ArxivXəbər lentiXəbərlər

İranın media fəaliyyətinə məsul qurumlarının təmsilçiləri Gəncəyə səfər ediblər

Azərbaycan Mətbuat Şurasının dəvəti ilə ölkəmizdə olan İran İslam Respublikasının media fəaliyyətinə məsul qurumlarının nümayəndələrindən ibarət heyət Gəncə şəhərinə səfər edib.

Qonaqlar əvvəlcə Nizami məqbərəsini ziyarət edərək, kompleksdə yaradılmış şəraitlə tanış olublar.

Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, Gəncənin görməli yerlərinə baş çəkən qonaqlara Azərbaycanın ikinci ən böyük şəhərindəki tarixi abidələr barədə geniş məlumat verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Həsən Məmmədov bildirib ki, son illər ölkədə aparılan geniş quruculuq və abadlıq işləri şəhərin simasını tamamilə dəyişib. Bu günün Gəncəsi mühüm tədbirlərə ev sahibliyi edən, müasir görkəmli dinamik şəhərdir. Burada medianın işinə də ciddi önəm verilir, şəhərdə çoxlu sayda qəzet, jurnal, elektron informasiya resursu fəaliyyət göstərir.

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu İran nümayəndə heyətinin ölkəmizə səfər missiyası haqqında məlumat verib. O bildirib ki, səfər Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat və informasiya departamenti arasında ötən ilin noyabrında imzalanmış memorandum çərçivəsində gerçəkləşib. Qonaqların Bakıdakı səfər proqramının zənginliyindən söz açan U.Rəhimoğlu onların Gəncə ilə bağlı təəssüratlarının zəngin olacağına da əminliyini vurğulayıb.

İranlı qonaqlar “İmamzadə” dini kompleksini də ziyarət edərək, burada yaradılmış şəraitdən məmnun olduqlarını bildiriblər.

Qeyd edək ki, İranın media fəaliyyətinə məsul qurumlarının respublikamızda səfərdə olan nümayəndə heyətinin tərkibinə bu ölkənin mədəniyyət və islam irşadı nazirinin müavini Hüseyn Entezami, həmin nazirliyin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi, xarici KİV-lərlə iş üzrə baş direktor Məhəmməd Cəfər Safi, İranın Xəbər Onlayn Agentliyinin baş redaktoru Cavad Məhacer, İran İslam Respublikasının Naşravran təşkilatının idarə heyətinin üzvü Seyid Cəfər Haşemi və İranın Xarici İşlər Nazirliyinin Media və Ümumi Siyasət İdarəsinin rəis müavini Həmid Əhmədi daxildir.

Qonaqlar iyulun 10-dan ölkəmizdə səfərdədirlər. Səfər çərçivəsində “Trend” BİA, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “APA Holdinq” MMC və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində görüşlər keçiriblər. Həmçinin qonaqlarla Azərbaycanın aparıcı KİV-ləri və jurnalist təşkilatları rəhbərlərinin görüşü təşkil olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button