ArxivNardaranXəbər lentiXəbərlər

Nardarandakı qanlı əməliyyatın gizlinləri… VİDEO

Vəkillər konkret faktlarla əməliyyatı ifşa etdilər

Müsəlman Birliyi Hərəkatıın sədr müavini Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin işi üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas qalmaqallı olub. Nəticədə təqsirləndirilən şəxslər Nardaran işinə baxan hakimlər kollegiyasının üzvlərindən biri olan Əflatun Qasımova etiraz edərək, onun uzaqlaşdırılmasını tələb ediblər. Bundan əlavə, vəkillər 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin qətlə yetirilməsi ilə nəticələnən qanlı əməliyyatın gizli tərəflərini ifşa edərək, Taleh Bağırov da daxil, təqsirləndirilən şəxslərin günahsızlığına dair ciddi faktlar ortaya qoyublar.

Öldürülən polislərin yaxınları məhkəməyə niyə gəlmirlər?

Bu cinayət işinə yarım ildən artıq müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılanda da, təxminən bir bir ay öncə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçiriləndə də əməliyyatda dünyasını dəyişmiş polislər – İsmayıl Tağıyev və Vüqar Nəsibovun nə zərərçəkmiş qismində tanınan yaxınları iştirak etməmişdi. Hətta zərərçəkmiş qismində məhkəmədə ifadə verməkdən də imtina etmişdilər. Sadəcə, məhkəməyə  teleqram göndərib istintaqdakı ifadələrini təsdiqlədiklərini bildirmişdilər.

İyulun 13-də Bakı Apellyasiya Məhkəməsində məlum olub ki, hər iki mərhum polisin yaxınları məhkəməyə öz vəkillərini göndəriblər.

Təqsirləndirilən şəxslərdən Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və daha bir neçə nəfərin hüquqlarını müdafiə edən vəkil Yalçın İmanov onların özlərinin də məhkəmədə iştirakı haqda vəsatət qaldırıb: “Əgər zərərçəkmişlərin nümayəndələri vardısa, niyə əvvəldən göndərmirdilər? Niyə heç özləri də bircə dəfə gəlmədilər, onlara qaranlıq qalan suallarını vermədilər? Teleqram göndərib yazmışdılar ki, istintaqdakı ifadələrini təsdiqləyirlər. Təbii ki, onların ifadələri yalnız ittiham tərəfinin məlumatlarına, televiziyalardan deyilənlərə əsaslanırdı. Gəlib heç buradakıların dediklərini eşitmədilər. Bizim də onlara suallarımız var. Xahiş edirəm, onların özlərinin iştirakı təmin olunsun”.

Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

“Bandotdel”in şöbə müdiri məhkəməyə çağrıldı

Yalçın İmanovun daha bir vəsatəti Nardaranda 26 noyabr əməliyyatına rəhbərlik etmiş, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübariuzə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun məhkəmədə dindirilməsi haqda olub: “Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən idarənin 18 əməkdaşı zərərçəkmiş qismində dindirildi. Onlar bizim əksər suallarımıza “bilmirəm, bu suala əməliyyata rəhbərlik etmiş Kərim Əlimərdanov cavab verə bilər” dedilər. Amma maraqlıdır ki, əməliyyatın vacib fiquru olan Əlimərdanov dindirilmədi. Ona görə də xahiş edirəm, onu çağırın, suallarımızı verək”.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Yalan danışan polislər niyə cəzalandırılmır?

Təqsirləndirilən şəxslərdən Şamil Abduləliyev, Rasim Cəbrayılov və digərlərinin vəkili Zibeydə Sadıqova isə məhkəmədə yalan ifadə verən polislər haqqında xüsusi qərar çıxarılıb, onların haqqında cinayət işi başlanması üçün prokurorluğa göndərilməsi haqda vəsatət qaldırıb. Vəkil deyir ki, polislər konkret faktlarla təkzib olunan yalan ifadələr veriblər. Məsələn, onlar iddia edirlər ki, əməliyyat zamanı üç güllə yarası alan Şamil Abduləliyevi, Bəhruz Əsgərovu və s. özləri çağırdıqları Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırıblar. Halbuki, həmin yaralıları kənd sakinləri əvvəlcə qəsəbədəki tibb məntəqəsinə, oradan da təcili yardımla Sabunçudakı 3 saylı xəstəxanaya aparıblar: “Bunu təqsirləndirilən şəxslərin özləri də, şahidlər də, ən əsası, Təcili Tibbi Yardımdan alınan rəsmi arayış da təsdiqləyir. Təəssüf ki, yalan ifadə verən polislərin bu əməlinə heç bir hüquqi qiymət verilməyib”.

Hakimlər bu vəsatəti də təmin etməyib. Bildirilib ki, bu məsələyə sonda qərar çıxarılanda baxıla bilər.

Təqsirləndirilən Abbas Hüseynov və digərlərinin vəkili Fariz Namazlı isə istintaqda Zamiq Məlikov adlı eyni adamın həm hal şahidi, həm də şahid qismində dindirildiyini, bunun da kobud pozuntu olduğunu diqqətə çatdırıb. Müdafiəçi onun imzaladığı baxış protokolunun sübutlar siyahısından çıxarılması haqda vəsatət qaldırıb.

Bu vəsatət də təmin olunmayıb.

“Bakı Ağır Cinayətlər Məhkəməsində də belə oldu. Heç bir vəsatətimizi təmin etmirdilər. Siz də eyni prosesi təkrarlayırsız. Biz bu işin araşdırılmasını istəyirik”, – deyə Fariz Namazlı vəsatətlərin heç birinin təmin olunmamasına etirazını bildirib.

“Allahdan qorxun…”

Ardınca çıxış edən vəkil Fəxrəddin Mehdiyev birinci instansiya məhkəməsində bu işə baxılarkən tərəflərə bərabər imkanlar yaradılmaması, iş üçün çox vacib vəsatətlərin heç birinin təmin olunmamasından danışıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qanunsuz və əsassız olduğunu deyən vəkil bildirib ki, məhkəmə qarşısına çıxarılan 18 nəfərin hamısı günahsızdır, onların hamısının haqqında bəraət hökmü çıxarılmalıdır. Çünki o adamlarda nə silah olub, nə də onlar kimisə qətlə yetiriblər. Qanunsuz əməliyyat keçirib, 6 nəfərin ölümünə səbəb olan polislər haqqında isə xüsusi qərar çıxarılmalıdır: “Bu hökm Konstitusiyaya da, İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasına da, Cinayət Prosessual Məcəlləyə də ziddir. Bu adamlara dəhşətli işgəncələr verilib. Həm yerli, həm də Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq konvensiyalar deyir ki, əgər hansısa sübut işgəncə yolu ilə əldə olunubsa, o, sübut deyil. Nardaran əməliyyatında çox böyük müəmmalar var. Təəssüf ki, biz bu əməliyyata rəhbərlik edən adamı dindirib suallarımıza cavab ala bilmədik. Əməliyyatı keçirən polislər xaotik atışmada həm bir-birini, həm də yerli sakinləri güllələyiblər. Və məsuliyyətdən də kənarda qalıblar. Halbuki, belə əməliyyat keçirənlər haqqında xüsusi qərar çıxarılmalı, onlar cəzalandırılmalıydılar. Eyni orqan – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həm əməliyyatı keçirib, həm bu iş üzrə istintaqı aparıb, həm həbs olunan şəxslər iki ay ərzində bu idarədə saxlanılıb, həm adamlara bu idarədə işgəncə verilib… Yəni bütün işləri özləri görüblər. Bu necə ola bilər axı?!”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının isə ifadə azadlığı hüququndan istifadə edərək, “facebook” səhifəsində yazdığı fikirlərinə görə cəzalandırıldığını deyən vəkil bildirib ki, o, həm bir vətəndaş, həm də siyasi xadim kimi, ərtafında baş verən haqsızlığa biganə qala bilməzdi. Fuad Qəhrəmanlı ədalətsizliyə etirazını bildirdiyinə görə cəzalanıb: “Fuad Qəhrəmanlı yüksək səviyyəli ziyalı, ali təhsilli politoloqdur. O, daim cəmiyyətin demokratikləşməsinə xidmət edən çıxışlar edib, yazılar yazıb, ölkədə və dünyada baş verən proseslərlə bağlı fikirlərini bölüşüb. Hər bir vicdanlı şəxs ədalətsizliyə etiraz etməlidir. Azərbaycanın ratifikasiya etdiyi Avropa Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığına təminat verir. Ədalətsizliyə etiraz Fuad Qəhrəmanlının həm də bir siyasətçi kimi birbaşa vəzifəsidir.

Fuad Qəhrəmanlı nə deyib? O, Nardaranda baş verənləri təhlil edib. “Facebook” statuslarında yazıb ki, oradakı əməliyyat qanunsuz idi, adamların hüquqları qorunmalı idi, cəmiyyət də belə qanunsuzluqlara biganə qalmamalıdır. Buna görə ona CM-nin 3 maddəsi ilə ittiham vermək hüquqdan, ədalətdən kənar hərəkətdir”.

Cinayət işinin materiallarında Taleh Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının az qala, terror təşkilatı kimi qələmə verildiyini xatırladan Fəxrəddin Mehdiyev yada salır ki, bu təşkilat bir neçə dəfə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib. Çünki təşkilatın əsas missiyası dini maarifçilik olub: “Taleh Bağırzadənin özünün də fəaliyyəti bu istiqamətdə olub”.

Çıxışının sonunda Fəxrəddin Mehdiyev hakimlərə həm də Allah qarşısında məsuliyyətlərini xatırladaraq, ədalətli qərarla təqsirləndirilən şəxslər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib: “Yaddan çıxarmayın, Allahın dərgahına gedəndə həm də bu əməllərinizi aparacaqsız. Heç kim Allah qarşısındakı məsuliyyətdən qaça bilməyib”.

“Bu adamlar günahsızdır”

Vəkil Zibeydə Sadıqova da hüquqlarını müdafiə etdiyi şəxslərin günahsız olduqlarını, onların əməllərində cinayət tərkibi olmadığını bildirib. Birinci instansiya məhkəməsində bu prosesin ciddi qanun pozuntuları ilə keçirildiyini deyən vəkil bildirib ki, Nardaranda Əbülfəz Bünyadovun evində heç bir dövlət çevrilişi hazırlanmayıb, orada Məhərrəmlik ayı ilə əlaqədar mərasim keçirilib, moizələr oxunub.

Hüquqlarını müdafiə etdiyi Şamil Abduləliyevə əməliyyat zamanı dəymiş üç güllədən ikisinin hələ də onun bədənində qaldığını deyən Zibeydə Sadıqova bildirib ki, polislər onu bu vəziyyətdə atıb gediblər. Kənd sakinləri onu xəstəxanaya çatdırıblar. Xəstəxanada müstəntiq onu gecə reanimasiyadan çısarıb, o vəziyyətdə sənədlərə imza atdırıb. Təqsirləndirilən şəxslərin tutulub Nardarandan aparılarkən və ondan sonra da iki ay ərzində “bandotdel”də işgəncələrə məruz qaldığını deyən vəkil bildirib ki, işgəncələr vasitəsilə əldə olunmuş ifadələr sübutlar siyahısından çıxarılmalıdır: “Bandotdel”in əməkdaşları zərərçəkmiş qismində tanınıblar. Məsələn, konkret mənim müdafiə elədiyim şəxslər onlara hansı zərəri vurub? Bu suala aydınlıq gətirə bilmirlər”.

“Bu adamlara verilən ağlasığmaz işgəncələri biləndə onlara biganə qalmağa vicdanımız yol vermədi”

Vəkil Nemət Kərimli baş vermiş hadisənin mahiyyətinin siyasi olduğunu bildirərərk, bu iş üzrə məhkəmələrin də siyasi xarakterli olmasına diqqət çəkib. Vəkil deyir ki, günahsız adamları 15-20 il həbsə göndərməklə, din adamlarını aqressivləşdirmək yolverilməzdir: “Biz bu işə Fuad Qəhrəmanlının vəkili kimi qoşulmuşduq. Amma məhkəmədə bu adamların başına gətirilənləri, onlara verilən ağlasığmaz işgəncələri biləndən sonra bu adamlara biganə qalmağa vicdanımız yol vermədi. Düşündük ki, onları müdafiəsiz buraxmaq insanlıqdan deyil. Dövlət hesabına təyin olunmuş vəkillər bu adamların hüquqlarının müdafiəsi istiqamətində heç bir addım atmayıb.

“Qumbara partlayıbsa, qəlpələri, çalası hardadı?”

İş materiallarında iddia olunur ki, polis əməliyyat keçirəndə qumbara atılıb, qəlpələrindən ikisi polislərdən İsmayıl Tağıyevə, bir qəlpə, bir güllə də Vüqar Nəsibova dəyib, onlar da dünyalarını dəyişiblər. Dünyada üç qəlpəli qumbara icad olunmayıb. F-1 qumbarası partlayanda o, 300 metr radiusda yayılır. Bəs qalan qəlpələr hardadır? 30-40 nəfərin arasına qumbara atılıbsa, bəs nə yaxşı o birilər sağ qaldı? Bu necə möcüzədi? Bu nə absurddu yazıblar cinayət işinə? Orada qumbara partlayıbsa, çalası hardadır? Ekspert ağlına gələni yazıb, bilib ki. Onsuz da nə yazsa, keçəcək.

Azərbaycan məhkəmələrində dindirilən hal şahidləri anadangəlmə yalançı olurlar. İndi görün bu işdə hansı vəziyyətdir ki, hal şahidlərini məhkəməyə də gətirib dindirmədilər. Bildilər ki, gəlsələr, absurdlar bir-bir ifşa olunacaq.

Ramil Usubov bu əməliyyatdan sonra açıqlamasında demişdi ki, Nardaran əməliyyatı İlham Əliyevin tapşırığı ilə keçirilib. Yəni baş verən qanunsuzluqdan onun da xəbəri var. Həmçinin adamları heç istintaq başlamamış, sübutlar toplanmamış “cinayətkar” adlandırmışdı. Bu, təqsirsizlik prezumpsiyası hüququnun pozulmasıdır. “Bandotdel”in əməkdaşları suallarımıza cavab olaraq bildirdilər ki, əməliyyatda polis yoldaşları öldüyünə görə mənəvi zərər çəkiblər. Belə çıxır ki, rəisləri buna görə zərər çəkməyib, ona görə də onu zərərçəkmiş qismində tanımayıblar”.

“Niyə ölən polislərdə rezin güllə atan, qalanlarında odlu silah olub?”

Vəkil Yalçın İmanov da çıxışında həqiqətin üzə çıxması baxımından çox vacib olan ziddiyyətləri məhkəmənin nəzərinə çatdırıb: “Necə olur ki, əməliyyatda ölən polislərdə rezin güllə atan silah olur, amma qalan hamısında “Zəfər” adlanan oğlu silahlar? Iddia edirlər ki, terrorçu dəstəni zərərsizləşdirməyə getmişdilər. Terrorçuların üstünə rezin güllə ilə gedirlər? Üstəlik, özlərinin dedikləri kimi, rezin güllə atan iki nəfəri qabağa verirlər, içəri onları salırlar? “Bandotdel”in əməkdaşları deyir ki, hadisə yerinə çatandan sonra 15 dəqiqə gözlədik. Nəyi gözləyirdilər? Telekanallarında Taleh Bağırzadəni Əl-Bağdadidən tutmuş, İŞİD-ə qədər müxtəlif terror təşkilatları ilə əlaqələndirilər. Terrorçuların qapısının ağzında niyə 15 dəqiqə dayanıb gözləyirdilər?

“Narkomandan həm Nardaran hadisəsində, həm də heykəl məhbusunun işində istifadə olunub”

Bu  cinayət işi o qədər absurdlarla doludur ki, o haqda saatlarla danışmaq olar. Guya, adamlardan silah tapılmasına hal şahidliyi edənlərdən biri İntiqam Kərimov narkoloji dispanserdə qeydiyyatdadır. Bu adamdan Heydər Əliyevin heykəlinə şüar yazdığına görə həbs olunan gənc fəal Bayram Məmmədovun da işində hal şahidi kimi istifadə olunub.

Bu necə məhkəmədir ki, hal şahidləri çağrılıb dindirilmədi?! Təsəvvür edib, qarşı tərəf deyir ki, bunlarda silah olub, bu adamlar da deyir ki, bizdə silah olmayıb. Bunu aydınlaşdırmaq üçün mütləq hal şahidləri dindirilməli idi, eləmədilər. Onları gizlətməyin məqsədi nə idi? İttiham tərəfinin özünün ortaya qoyduğu sübutlar da bu adamların günahsızlığını sübut edir.

Cinayət işinin materiallarında bir yerdə yazılıb ki, qumbaranı qətlə yetirilmiş yerli sakinlərdən Əkbər Babayev atıb, başqa bir yerdə yazılıb ki, guya mərhum Sarvan Səfərov atıb. Bu nə deməkdir?

Ekspertiza rəy verib ki, güllələr evin şüşələrinə içəridən çölə doğru yox, çöldən içəriyə doğru atəlıb. Bu da sübut edir ki. Güllə atanlar polislərin özləri olub.

“Polislər döyüb öldürüb, sonra güllələyiblər”

Bu adamlar bakı Ağır Cinayətlər Məhkəməsində ifadələrində dedilər ki, ölən şəxslərin meyitlərini mebel maşınında polislər tapdalayırdılar. Ekspertiza da rəy verib ki, cəsədlərin üzərindəki qanlar bir-birinə qarışıb. Bu da təqsirləndirilən şəxslərin dediklərini sübut edir. Meyitləri atıblar bir-birinin üstünə. Üstəlik, təqsirləndirilən şəxslər aparılarkən onlara verilən işgəncələr nəticəsində axan qanlar – bunların hamısı bir-birinə qarışıb.

Təqsirləndirilən şəxslər deyir ki, Fərail Bünyadova güllə dəyməmişdi, yolda aparılanda mebel maşınında qara maskalılar onu avtomatın qundağı ilə o qədər döydülər ki, öldü. Öləndən sonra görüntü yaratmaq üçün meyitə güllə vurublar.

Biz bütün bunların araşdırılmasını istəyirdik, amma birinci instansiya məhkəməsi də imkan vermədi, siz də belə görünür ki, imkan vermirsiz.

“Facebook”da 10 statusa görə 10 il həbs

Fuad Qəhrəmanlıya “facebook”da yazdığı 10 statusa görə 10 il həbs cəzası veriblər. Belə çıxır ki, hər statusa görə bir il həbs alıb adam. Buna hüququn kompozisiyası, estetika demək olar…

Həmin statuslarda Nardaranda baş verənlər təhlil olunub. Buna görə ekspertizadan bir rəy alıb, adamı tutub həbsxanaya salıblar. Ekspert rəyi də həbsdən dörd ay sonra ortaya çıxır. Fuad Qəhrəmanlının statuslarını “like” eləmiş, şərh yazmış adamları “bandotdel”ə çağırıb hədələyiblər. Adamları necə vəziyyətə qoyublarsa, hamısı deyir ki, “oradan çıxan kimi, ümumiyyətlə, “facebook” səhifəmizi bağladıq”.

Kitabça absurdu

Cinayət işində “Taleh Bağırzadənin müraciəti” adlı, kustar üsulla hazırlanmış, beş səhifəlik kitabçadan söhbət gedir. Guya təqsirləndirilən şəxslərin hamısının bir cibindən qumbara, tapança, o birisindən də bu kitabça tapılıb. Kitabçada “Nardaranda baş verən hadisələr”, “Elçin Qasımova, Elman Ağayevə edilən zülmlər” kimi cümlələr bar. Belə çıxır ki, taleh Bağırzadə bu kitabçanı “bandotdel”in zirzəmisində hazırlayıb. Yoxsa, əvvəlcədən o, Nardaranda baş verəcək qanlı əməliyyatı necə bilə bilərdi? “Elman Ağayevə edilən zülmlər” yazılıb. İlahiyyatçı Elman Ağayev Taleh bağırzadənin həbsindən xeyli sonra – dekabrın əvvəlində tutulub. Elçin Qasımova ittiham verilib ki, cibindən bu kitabça tapılıb. Kitabçada da “Elçin Qasımova edilən zülmlər” ifadəsi var. Bu dərəcədə absurd olar?

Məhkəmədə 62 şahid dindirildi, hamısı istintaqdakı ifadəsindən imtina elədi. Bildirdilər ki, işgəncə, hədə-qorxu altında yalan ifadələri imzalamağa məcbur olublar”.

Yalçın İmanov çıxışının sonunda hakimlərə müraciət edib: “Bu cinayət işi sadəcə, dəhşətdir, hüququn əlifbasına ziddir. Bu adamların heç birinin günahı yoxdur. Hüquq ədalətin incəsənətidir. Ədaləti bərpa edə bilən adamlar olmalıdır. Əgər bu məhkəmə ədaləti bərpa edə bilərsə, qarşısında boynumuz qıldan incədir. Amma çox təəssüf…”

Məhkəmədə qalmaqal: “Əllərində olsa, Allaha deyərlər, sən düş, İlham Əliyev qalxsın ora…”

Daha sonra təqsirləndirilən şəxslərdən Rasim Cəbrayılov çıxış edərək, onlara verilən ittihamların saxta olmasından, “bandotdel”də məruz qaldıqları işgəncələrdən danışıb: “Bu gün Azərbaycanda adamlar, məhkəmələr polisdən, məmurdan qorxurlar, amma Allahdan qorxmurlar. “Bandotdel”də bizə verilən işgəncələrin əziyyətini bu gün də çəkirik. Bizə iki ay ərzində gecə-gündüz işgəncə verilib. Sanki fironların yaşadığı dövrdəyik. İmkanları olsa, Allaha deyərlər düş aşağı, İlham Əliyev çıxsın ora..

Bizə çox zülmlər olub. Bizim ümidimiz Allahadır, siz hakimlərdən heç nə gözləmirəm. Amma vaxt gələr, verdiyiniz bu ədalətsiz qərarlar özünüzün, balalarınızın qarşısına çıxar…”

Bu yerdə məhkəmə tərkibinə daxil olan hakimlərdən Əflatun Qasımov kobud şəkildə müdaxilə edərək, Rasim Cəbrayılovun çıxışını dayandırıb. Onun işin mahiyyətindən danışmadığını bildirib.

Hakimin danışıq tonu, işlətdiyi ifadələr bütün təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Onlar Əflatun Qasımovun işlərinə baxan tərkibdən uzaqlaşdırılmasını tələb ediblər. Sədrlik edən Əmir Bayramovdan da tələb ediblər ki, etirazlarını yazılı şəkildə hazırlaya bilmələri üçün onlara vaxt verilsin.

Yaranmış qalmaqal üzündən məhkəmə yarımçıq qalıb. Proses iyulun 20-də davam edəcək.

azadlıq.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button