ArxivIslamXəbər lentiXəbərlər

“Ermənistandakı proseslərin geriyə qayıdışı artıq mümkünsüzdür”

“Koçaryan və Sərkisyan Qarabağ əsilli olmaqla yanaşı, həm də bu torpaqları “azad etmiş qəhrəman” sayılırlar”
Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda keçmiş hakimiyyətin təmsilçiləri olan “Qarabağ klanı” ilə Nikol Paşinyan hakimiyyəti arasında qarşıdurma şiddətlənib. Keçmiş prezident Robert Koçaryanın həbsdən azad edilməsindən sonra Nikol Paşinyanın tərəfdarlarını küçələrə çıxartması və “inqilabın ikinci mərhələsinin” başlandığını elan etməsi bu qarşıdurmanın miqyasını göstərir.
Qeyd edək ki, Koçaryan işğal altındakı ərazilərdə yaradılmış və “Qarabağ klanı”nın dəstəkçisi  sayılan separatçı rejimin indiki “rəhbəri” Bako Saakyan və keçmiş “rəhbəri” Arkadi Qukasyanın zəmanəti ilə azadlığa çıxıb. Məhkəmədə bu iki adamın etdiyi jest İrəvanda qızğın  müzakirələrə səbəb olub. Paşinyan cütlüyün  məhkəmədə Köçəryanla yanaşı dayanmasını onların sadəcə köhnə dostluq ələqələrindən  qaynaqlandığını söyləsə də az keçmədən “inqilabın yeni mərhələsi” elan edərək öz tərəfdarlarını küçələrə  dəvət etdi. Dünən səhərdən isə Məhkəmə Şurası və Ali Məhkəmə də daxil olmaqla İrəvandakı bütün instansiya məhkəmələrinin binaları bloklandı. Hakimlərin məhkəmə binalarına girişinə icazə verilmədi. Göründüyü kimi, işğalçı ölkədə baş verən son proseslər bir sıra suallara yol açıb.
Bəs xalqı yenidən küçələrə çıxaran Paşinyanı və onun hakimiyyətini nə gözləyir? Baş nazirin arzusu doğrudanmı müstəqil məhkəmə sistemi yaratmaqdır?
“İslamınsəsi” saytına açıqlama verən politoloq Mütəllim Rəhimlinin sözlərinə görə, Ermənistana qarşı antipatiyamızın olmasına baxmayaraq, bu ölkədə demokratikləşmə istiqamətində addımların atıldığı etiraf edilməlidir.  Çünki uzun müddət hakimiyyətdə olan “Qarabağ klanı”nın hakimiyyətinə son qoyuldu. Hakimiyyət bəlli bir qrupun əlindən alınaraq xalqın iradəsi və səsi ilə formalaşdırıldı. Bütün bunlar ciddi addımlardır. Əgər əvvəllər ermənilər Ermənistanı Koçaryan və Sarkisyanın ölkəsi hesab edirdilərsə, indi özlərinin dövləti hesab edirlər. Hakimiyyətlə xalqın birliyi formalaşıb. Düşünürəm ki, bu tendensiya Ermənistandakı problemlərin köklü şəkildə həll edilməsi üçün kifayət qədər ciddi cəhdlərin göstərilməsinə səbəb olacaq. Çünki xalq hakimiyyətə inanır, hakimiyyət isə ictimai fikrə söykənir. Bütün təlatümlərə baxmayaraq Ermənistandakı proseslərin geriyə qayıdışı artıq mümkünsüz görünür. Baxmayaraq ki, əvvəlki korrupsiyalaşmış qüvvələrin böyük müqaviməti var. Paşinyanın islahatlar prosesində xalqı meydanlara çağırması da məhz bununla bağlıdır. Onun iqtidarı Ermənistanı demokratik ölkəyə çevirə bilməsə də, belə bir niyyətini ortaya qoyub və üstəlik belə bir görüntü də yaradıb”.
VİP sədri, politoloq Əli Əliyevin fikrincə isə, Ermənistanda Paşinyan tam olaraq situasiyaya nəzarəti əlinə toplamağa çalışır: “Bununla yanaşı, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən və məskunlaşmış əhali arasında nüfuzu olan “Qarabağ klanı” ilə də münasibətləri yumşaltmaq istəyir. Bilindiyi kimi, Koçaryan və Sərkisyan Qarabağ əsilli olmaqla yanaşı, həm də bu torpaqları “azad etmiş qəhrəman” sayılırlar. Uzun müddət hakimiyyətdə olmaları da xeyli qarabağlı ətraf formalaşdırmağa imkan verib. Paşinyanın son Şuşa səfərinə Sərkisyanla getməsi, Koçaryanın azad edilməsi, ona iki separatçı rejim başçısının zamin durması milli barışın əlamətləridir. Paşinyan bizə qarşı cəmiyyəti konsolidasiya edir. Bununla paralel Paşinyan həm də məhkəmələri nəzarətə götürməyə başlayıb. Son blokada aksiyası əməliyyatın başlanması deməkdir. Baş nazir “Qarabağ klanı”nı mümkün hüquqi dayaqdan məhrum etməyə girişib. Hesab edirəm ki, çox usta və düzgün davranır. Nəzərə alsaq ki, “Qarabağ klanı” həm də Kremlin təzyiq alətidir, o zaman Paşinyanın müstəqillik əldə etmək istəyi daha çox anlaşılır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button