış Məhəmməd Nəfsi Zəkiyənin qiyamıdır. Şiələrin rəhbər və imamı kimi Həzrətin bu hadisəyə münasibəti olduqca əhəmiyyətli idi.

Məhəmməd özü ata tərəfdən İmam Həsənin dördüncü nəslindən olub ana tərəfdən isə İmam Hüseynə (ə) gedib yetişirdi. Bu insan çox alicənab, pərhizkar və pak təbiətinə, ələlxüsus yüksək daxili-mə`nəvi keyfiyyətlərinə görə “Nəfsi Zəkiyyə” (mə`nən saf, təbiətcə pak) ləqəbilə tanınmışdır.[95] O, Bəni Haşimin ən görkəmli və fəzilət sahiblərindən olub dindarlıqda, elm və siyasətdə, alicənablıq, bəxşiş və şücaətdə parlaq bir şəxs idi.[96]

Pak və ülvi nübuvvət xanədanına mənsub, eləcə də risalət məktəbinin yetirməsi olan Məhəmməd müqəddəs İslam adı altında müsəlmanların müqəddəratına hakim kəsilmiş tağut rejimini qəbul edə bilməzdi. Elə buna görə də Əməvilər sülaləsinin son dövrlərindən başlayaraq onu devirmək üçün mübarizəyə qalxmış və bu məqsəd uğrunda ona qoşulmuş bir çox tərəfdar və cəsur adamlarla əhd-peyman bağlamışdı.

Yeri gəlmişkən onunla o zaman bey`ət edənlərdən biri də Əbu Cə`fər Mənsur Dəvaniqi olmuş[97] və sonra qeyd edəcəyimiz kimi xilafətə gədikdən sonra Məhəmmədin qətlinə də o fərman vermişdi. Əlbəttə, onun bu hərəkata qoşulması və bey`əti bir sıra məqsədlərə görə olmuşdur. Çünki elm, dərrakə və siyasətdə ad qazanmış Məhəmməd kimi nüfuzlu bir şəxsin kənarında Mənsur və onun kimiləri kölgədə görünürdü.

 

Qiyamın başlanğıcı

Əməvilərin süqutundan sonra iqtidarı ələ keçirmiş Əbul Abbas Səffahın xilafətini rəsmi olaraq tanımayan Məhəmməd və qardaşı İbrahim məcbur olub bir güşədə gizləndilər. Məhəmməd, onun xilafəti qəsb etdiyini bildirərək bu mənsəbə özünün layiq olduğunu söyləyirdi. Deyirdi ki, o vaxt bey`ət və əhd-peymana əsasən indi Əbul Abbas və qardaşı Mənsur ona tabe olmalıdırlar, əksinə yox. Onların bu müxalifəti Əbul Abbası bərk təşvişə salmışdı və hətta onların yerini öyrənmək üçün atası ilə də sorğu-sual aparmışdı. Onu lap çox qorxudan məsələlərdən biri də Məhəmmədin böyük şəxsiyyətlərdən birinin qiyama də`vəti məktubunun onun əlinə düşməsi idi.[98]

Beləliklə bu mübariz iki qardaş gizli surətdə hökumətin əleyhinə qiyama hazırlaşaraq öz ətrafına inqilabçı adamları toplamağa başladılar.[99] Hicrətin 136-cı ilində (Əbul Abbasın xilafətinin sonlarında) Mədinəyə gəlmiş vəliəhd Mənsurun görüşündə çoxları, o cümlədən Bəni Haşim də iştirak etsə də, bu iki qardaş görüşdən imtina etdilər.[100]

Mənsur xilafətə gəldikdən sonra onların axtarışı üçün ciddi tədbirlərə əl atdı. Onların yerini tapmaq üçün, demək olar bütün şiələr sorğu-suala çəkilirdi.[101] Bütün bunların bir nətəcəsi olmadıqda çoxlu cəsusları küllü miqdarda pul və miniklə tə`min etməklə bu işə cəlb etdi.[102] 138-ci ildə Fəzl ibn Salehi həcc mərasiminin əmiri tə`yin edib ona ciddi tapşırdı ki, Məhəmməd və İbrahimi harada mümkün oldu ələ keçirib ona təhvil versin.

Fəzl Mədinəyə daxil olduqdan sonra bütün camaat və eləcə Həsəni seyidləri onun görüşünə gəlmişdilər. Fəzl, Məhəmməd və İbrahimin onun hüzuruna gəlmədiyini görüb atası Abdullahdan onların harda olduğunu soruşduqda ona bəhanə gətirərək demişdi ki, istirahət üçün ova çıxıblar.[103]

Zaman ötdükcə qarşıya başqa mühüm məsələlər və hadisələr çıxırdı ki, Mənsur da çarəsiz qalıb bütün gücünü onların həllinə sərf edirdi. Nisbətən yaddan çıxmış Məhəmməd isə ələ düşən fürsəti qətimət bilib öz ideyalarını yaymağa və ətrafına adam toplamaq üçün müxtəlif məntəqələrə nümayəndələr göndərməyə başladı.[104] Hadisələri ardıcıl yoluna qoyan Mənsur yenidən ehtimal verilən bu hərəkatın qabağını almaq üçün bütün qüvvələri Hicazın başdan-başa nəzarətdə saxlamasına yönəltdi. Çünki bu müddət ərzində Hicazda Məhəmmədin hərəkatının yayılmasına dair yeni-yeni xəbərlər ona gəlib çatırdı.[105]

 

Artıq təzyiqlər

240-cı ildə həcc mövsümünü bəhanə edən Mənsur, Məhəmmədin işinə birdəfəlik son qoymaq üçün yolunu Mədinədən saldı. O, bu səfərilə, demək olar bu hərəkatın mərkəzi olan Mədinəni, o cümlədən bu oyanışları iflic etmək istəyirdi. Mədinəyə daxil olduqdan sonra şiələrin tanınmış şəxsiyyətləri ilə bir sıra görüşlər keçirdi, onlara ən`am və hədiyyələr təqdim etdi. Bə`zilərinə pul təklif etməklə tamahlandırmaq, digərlərinə isə hədə-qorxu gəlməklə Məhəmmədin yerini öyrənməyə cəhd göstərdi. O cümlədən Məhəmmədin də atasını çağırtdırıb oğullarının yerini deməyə vadar etsə də, atasının onlardan xəbərsiz olduğunu eşitdi. Onların arasında gedən danışıq sərtləşdiyi vaxt atası dedi: “Əgər Məhəmməd ayağımın altında belə gizlənmiş olsa ayağımı qaldırmaram ki, onu görmək sənə nəsib olsun!” Bu sözlərdən bərk qəzəblənən Mənsur onu və ailəsindən neçə üzvünü zindana saldırdı və Abdullah üç il zindanda qaldı.[106]

 

Silahlı qiyam və onun sonu

Mənsurun bu hərəkatı yatırmaq üçün bütün cəhdləri, demək olar nəticəsiz qaldı. Məhəmməd özü Mədinənin ətrafında gizlənsə də onun tərəfdarlarının sayı günbəgün artır, artıq şəhər inqilabın mərkəzinə çevrilirdi.

Nəhayət, bu hərəkatı inqilaba sövq edən neçə illik mübarizədən sonra 145-ci ilin rəcəb ayında Mədinəyə daxil olub kütləvi bey`ət topladıqdan sonra şəhərin idarəsini öz ixtiyarına aldı. Halbuki son qələbə üçün lazımı tədarük görülməmiş və onun müxtəlif məntəqələrə yolladığı nümayəndələr də işi tam başa çatdıra bilməmişdilər. Bu minvalla şəhər zindanının qapılarını sındırıb məhbusları azad etməklə silahlı qiyamın ilkin təməlini qoydular.

Mənsur xəbərdar olan kimi cəld qardaşı İsanın başçılığı ilə Mədinəyə qoşun göndərdi. Çox qızğın və qanlı döyüşdən, həmçinin qiyamçıların sarsılmaz fədakarlıq və rəşadətindən sonra Mədinə şəhəri süqut etdi və qiyam yatızdırıldı. Bu döyüşdə çoxları qırıldı, o cümlədən Məhəmməd və yaxın silahdaşları qətlə yetirildi.[107] Bu məğlubiyyətdən sonra elə həmin il qardaşı İbrahim Bəsrədə qiyam etdi. Bu qiyamda da İbrahim məğlub olaraq öldürüldü.[108] Tarixdə çox mühüm olan Məhəmmədin inqilabının siyasi, ictimai, hərbi və təchizati kimi müxtəlif məxlubolma səbəbləri olmuşdur ki, burada təfsilatı ilə açıqlamağa imkan yoxdur.[109]

İmam Sadiqin (ə) Məhəmməd “Nəfsi Zəkiyyə”nin inqilabına münasibəti

Ötən bəhslərdə dediyimiz kimi bu qiyamların müasiri olmuş İmamlarımızın yekdil münasibəti təxminən Məhəmmədin inqilabına da aiddir. Çünki bu qiyamın özü də digər silsilə qiyamların motivində qərar tuturdu və təbii olaraq İmam Sadiqin (ə) mövqeyi digər imamlardan fərqlənə bilməzdi. Burada mə`lum olduğu kimi Həzrət onun hərəkatı ilə razılaşmamışdır. Çünki Məhəmməd “Nəfsi Zəkiyyə” məhdəviyyət ideyasını qaldıraraq hərəkatını ona əsaslandırırdı. Onun tərəfdarları, eləcə də atası bu əqidə və ideyanı geniş surətdə təbliğ və tərvic edərək o günün ictimai kütləsi arasında təsəvvür olunmayan bir inam yaratmışdılar.[110] Bu elə bir məsələ deyildi ki, İmam Sadiq (ə) onun kənarından asanlıqla sovuşsun.

Bu hərəkatın başlanğıcı əməvilərin hökmranlığının son dövrlərinə təsadüf edir. Ələvilər (Əhli-beyt (ə) tərəfdarları) və Abbasilərdən təşkil olunmuş bir yığıncaqda Məhəmməd Nəfsi Zəkiyyə inqilabın rəhbəri tə`yin olunur və orada iştirak edənlərin haması onunla bey`ət edirlər. Bu yığıncaqda Abdullah Məhz, iki oğlu Məhəmməd Nəfsi Zəkiyyə və İbrahim, əbu Cə`fər Mənsur, Saleh ibn Əli, Məhəmməd ibn Əbdül Birr (Osmanın üçüncü nəslindən) kimi şəxslər var idi. “Əbva”da təşkil olunmuş bu yığıncağa həsəni seyidlərinin ağsaqqalı və o dövrün tanınmış şəxslərindən Nəfsi Zəkiyyənin atası Abdullah tərəfindən İmam Sadiq (ə) da çağırılmışdı.

Həzrətin gəlişindən sonra Məhəmməd yığıncağın təşkil olunma səbəbi və onun hədəfini açıqladı. İmam Sadiq (ə) buyurdu: “Bu fikirdən daşının, qiyamın vaxtı hələ yetişməyib.” Sonra üzünü atası Abdullaha tutub dedi: “Elə güman edirsən ki, oğlun Məhdidir? Mən deyirəm ki, yanılırsan və bu zaman onun qiyamının vaxtı deyildir. Amma əgər alovlanıb Allaha xatir, əmr be mə`ruf və nəhy əz münkər etmək üçün onu qiyam və inqilaba qaldırırsansa, Allaha and olsun, ağsaqqal və ağamız olduğun halda səni tək qoymarıq və oğlun ilə də bey`ət edərik.” Abdullah isə Həzrətin sözlərindən narahat olub onu paxıllıq üzündən söylədiyini güman etdi.[111]

Həqiqətdə isə İmam Sadiq (ə) imamət məqamından çıxış edərək çox gözəl bilirdi ki, Məhəmməd qələbə çala bilməyəcək və elə həmin yığıncağın sonunda atası Abdullaha buyurdu: “Oğlun xilafətə çatmayacaq və bunu da bil ki, “sarı qəbalı”dan (Mənsur Dəvaniqiyə işarə edərək) başqa da heç kimə nəsib olmayacaq.”[112] Əbulfərəc İsfahani yazır ki, Abdullah imamın sözündən sonra əlini Əbul Abbasın çiyninə vurub dedi: “Bu, qardaşları və onların övladları xilafətə çatacaqlar, siz yox!” İmam isə əlini Abdullahın çiyninə vurub dedi: “Hökumət nə sənə nə də oğullarına nəsib olmayacaq. Bunlardır ki, xilafətə çatacaqlar və oğulların da qətlə yetiriləcəkdir.”[113]

Deməliyik ki, elə İmam Sadiqin (ə) bu sözü deməyindən çox da keçməmiş Həzrətin əvvəlcədən olacaq hadisənin nəticəsinin ifşa etməsi xəbəri Mədinədə dolaşırdı. Bununla maraqlananlar Həzrətin hüzuruna gəlib bu xəbəri onun özündən eşitmək istəyirdilər. Elə öz bacısı qızı Ümmül Həsən ondan belə bir xəbərin söylədiyini soruşduqda Həzrət demişdi: “Məhəmməd “rum evi”nin[114] kənarında öldürüləcək, qardaşı İbrahim isə İraqda elə bir halda qətlə yetiriləcəkdir ki, mindiyi atın ayaqları suyun içində olacaqdır.”[115]

İmam Sadiq (ə) yuxarıda qeyd olunan səbəblərə görə Məhəmmədin hərəkatını qəbul etməsə də, lakin onun əleyhinə də heç bir ciddi e`tiraz münasibəti bildirmədi. Hətta Əbulfərəc İsfahaninin yazdığına görə oğulları Musa və Abdullahı Məhəmmədin köməyinə göndərdi[116] və onlar bu hərəkatda Məhəmmədin kənarında idilər.[117] Hələ qiyamın məğlubiyyətindən sonra Məhəmmədin yaxın silahdaşlarından olan Hüseyn ibn Zeydə (şəhid) pənah verərək amanda saxladı.[118] Mə`lumdur ki, bu iki mühüm addım xəlifə Mənsuru narahat etməyə bilməzdi.

Burada diqqəti cəlb edən məsələlərdən biri də odur ki, İmamın bu hərəkata qoşulmaması heç də onun abbasilərlə razılaşmağından irəli gəlmirdi. Mövcud hakimiyyət də Həzrətin nəzərində qanunsuz və dindən uzaq sayılırdı. Hətta Mənsur Həzrəti dəfələrlə paytaxta öz sarayına çağırtdırıb onu müxtəlif əzab-əziyyətə salmaqdan əlavə qətlə yetirmək fikrinə də düşmüşdü. Lakin Allahın lütfü ilə hər dəfə o, bu sui-qəsdlərdən salamat qurtarmışdı.[119] Elə Məhəmmədin hərəkata başladığı zamandan İmam (ə) Mənsur tərəfindən bir sıra çətinliklər və zərbələr görmüşdü. Burada bir neçə nümunəni qeyd edirik:

Bu hərəkatın gün-gündən gücləndiyi vaxt bir dəfə Mənsur özü onu yatırmaq qəsdi ilə Mədinəyə doğru hərəkət etdi. Özünü şəhərin yaxınlığınadək yetirib “Rəbəzə”də düşərgə saldı.[120] Orada qaldığı müddət ərzində İmam Sadiq (ə)-ı hüzuruna çağırtdırıb Həzrətlə olduqca kobud rəftar edərək onu çox pis təhqir etmişdi.[121] Yaxud hicrətin 145-ci ili Məhəmmədin ilk dəfə qiyama başladığı gecə Mədinənin hakimi Bəni Haşimin böyük şəxsiyyətlərilə bərabər İmamı da həbs etdirmişdi.[122] İmam Sadiq (ə) özü bu haqda deyir: “Məhəmmədin məğlubiyyətindən sonra məni Mənsurun hüzuruna apardılar. O, məni çox kobud ifadələrlə təhqir edərək qarşıladı. Ardınca dedi: Adını Nəfsi Zəkiyyə qoyduğunuz Məhəmməd ibn Abdullahın başına gələnlərdən xəbərim var. İndi intizarındayam ki, sizdən biri başını qaldıran zaman böyük və kiçiyinizə rəhm etməyim.[123]

Məhəmmədin üzərinə göndərilmiş qoşunun sərkərdəsi İsa döyüşdən sonra mənim “eyn Əbu Ziyad” adlı torpaq sahəmi müsadirə etdi. Mənsurun hüzurunda ikən ona dedim ki, mənim torpaq sahəmi özümə qaytar, çünki gəlirim oradan tə`min olunur. Mənə dedi: Hələ danışmağa üzün də var? Mən istəyirəm sənin canını alım!”[124]

Mənsur hətta bunlarla da kifayətlənməyib bir dəfə Mədinədə Həzrətin evini belə yandırtdırmışdı. Allahın lütfü ilə od-aluvun içindən özünü salamat qurtaran İmam Sadiq (ə) o vaxt demişdi: “Mən İbrahim Xəlilullahın övladıyam!”[125]

 

Mənbə: Mehdi Pişvayi, İmam Cəfər Sadiq əleyhissəlamın həyatı

 

[79] Zeyd İmam Səccad əleyhissəlamın oğlu, imam Hüseyn əleyhissəlamın nəvəsi olmuşdur.

[80] Əl-Fəxri, səh.132.

[81] Xalid ibn Əbdullah, Yusif ibn Əmr Səqəfidən qabaq İraq valisi olmuş, camaatın narazılığı səbəbindən Hişam onu işindən azad edərək həbs etmişdir. Ona vurulmuş ən əsas töhmət bu olmuşdur ki, guya o, Bəni-Haşimə tərəf meyl göstərir. Buna görə də, Zeydə atılmış böhtan bundan ibarət olur ki, guya Xalid beytül-maldan külli miqdarda pul götürüb ona vermişdir.

1 Tarixi-Yə’qubi, c.3, səh.67-68.

[82] Hicri qəməri tarixi ilə 121-ci il səfər ayında (Məqatilut-Talibin, səh. 139).

[83] Ənsarül Hüseyn, səh. 210.

[84] Rical elmi hədisçilərdən bəhs edən elmdir.

[85] Mö’cəmu-ricalil-hədis, c.7. səh.345-356.

[86] Biharül-ənvar, c.36, səh.305.

[87] Üyuni-əxbarir-Riza, c.1, səh.225.

[88] Qamusür-rical, c.4, səh.570.

[89] İxtiyari-mə’rifətir-rical, səh.361.

[90] Əl-Əmali (Şeyx Səduq), səh.325.

[91] Qamusur-rical, c.4, səh.566.

[92] İxtiyari-mə’rifətir-rical, səh.285.

[94] Məhəmməd ibn Abdullah ibn Həsən ibn Həsən (ə) ibn Əli (ə) ibn Əbu-Talib.

[95] Mürucuz-zəhəb, c. 2, səh. 294; Əl-əxbarüt-tival, səh. 385.

[96] Əl-fəxri, 185.

[97] Məqatilut-talibin, səh. 173-197.

[98] Məqatilut-talibin, səh. 118-120, 158.

[99] Tarixül-üməm vəl-muluk, c. 9, səh. 180.

[100] Əl-kamilu fit-tarix, c. 5, səh. 513.

[101] Tarixül-üməm vəl-muluk, c. 9, səh. 181.

[102] Tarixül-üməm vəl-muluk, c. 9, səh. 181.

[103] Tarixül-üməm vəl-muluk, c. 9, səh. 181.

[104] Əl-kamilu fit-tarix, c. 5, səh. 517-522.

[105] Cihaduş-şiə, Doktor Səmirə Muxtarül-leysi, səh. 115.

[106] Tarixül-üməm vəl-muluk, c. 9, səh. 183-184; Tarixi Yaqubi, c. 3, səh. 109-110; Əl-fəxri, səh. 165; Məqatilut-talibin, səh. 146.

[107] Məqatilut-talibin, səh. 184-185; Tarixi Yaqubi, c. 3, səh. 145; Mürucuz-zəhəb, c. 3, səh 294.

[108] Məqatilut-talibin, səh. 210.

[109] Məqatilut-talibin, səh. 210-dan sonrakı hadisələr; Cihadüş-şiə, səh. 166.

[110] Məqatilut-talibin, səh. 140-142, 157-158, 160-165; Əl-fəxri, səh. 165-166. Hətta Mənsur Dəvaniqinin özü məhdəviyyət ideyasından olduqca nüfuz qazanan Məhəmməd Nəfsi Zəkiyyəni nüfuzdan salmaq üçün öz oğlunun adını Məhəmməd qoyaraq onu Məhdi ləqəbləndirməklə iddia elədi ki, zühur edəcək Məhdi onun oğludur (Məqatilut-talibin, səh. 162). Beləcə fürsəti qənimət bilən abbasilərdən biri Peyğəmbər (s)-in adından saxta bir hədis düzəldib dedi: Peyğəmbər buyurub ki, Məhdi əmim Abbasın nəslindəndir (Tarixül-xüləfa, Siyuti, səh. 272).

[111] Məqatilut-talibin, səh. 140-141.

[112] Əl-fəxri, səh.165.

[113] Məqatilut-talibin, səh. 141-142, 172.

[114] Mədinədə məhəllə adı.

[115] Məqatilut-talibin, səh. 168.

[116] Məqatilut-talibin, səh. 170.

[117] Məqatilut-talibin, səh. 186.

[118] Məqatilut-talibin, səh. 257.

[119] Biharul-ənvar, c. 47, səh. 162, 212.

[120] Əl-kamilu fit-tarix, c. 5, səh. 524.

[121] Məqatilut-talibin, səh. 170; Biharul-ənvar, c. 47, səh. 192.

[122] Əl-kamilu fit-tarix, c. 5, səh. 530.

[123] Biharul-ənvar, c. 47, səh. 206; Nurul-əbsar, səh. 147.

[124] Məqatilut-talibin, səh. 184.

[125] Üsuli-kafi, c. 1, səh. 473.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button